Azərbaycan Özbəkistan söz körpüsü, könül ortaqlığı

26.08.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin Özbəkistana geniş proqramlı dövlət səfəri kontekstində qardaş xalqlarımızın ədəbi əlaqələrindən bəhs etmək istəyimiz heç də təsadüfi deyil. Çünki bu əlaqələr çoxəsrlik tarixə söykənir. İnanırıq ki, bu səfər digər sahələrdə olduğu kimi, mədəniyyət və ədəbiyyatda da bizi daha çox yaxınlaşdırıcaq,qədim mənəvi ortaqlığa yeni nəfəs verəcək.

Ümummilli lider Heydər Əliyev daim qəlbində özbək xalqına böyük sevgilər bəsləyib. Ulu öndərin respublikaya rəhbərliyinin ilk dönəmində özbək həmkarı Şərəf Rəşidovla, müstəqillik illərində isə İslam Kərimovla dostluğu əsl qardaşlıq örnəyi olub. 1979-cu ildə Azərbaycanda Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günləri keçirilib. 1980-ci ilin iyununda Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri ilə bu ənənənin davamı gəlib.

İllərdir ki, Daşkənddə Türk dünyası mədəniyyətinin əvəzsiz himayədarı Heydər Əliyevin memorial kompleksi, digər abidələri daim ehtiramla yad edilir, önünə tər güllər düzülərək ruhuna dualar oxunur. Ötən ilin noyabrında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ulu öndərin xatirəsinə həsr edilmiş guşənin açılışı da həqiqi qardaşlığa dair tarixi bir hadisə idi. Ondan 1 ay əvvəl Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri də uğurla keçib.

Eyni bulaqdan qaynaqlanan ədəbiyyatların dostluğu xalqlar birliyində mənəvi körpü rolunu oynayır. Bir neçə gün əvvəl Azərbaycan və Özbəkistanın dövlət başçılarının görüşündə Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə film layihəsinin irəli sürülməsi 2 xalqın ortaq ədəbi-mədəni irsinin çağdaş əməkdaşlıq formatlarında sərgilənməsi məramına xidmət edir. Fərəh doğuran haldır ki, ədəbi əlaqələrimiz yalnız ayrı-ayrı əsərlərin qarşılıqlı tərcüməsi ilə məhdudlaşmır, elmi tədqiqatları, müştərək nəşrləri, dil araşdırmalarını və akademik mübadilələri də ehtiva edir.

Hələ 2022-ci ilin iyununda dövlət başçımız İlham Əliyevin Daşkəndə səfəri zamanı qardaş ölkənin Prezidenti Şavkat Mirziyoyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əlyazmalarından birini ona hədiyyə edib və bu kimi sənədləri xalqlarımızın birgə sərvəti kimi dəyərləndirib: “Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları bizdə qayğı ilə qorunub saxlanır. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyib. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı”.

Növbəti ildə qardaş ölkənin rəhbəri işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistanın Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına 960 yerlik tam orta məktəbin açılışında iştirak edib. Məktəbə Əmir Teymurun nəvəsi – 15-ci əsrin görkəmli hökmdarı, alim, maarifçi və şairi Mirzə Uluqbəyin adının verilməsini Şavkat Mirziyoyev yaxın dostluğa və zamanın sınağından çıxmış etibarlı tərəfdaşlığa dəyər kimi qiymətləndirib. Onu da əlavə edək ki, 3 gün əvvəl prezidentlərin iştirakı ilə Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin yeni binasının açılış mərasimi keçirilib. “Yeni Daşkənd” ərazisində isə 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi aparılır.

Ötən əsrdə Daşkənddə sürgün həyatı yaşamış soydaşımız Məqsud Şeyxzadə Mirzə Uluqbəyin həyatı və faciəvi taleyinə eyniadlı mənzum dram əsəri həsr edib. O, həmçinin Əlişir Nəvaiyə dair “Dahi şair” adlı monoqrafiyanın müəllifidir. Xatırladaq ki, bir vaxt M.Şeyxzadə Daşkənddə dəmiryol stansiyasının yaxınlığında azərbaycanlı uşaqlar üçün “Nərimanov” adlı məktəb açıbmış. Təxminən 100 il sonra Füzulidə Mirzə Uluqbəy adına məktəbin açılması, sözün müsbət mənasında, bir mədəni bumeranq hadisəsidir.

Məqsud Şeyxzadə Daşkənddəki ilk illərində Aybək və Qafur Qulam kimi özbək şairləri ilə yaxınlıq edərək, özbəkcəni mükəmməl öyrənib və bu dildə şeirlər yazmağa başlayıb. Sonra isə ömrünün sonuna qədər özbəkcə şeirlər, dastanlar, dram əsərləri, tərcümələr, eləcə də ədəbi-tənqidi məqalələr yazıb. Nəticədə, bir şairin mühacirət taleyi iki qardaş xalq arasında mədəni körpünün daha bir sütununa çevrilib. Onu da deyək ki, sürgün cəzası bitəndən sonra Məqsud Şeyxzadə Vətənə gəlsə də, tezliklə yenidən, bu dəfə könlünün istəyi ilə ömürlük Daşkənddə yaşamağa qərar verib və iki qardaş xalqın əziz övladı kimi tarixə düşüb.

Soydaşımız özbək ədəbiyyatı nümayəndələri Çolpan, Osman Nəsirlə dostluq edib, Xarəzmşahın oğlu Cəlaləddin Mənquberdinin tarixi mənbələrini araşdırıb. O hətta Aleksandr Puşkinin əsərlərinin özbəkcəyə çevrilməsində iştirak edib. Onun başına sovet hökuməti bəlalar açsa da, yaxın qələm dostlarının mənəvi dayağını daim hiss edib. Stalinin ölümündən sonra bəraət alan Məqsud Şeyxzadə daha böyük həvəslə Azərbaycan-özbək ədəbi əlaqələrini zənginləşdirib. 60-cı illərdə o, artıq təhsil işçisi, alim, şair və tərcüməçi kimi fəaliyyətinin zirvəsinə çatıb. “Mən Azərbaycanda doğuldum, Özbəkistanda şair oldum” etirafının da müəllifi Məqsud Şeyxzadədir. Görkəmli şair bu sözlərlə hər iki xalqı və ölkəni özü üçün doğma və əziz bildiyini ifadə edib.

Doğmalığımızın, ayrılmazlığımızın, qarşılıqlı cazibəmizin bir səbəbi də azərbaycanlıların və özbəklərin kök etibarı ilə məhz böyük Türk dünyasına mənsub olmasıdır. Müasir Azərbaycan və özbək dilləri müxtəlif qollara, əhəmiyyətli fonetik, qrammatik və leksik xüsusiyyətlərə sahib olsalar da, vahid türk dil ailəsinə aiddir. Güney Azərbaycanın Təbriz şəhərində “Ərk” qalasının, Özbəkistanın Buxara şəhərində isə daha qədim “Ark” qalasının olması da yaxın və ərkyana münasibətlərimizin təməl daşlarının möhkəmliyindən soraq verir. Elə sözügedən dövlət səfərinin 2-ci günü möhtərəm qonaqlar Buxarada “Ark” qalasını da ziyarət ediblər.

Bu il Prezident sərəncamı ilə 120 yaşı qeyd olunan ictimai xadim, Xalq şairi Səməd Vurğunla Özbəkistan arasında zamanında dostluq, güclü ədəbi və mədəni əlaqələr mövcud olub. Onun özbək xalqının görkəmli sənətkarları, xüsusilə Qafur Qulam və Məqsud Şeyxzadə ilə sıx yaradıcılıq və dostluq əlaqələri məlumdur. Qafur Qulam Səməd Vurğunu “başdan-başa istedad” və “yalnız şeir üçün doğulmuş” sənətkar kimi qiymətləndirib. Şairin məşhur əsərləri, o cümlədən “Azərbaycan” şeiri özbək dilinə dəfələrlə tərcümə edilib, “Seçilmiş əsərləri”, “Vaqif” dramı və “Komsomol poeması” Daşkənddə kütləvi tirajlarla çap olunub.

Bu ilin yazında Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Gülüstan Dövlət Universitetində humanitar layihə olaraq, Səməd Vurğunun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası yaradılıb. Mütəxəssislər “Səməd Vurğun və özbək ədəbiyyatı” mövzusu dərin dərya adlandırırlar. “Bu dəryadakı incilər Səmədin şeiriyyət dənizində olduğu kimi bərq vurur və iki xalqın əbədiyyət qardaşlarının, eyni babanın övladlarının sevgisi kimi nəsillərdən-nəsillərə nur daşıyıcısıdır”. Yeni auditoriyanın açılması isə tələbələrin Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti haqqında daha geniş məlumat əldə etməsinə, həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında elmi-humanitar əməkdaşlığın inkişafına töhfə verəcək.

Xalq şairi Sabir Rüstəmxanlı Daşkənddə özbək dilində nəşr olunan “Kitab dünyası” qəzetinə müsahibəsində deyib ki, Azərbaycanın klassik şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulini Özbəkistanda çox sevirlər. “Bu şairlərin əsərləri orada dəfələrlə nəşr olunmuşdur. Özbəkistanda bu şairlərin qəzəllərinə muğamlar oxunur, bu dahi şairləri həm də özlərininki hesab edirlər. Keçmiş SSRİ dövründə özbək şair və yazıçıları - Qafur Qulam, Mirtemir, Zülfiyyə, Abdulla Aripov, İbrahim Qafurov, Abdulla Qədiri və digərlərinin əsərləri Bakıda Azərbaycan dilində nəşr olunmuş və populyarlıq qazanmışdır. Özbək ədəbiyyatının klassikinə çevrilmiş soydaşımız Məqsud Şeyxzadə isə xalqlarımız arasında əsl körpüyə çevrilmişdir.

Qardaş ölkədə Səməd Vurğun, eləcə də Mirzə İbrahimov, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Qabil, Fikrət Qoca və digərlərinin əsərləri dəfələrlə nəşr olunmuşdur və müstəqillik illərində də bu iş davam etdirilir. 2010-ci ildə Usman Kuçkarın tərcüməsində mənim “Göy tanrı” romanım Daşkənddə özbək dilində çapdan çıxmışdır”.

Azərbaycanlı şair, publisist, ədəbiyyatşünas, Avrasiya Tərcüməçilər Birliyinin sədri, filologiya elmləri doktoru, “Şöhrət”ordenli mərhum Ramiz Əskər məşhur “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına layiq görülüb. O, Nəvainin “Xəmsə”sini, Sultan Hüseyn Bayqaranın “Divan”ını, “XX əsr özbək şeiri antologiyası”nı da Azərbaycan dilinə tərcümə edib.

Ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışarkən görkəmli özbək şairi və tərcüməçisi Osman Qoçqarın Azərbaycan ədəbiyyatından tərcümələri də qeyd olunmalıdır. Onun Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqa klassiklərimizdən tərcümələri özbək ədəbi mühitində böyük rəğbətlə qarşılanıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan -Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətovanın bildirdiyinə görə, ədəbi əlaqələrin elmi əsasda araşdırılması uzun illərdir ki, davam edir. Onun “Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri” monoqrafiyası, “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” kitabı, “Nəvainin hikmətləri” əsərini özbək dilindən tərcümə etməsi, eləcə də digər alimlərin araşdırmaları bu istiqamətdəki tədqiqatlarının əsas nümunələrindəndir.

Ədəbiyyat İnstitutunun baş elmi işçisi - filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli də Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm xidmətlər göstərib. O, BDU-da oxuyarkən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən tələbə mübadiləsi sayəsində Akif Azalpla birlikdə Daşkənd Dövlət Universitetinə göndərilib və 3 il həmin universitetin özbək filologiyası fakültəsində təhsil alıb.

Yaşar Qasımbəylinin Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Anar, Əkrəm Əylisli, Elçin və digərlərinin əsərlərinin özbəkcəyə çevrilməsində böyük zəhməti var. Özbəkşünas-alim 50 ildən artıqdır ki, bu sahədə çalışır, özbək dilində 20-dən çox kitabı nəşr olunub. Hazırda Azərbaycan və özbək dillərində yeni kitablar üzərində çalışır.

Qeyd edək ki, bir neçə gün əvvəl Buxara şəhərində Azərbaycan ilə Özbəkistan arasında elmi, mədəni və humanitar əlaqələrin inkişafına həsr olunmuş beynəlxalq elmi seminar keçirilib. İki ölkənin tanınmış alimlərinin iştirak etdikləri seminarda qardaş xalqların ortaq intellektual mirasına aid məruzələr dinlənilib. Mövcud elmi-mədəni əlaqələrin müasir mərhələdə daha da inkişaf etdirilməsi və ortaq intellektual irsin sistemli şəkildə araşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Daşkənddə və Bakıda dahi əcdadlarımız Nizami Gəncəvi ilə Əlişir Nəvainin abidələrinin olması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi xalqlarımız arasında möhkəm bağların olmasının parlaq nümunəsidir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana son dövlət səfəri iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi, intellektual dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin imzaladığı Əbədi Dostluq Müqaviləsi uzaq əsrlərə söykənən qardaşlıq və qarşılıqlı yaxınlığımız kimi qəbul edilən münasibətləri rəsmiləşdirib.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью