Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Ölkəmizin himnini səsləndirdim, bayrağını dalğalandırdım. Bu, mənim üçün çox qürurverici hissdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan millisinin üzvü Sabir Zeynalov deyib.
K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan 20 yaşlı idmançı bildirib ki, dünya çempionatına ciddi hazırlaşıb və çəkdiyi əziyyətin bəhrəsini qızıl medalla görüb.
Paralimpiyaçı turnirdə keçirdiyi döyüşlərdən danışaraq qeyd edib ki, xüsusilə Çin Taypeyi təmsilçisi ilə qarşılaşma onun üçün çətin olub. İdmançı son saniyələrdə fırlanaraq vurduğu zərbə ilə rəqibinə qalib gələrək finala yüksəlib.
Sabir Zeynalov finalda son Paralimpiya çempionu, İsrail təmsilçisi Asaf Yasurla qarşılaşmasının da gərgin keçdiyini vurğulayıb. O, geridə olduğu görüşdə hesabı dəyişərək rəqibinə qalib gəldiyini və dünya çempionu tituluna yiyələndiyini söyləyib.
İdmançı bildirib ki, cari ildə qatıldığı səkkiz beynəlxalq yarışda dörd qızıl, iki gümüş və bir bürünc medal qazanıb.
Gələcək hədəflərindən də danışan dünya çempionu Avropa çempionatında da qızıl medal qazanmaq və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istədiyini bildirib.
Müxbir-Mikayıl Məmmədov