“Azərbaycan pragmatik diplomatiya yürüdür” ŞƏRH OLUNDU

23.01.2026

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycan siyasətinin əsas prioritetlərini və regiondakı strateji baxışını açıq şəkildə göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, ilk olaraq diqqət çəkən məqam beynəlxalq hüquq və güc prinsiplərinin qarşılıqlı təsiridir:

”Prezident qeyd edir ki, beynəlxalq hüquq artıq bütün ölkələr üçün mütləq standart kimi görünmür və dünya münasibətləri yeni eraya qədəm qoyur. Bu yeni erada ölkələrin milli maraqlar əsasında qərarlar qəbul etməsi və güc balansına uyğun strategiya yürütməsi zəruridir. Bu, Azərbaycanın həm daxili, həm də xarici siyasətində pragmatik yanaşmanı əsas hədəf kimi müəyyən etdiyini göstərir. Yəni, suverenlik və ərazi bütövlüyünü qoruyarkən, beynəlxalq hüquqa riayət etməklə milli maraqların müdafiəsi ön planda tutulur.

Müsahibədə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin sülh və əməkdaşlıq müstəvisinə keçməsi xüsusi vurğulanır. Prezidentin də qeyd etdiyi kimi, “Zayed İnsan Qardaşlığı Mükafatı” bu səylərin beynəlxalq qiymətləndirilməsi baxımından xüsusi önəm daşıyır. Həqiqətən də ötən illər münaqişə və müharibə şəraitində yaşanan çətinliklərdən sonra sülhün əldə edilməsi region üçün, sözün əsl mənasında, böyük fürsətdir. Yeni reallıqlar çərçivəsində nəqliyyat və ticarət əlaqələrinin bərpası, xüsusilə yük daşımaları və neft məhsullarının təchizatı kimi praktiki addımların həyata keçirilməsi həm tərəflər üçün faydalıdır, həm də uzunmüddətli sabitlik üçün zəruridir.

Prezidentin müsahibədə toxunduğu digər vacib məsələ daxili sabitlik və xarici risklərlə bağlı olub. O, Azərbaycanın sərhədləri daxilində potensial risklərin mövcud olmadığını, hər hansı destabilizasiyanın kənardan qaynaqlandığını vurğulayıb. Burada əsas narahatlıq, şübhəsiz ki, regional sabitliyin qorunması və qonşu ölkələrdəki qeyri-sabitlikdən qaynaqlanan risklərin azaldılmasıdır.

Prezident Əliyev həmçinin Azərbaycanın regionun enerji təhlükəsizliyində roluna da xüsusi olaraq toxunub. Qeyd olunduğu kimi, Azərbaycan Cənubi Qafqazın enerji resurslarına malik yeganə ölkəsidir və Gürcüstan və Ermənistan da daxil olmaqla bir sıra ölkələr enerji ehtiyaclarını məhz Azərbaycandan təmin edir. Təbii qazın 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə ixrac edilməsi, həmçinin Suriyaya ixracın başlanması Azərbaycanın qlobal enerji bazarında strateji mövqeyini daha da gücləndirir.

Sonda Prezident Avropa Parlamentinin Azərbaycanın müstəqil siyasətinə qarşı qərəzli mövqeyini tənqid edərək, Avropa Komissiyası ilə əməkdaşlığın davam etdiyini vurğulayıb. Bu yanaşma Azərbaycanın beynəlxalq siyasətdə balanslı və pragmatik diplomatiya strategiyasını əks etdirir. Prezident bu bəyanatla tərəfdaşlıq, əməkdaşlıq və milli maraqların qorunmasının ölkəmiz üçün prioritet olduğunu bir daha önə çəkmiş olur.

Müsahibə Azərbaycanın maraq yönümlü, rasional və strateji diplomatiya modelini aydın şəkildə nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью