Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan parlamentinin yaranmasının 107 ili tamam olur.
Modern.az-ın xatırlatdığına görə, məhz 1918-ci ilin 7 dekabr tarixində, saat 13:25-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qız məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirilib.
Bu hadisə Azərbaycan tarixində son dərəcə əlamətdar sayılır.
Beləliklə, yeni yaradılmış Cümhuriyyət öz mövcudluğunu və demokratik prinsiplərə sadiqliyini dünya ictimaiyyətinə göstərmişdi.
Parlamentin ölkəmizin dövlətçilik ənənələri, parlament idarəçiliyi və ictimai-siyasi fikir tarixində xüsusi yeri olduğu danılmazdır.
24 min nəfərə bir deputat seçilməsi prinsipi əsasında təşkil olunan Azərbaycan Cümhuriyyəti Parlamenti ümumilikdə 120 üzvdən ibarət idi.
Sayları az olmasına baxmayaraq, ölkədə yaşayan alman, gürcü, polyak və yəhudi icmalarına da ayrıca nümayəndə seçmək imkanı verilməsi onların parlamentdə təmsilçiliyini təmin edib.