Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan-Qazaxıstan əlaqələri qarşılıqlı hörmət, dostluq və qardaşlıq prinsiplərinə əsaslanaraq zəngin tarixi ənənə və möhkəm təməllər üzərində irəliləməkdədir.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni bağlar, oxşar ənənələr və mənəvi dəyərlər, ortaq türk kimliyi münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayır.
Əsrlərə söykənən qardaşlıq dövlət başçılarının səyləri nəticəsində son illərdə yüksək dərəcədə möhkəmlənərək Azərbaycan və Qazaxıstan arasında olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə qaldırıb.
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində vurğuladığı kimi, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir və ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan konstruktiv dialoqdur.
Dövlətimizin başçısının xatırlatdığını kimi, ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası ‒ təqribən 170 sənəd işlənib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.
Ələlxüsus da 2025-ci ildə 20 illiyi qeyd olunan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub.
Son illər Prezident İlham Əliyevin Qazaxıstana müntəzəm xarakter alan səfərləri, eləcə də qardaş ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri dövlətlərarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.