Azərbaycan qarşıdakı dövrdə Avropa ilə Asiya arasında iqtisadi tarazlığın formalaşmasında daha mühüm rol oynaya bilər

22.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Son dövrlərdə Qara dəniz regionu qlobal geosiyasi və iqtisadi proseslərin kəsişmə nöqtəsinə çevrilərək yenidən öz strateji əhəmiyyətini qazanıb. Bölgədə təhlükəsizlik risklərinin artması, beynəlxalq ticarətdə qeyri-müəyyənlik və böyük iqtisadi güclər arasındakı rəqabət Qara dənizin Avropa-Asiya iqtisadi əlaqələrindəki rolunu aktuallaşdırır. Qara dəniz artıq təkcə regional nəqliyyat hövzəsi deyil, eyni zamanda qlobal ticarət zəncirlərinin dayanıqlığını müəyyən edən strateji məkandır”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, qlobal ticarət sistemində parçalanma meylləri sürətlənir.

Əli Səlimov

“ABŞ-nin son illərdə Çin məhsullarına tətbiq etdiyi tarif siyasəti və proteksionist məhdudiyyətlər qlobal iqtisadi balanslara ciddi təsir göstərir. Bu siyasət yalnız Çin mallarının qiymətini artırmır, eyni zamanda, beynəlxalq logistika zəncirində ciddi qeyri-müəyyənlik yaradır və Çini Avropa bazarına çıxış üçün alternativ marşrutlar axtarmağa məcbur edir. Nəticədə, Çin şirkətləri riskləri diversifikasiya etmək üçün dəniz yollarına alternativ olaraq quru və multimodal dəhlizlərə yönəlir.

ABŞ-nin tarif siyasətinin nəticəsi olaraq Çin üçün Avropa bazarına çıxış daha həssas olur. Artan ticarət maneələri və tarif xərcləri şirkətlərin logistika və nəqliyyat strategiyalarına birbaşa təsir edir, marşrutların təhlükəsizliyi və dayanıqlılığı prioritetə çevrilir. Qara dəniz üzərindən daşımalar isə təhlükəsizlik risklərinin artması və əlavə xərclər səbəbindən daha baha və qeyri-sabit olur”-deyən iqtsadçı bildirib ki, belə bir şəraitdə Qara dəniz ətrafında alternativ və paralel marşrutların əhəmiyyəti yüksəlir.

“Avropa İttifaqı və digər beynəlxalq aktorlar regionun nəqliyyat və logistika baxımından qorunmasına diqqəti artırıblar. Məqsəd Avropa ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında ticarət əlaqələrinin fasiləsizliyini təmin etmək və qlobal ticarətdə yaranan riskləri minimuma endirməkdir. Bu yanaşma Qara dənizin geoiqtisadi çəkisinin azalmadığını, əksinə, yeni funksiyalar qazandığını göstərir. Cənubi Qafqaz regionu bu proseslər fonunda daha önəmli mövqeyə qalxır. Qara dənizdə risklərin artması Çin və digər iri ticarət aktorlarını quru və multimodal nəqliyyat dəhlizlərinə yönəldir. Azərbaycan isə coğrafi mövqeyi və son illərdə inkişaf etdirdiyi nəqliyyat infrastrukturu ilə bu yeni geoiqtisadi reallıqda əsas tranzit ölkələrdən biridir. Orta Dəhliz çərçivəsində yük axınlarına marağın artması Azərbaycanın regional və qlobal ticarət sistemindəki rolunu gücləndirir”-deyə iqtisadçı qeyd edib.

Əli Səlimovun fikrincə, Qara dəniz regionunda baş verən proseslər göstərir ki, müasir qlobal ticarət artıq yalnız iqtisadi səmərəlilik prinsipləri ilə formalaşmır: “Təhlükəsizlik, geopolitik risklər və böyük güclərin strateji rəqabəti iqtisadi qərarların ayrılmaz hissəsinə çevrilib. Bu, xüsusilə logistika və tranzit ölkələri üçün yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Marşrutların qısalığı və qiymət üstünlüyü ilə yanaşı, onların etibarlılığı və siyasi risklərə davamlılığı əsas meyar kimi önə çıxır. Bu reallıq region ölkələrini daha çevik və uzunmüddətli geoiqtisadi strategiyalar hazırlamağa məcbur edir. Tranzit potensialından effektiv istifadə yalnız infrastrukturun mövcudluğu ilə məhdudlaşmır. Gömrük prosedurlarının sadələşdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və institusional sabitlik də həlledici rol oynayır. Azərbaycan bu istiqamətdə atdığı addımlarla regional tranzit rəqabətində mövqeyini möhkəmləndirir.

Məsələyə ümumi baxdıqda isə onu demək olar ki, Qara dənizdə baş verən proseslər qlobal iqtisadi sistemin daha parçalanmış və risklərə həssas bir mərhələyə daxil olduğunu göstərir. ABŞ-ın tarif siyasəti, Çinin alternativ marşrutlara artan marağı və regionda təhlükəsizlik faktorlarının güclənməsi Qara dənizi və ona bitişik əraziləri qlobal geoiqtisadi proseslərin əsas həlqələrindən birinə çevirir. Bu kontekstdə Cənubi Qafqaz və Azərbaycan qarşıdakı dövrdə Avropa ilə Asiya arasında iqtisadi tarazlığın formalaşmasında daha mühüm rol oynaya bilər”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью