Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı etdiyi çıxışında ətraf mühitin qorunması, dayanıqlı inkişaf və müasir şəhərsalma məsələlərinə xüsusi diqqət ayırdı. Prezident çıxışında vurğuladı ki, müasir dövrdə şəhərlərin inkişafı yalnız yeni binaların və geniş yolların salınması ilə məhdudlaşmamalıdır. Şəhərsalma prosesi insanların rahat yaşayışını təmin etməklə yanaşı, təbiətin qorunmasına, ekoloji tarazlığın saxlanmasına və gələcək nəsillər üçün sağlam mühitin yaradılmasına xidmət etməlidir. Dövlət başçısı qeyd etdi ki, şəhərlərin plansız şəkildə böyüməsi ekoloji problemlərin artmasına, hava çirkliliyinə, yaşıl sahələrin azalmasına və iqlim dəyişikliklərinin təsirlərinin daha da güclənməsinə səbəb olur. Buna görə də müasir şəhərsalma siyasəti insan, təbiət və texnologiya arasında harmoniyanın qurulmasına əsaslanmalıdır.
Prezident İlham Əliyev öz çıxışında Bakının qədim tarixi simasını qoruyub saxlamaqla yanaşı, müasir və ekoloji cəhətdən təmiz bir meqapolisə çevrilməsi prosesini xüsusi vurğuladı. O bildirdi ki, son illərdə paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma layihələri şəhərin həm estetik görünüşünü yaxşılaşdırmış, həm də ekoloji vəziyyətin sağlamlaşdırılmasına mühüm töhfə vermişdir. Bakıda yeni parkların salınması, bulvar ərazilərinin genişləndirilməsi, yaşıllıq zonalarının artırılması və ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqi şəhərin daha yaşanaqlı məkana çevrilməsinə xidmət edir. Prezident qeyd etdi ki, şəhərlərin inkişafı zamanı tarixi irsin qorunması olduqca vacibdir. Azərbaycanın qədim şəhərsalma ənənələrinin köklərinin çox dərindən gəldiyini vurğulayan dövlət başçısı Şəki, Qəbələ və Lahıc kimi qədim yaşayış məskənlərini nümunə göstərdi. O xatırlatdı ki, əsrlər öncə bu bölgələrdə qurulmuş yaşayış sistemləri dövrünün ən müasir və dayanıqlı modellərindən hesab olunurdu. Xüsusilə Lahıcın qədim kanalizasiya sistemi insanların ekoloji düşüncəyə və sanitariya qaydalarına qədim dövrlərdən önəm verdiyini göstərən mühüm nümunə kimi təqdim edildi.
Prezident çıxışında vurğuladı ki, Azərbaycan bu zəngin tarixi irsi müasir texnologiyalarla birləşdirərək yeni inkişaf modeli formalaşdırır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri bunun bariz nümunəsidir. Həmin layihələr çərçivəsində alternativ enerji mənbələrindən istifadə, tullantıların düzgün idarə olunması, su ehtiyatlarının qorunması və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi əsas prioritetlərdəndir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan olunması Azərbaycanın ekoloji siyasətinin nə qədər ciddi və məqsədyönlü olduğunu göstərir. Günəş və külək enerjisindən istifadənin genişləndirilməsi həm təbiətin qorunmasına, həm də enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.
Müasir dünyada şəhərsalma artıq yalnız binaların tikilməsi demək deyil; bu, həm də insan kapitalının qorunması, sosial rifahın yüksəldilməsi və ətraf mühitlə harmoniyanın yaradılmasıdır. Bu baxımdan Bakıda keçirilən WUF13 forumu “Dünyanı sığınacaqla təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” devizi altında çox mühüm qlobal problemləri gündəmə gətirdi. Forum çərçivəsində iqlim dəyişiklikləri, urbanizasiya, mənzil problemi, yoxsulluğun azaldılması və şəhərlərin dayanıqlılığının artırılması kimi məsələlər geniş müzakirə edildi. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr şəhərlərin gələcəyi ilə bağlı təcrübələrini bölüşdülər və ekoloji problemlərin həlli üçün birgə əməkdaşlığın vacibliyini vurğuladılar.
WUF13-də səslənən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan qlobal iqlim hədəflərinə sadiq ölkələrdən biridir. Şəhərlərin sürətli inkişafı nəqliyyat sıxlığı, hava çirkliliyi, tullantıların idarə olunması və su ehtiyatlarının azalması kimi yeni çağırışlar yaradır. Bu problemlərin həlli üçün ekoloji layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı ağacəkmə kampaniyaları, alternativ enerji layihələri və ekoloji maarifləndirmə tədbirləri insanların ətraf mühitə münasibətinin dəyişməsinə müsbət təsir göstərir. Xüsusilə gənc nəslin ekoloji düşüncə ruhunda tərbiyə olunması gələcəyin sağlam cəmiyyətinin formalaşması baxımından vacibdir.
Prezident çıxışında nəqliyyat sektorunun ətraf mühitə təsirindən də danışdı. O qeyd etdi ki, şəhərlərdə avtomobillərin sayının artması karbon qazı emissiyasının yüksəlməsinə səbəb olur. Buna görə də ictimai nəqliyyatın inkişaf etdirilməsi, elektrik avtobuslarının istifadəsinin artırılması və rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi əsas prioritetlərdən biridir. Bakıda metro infrastrukturunun genişləndirilməsi, velosiped zolaqlarının salınması və piyadalar üçün təhlükəsiz mühitin yaradılması da dayanıqlı şəhərsalma siyasətinin mühüm hissəsi hesab olunur.
Forum zamanı iqlim dəyişikliklərinin dünya üçün yaratdığı təhlükələrə də xüsusi diqqət yetirildi. Qlobal istiləşmə nəticəsində su qıtlığı, təbii fəlakətlərin artması və biomüxtəlifliyin azalması bəşəriyyət qarşısında duran əsas problemlərdən biridir. Prezident İlham Əliyev vurğuladı ki, bu problemlərin həlli yalnız bir ölkənin səyi ilə mümkün deyil. Dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təşkilatların fəal fəaliyyəti və birgə ekoloji layihələrin həyata keçirilməsi olduqca vacibdir. Azərbaycan beynəlxalq tədbirlərdə daim ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf mövzularına xüsusi diqqət ayırır və qlobal təşəbbüsləri dəstəkləyir.
Prezident İlham Əliyevin Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı çıxışı Azərbaycanın beynəlxalq arenada yalnız enerji resursları ilə deyil, həm də yaşıl gündəliyi, innovativ şəhərsalma yanaşmaları və ətraf mühitə verdiyi dəyərlə seçilən ölkələrdən birinə çevrildiyini göstərdi. Bakıdan dünyaya verilən əsas mesaj ondan ibarət idi ki, gələcəyin şəhərləri yalnız müasir və təhlükəsiz deyil, həm də ekoloji baxımdan dayanıqlı və təbiətlə dost olmalıdır. İnsanların sağlam, təhlükəsiz və rahat yaşayışı üçün şəhərlərin inkişafı ekoloji məsuliyyət prinsipləri əsasında qurulmalı, təbiətin qorunması isə bütün dövlətlərin əsas prioritetinə çevrilməlidir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı