Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Respublikamızın alternativ enerji potensialı 292 QVt-a çatır
Azərbaycanın enerji sektorunda son illər baş verən dəyişikliklər təkcə yeni elektrik stansiyalarının tikintisi ilə məhdudlaşmır. Bu, eyni zamanda, ölkənin enerji sisteminin strukturunda, investisiya modelində, beynəlxalq tərəfdaşlıq coğrafiyasında və gələcəkdə elektrik enerjisinin ixrac imkanlarında yeni mərhələnin formalaşmasından xəbər verir. Çünki dünənədək əsasən neft və qaz ixracatçısı kimi tanınan Azərbaycan hazırda bərpaolunan enerji istehsalçısı və perspektivdə “yaşıl” enerji ixracatçısı kimi də öz mövqelərini getdikcə möhkəmləndirir.
Bakının Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının sentyabrın 16-da istifadəyə verilməsi də məhz bu prosesin daha bir mühüm mərhələsinə çevrilib. Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən reallaşdırılan layihə respublikamızda bərpaolunan enerji üzrə ilk hərracın nəticəsində həyata vəsiqə alıb. 2024-cü ildə keçirilən hərracda şirkət qalib elan olunub və beləliklə, Azərbaycanda “yaşıl” enerjinin istehsalında rəqabətli bazar mexanizminin tətbiqi baxımından yeni səhifə açılıb.
Energetika Nazirliyinin məlumatına görə, stansiyada ildə, təxminən, 260 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunması, bununla da il ərzində 57 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan karbon emissiyalarının 124 min ton azaldılması gözlənilir. Beləliklə, adıçəkilən günəş elektrik stansiyasının timsalında Azərbaycanın yeni enerji siyasətində 3 əsas istiqamətin reallaşdırılması – əlavə elektrik istehsalının gerçəkləşdirilməsi, təbii qazın daha səmərəli istifadə edilməsi və karbon emissiyalarının azaldılması qarşıya mühüm vəzifələr kimi qoyulur.
“Qaradağ”dan “Qobustan”a
Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanın enerji siyasətində xüsusi yer tutur. Bu sahənin hüquqi bazasının formalaşdırılması artıq bir neçə ildir ki, davam edir. 2021-ci ildə imzalanan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun hazırda “yaşıl” enerjinin təşviqi üçün hüquqi, iqtisadi və təşkilati mexanizmləri müəyyənləşdirir. Bunun ardınca isə hərrac mexanizmlərinin tətbiqinə başlanılması xüsusi diqqət çəkir.
Azərbaycanın üstünlüyü isə, ilk növbədə, təbii potensialı ilə bağlıdır. Rəsmi hesablamalara görə, ölkənin quruda bərpa olunan enerji üzrə texniki potensialı 135 QVt, dənizdə isə 157 QVt təşkil edir. Beləliklə, ümumi texniki potensial 292 QVt-a çatır. İqtisadi potensial isə 27 QVt səviyyəsindədir. Bunun 23 QVt-ı Günəş, 3 QVt-ı külək, 380 MVt-ı bioenerji, 520 MVt-ı isə dağ çaylarının payına düşür.
Bu rəqəmlərin müqayisəsi göstərir ki, bu gün ölkəmizin qarşısında duran əsas məsələ potensialın mövcudluğundan daha çox onun iqtisadi cəhətdən səmərəli şəkildə reallaşdırılmasıdır. Başqa sözlə, Günəşin, küləyin və suyun yaratdığı imkanları real elektrik enerjisinə çevirmək, həmin enerjini şəbəkəyə inteqrasiya etmək və lazım gəldikdə isə ixrac bazarlarına çıxarmaq əsas hədəf kimi diqqət çəkir.
Hazırda Azərbaycanın enerji sistemində bərpaolunan mənbələrin payı artıq əhəmiyyətli səviyyəyə yüksəlib. Energetika Nazirliyinin cari ilin iyul ayında açıqladığı məlumata görə, ölkədə fəaliyyət göstərən 2070 MVt-lıq “yaşıl” enerji stansiyalarının ümumi enerji gücündə payı, təxminən, 20,8 faiz olub. Eyni zamanda, dövlət qarşısında daha böyük hədəf qoyulub: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin ümumi generasiya gücündə payının ən azı 30 faizə çatdırılması nəzərdə tutulub.
“Yaşıl” strategiyanın uğur formulu
Azərbaycanın “yaşıl” enerji tarixində 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının xüsusi yeri var. BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılan bu stansiya 2023-cü ildən səmərəli fəaliyyət göstərir. Xarici investisiya hesabına reallaşdırılan irimiqyaslı adıçəkilən Günəş enerjisi layihəsi respublikamızın yeni enerji strategiyasının praktiki uğurlu nəticəsini nümayiş etdirir.
Layihəyə 262 milyon ABŞ dolları həcmində xarici investisiya yatırılıb. Stansiyanın ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik olması, 110 milyon kubmetr təbii qaza qənaət etməsi və karbon emissiyalarını 200 min ton azaltması nəzərdə tutulub. Ekspertlərin fikrincə, “Qaradağ” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə həm də daha böyük layihələrin başlanılmasına əlverişli zəmin yaradılıb.
Bunun bariz nümunəsi olaraq xatırladaq ki, 2024-cü ildə “Masdar”la ümumi gücü 1000 MVt olan 3 iri layihə üzrə müqavilələr imzalanması – Biləsuvarda 445 MVt-lıq, Neftçalada 315 MVt-lıq Günəş və Abşeron-Qaradağ ərazisində 240 MVt-lıq külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Beləliklə, bir neçə il ərzində 230 MVt-lıq bir layihədən ümumi gücü 1000 MVt olan yeni layihələr portfelinə keçid edilib. Bu, Azərbaycanın “yaşıl” enerji bazarının miqyasının getdikcə dəyişdiyini ifadə edən mühüm göstərici kimi dəyərləndirilib.
Üstəlik, həmin layihələrin maliyyələşdirilməsi də beynəlxalq xarakter daşıyır. Belə ki, Biləsuvar və Neftçala Günəş elektrik stansiyalarının ümumi layihə dəyəri 670 milyon ABŞ dolları həcmində qiymətləndirilərək, maliyyələşmədə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı iştirak edir. İki stansiyanın birlikdə ildə 1,7 milyard kilovat-saatdan çox “yaşıl” elektrik enerjisi istehsal etməsi, 380 milyon kubmetr təbii qaza qənaət olunması və 830 min ton karbon emissiyasının qarşısının alınmasının proqnozlaşdırılması isə xüsusi diqqət çəkir. Bu göstəricilər “yaşıl” enerjinin artıq ayrı-ayrı stansiyalar səviyyəsindən çıxaraq bütöv enerji layihələri portfelinə çevrildiyini göstərir.
“Yaşıl” enerji layihələrinin reallaşdırılmasında diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətinə əsasən, investor maliyyə təminatını gerçəkləşdirməklə yanaşı, həm də layihələrin hazırlanması, tikintisi, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulması kimi məsələlərdə də iştirak edir. Bu yanaşma isə iri enerji layihələrində risklərin bölüşdürülməsinə və dövlət büdcəsinə düşən yükün optimallaşdırılmasına əlverişli imkan yaradır.
Azərbaycanın “yaşıl” enerji siyasətində digər mühüm tərəfdaş olan “ACWA Power” şirkətinin inşa etdiyi 240 MVt-lıq “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimi isə bu il yanvarın 8-də keçirilib. Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpaolunan enerji sektorunda aparıcı şirkətlərindən olan “ACWA Power” 2004-cü ildə yaradılıb. Şirkətin səmərəli fəaliyyəti dünyanın bir sıra ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi yüksək dəyərləndirilib.
Sözügedən stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla, ümumilikdə, 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan, ümumilikdə, 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına, təxminən, 340 milyon dollar xarici investisiya yönəldilib.
“ACWA Power”in fəaliyyətindən danışarkən, bir məqama da toxunmaq istərdik. Şirkət respublikamızda külək enerjisi layihələrinə daha çox üstünlük verir. Bu da təsadüfi deyil. Çünki ölkəmiz bu sahədə zəngin potensiala malikdir. Beynəlxalq hesabatlarda da Azərbaycan mövcud sahə üzrə potensialına görə dünyada Avstraliyadan sonra 2-ci yerdə qərarlaşır. Respublikamızdan sonra isə bu siyahıda Şri-Lanka və Türkiyə yer alır. Mütəxəssislər bildirirlər ki, alternativ enerji mənbələrindən biri hesab olunan bu enerjinin müəyyən hissəsi istehsal prosesində faydalılığı ilə diqqətçəkən elektrik enerjisinə çevrilir.
Qiymətləndirmələr göstərir ki, küləyin sürəti saniyədə 3-4 metr olduğu halda, elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti isə saniyədə 11 metrdir. Bundan başqa, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarında da küləkdən elektrik enerjisi alınması potensialı böyükdür. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik sürəti saniyədə 7-8 metr təşkil edir. Bu baxımdan ölkəmizin külək enerjisindən geniş istifadə imkanları daha çox diqqət çəkir. Azərbaycan bu sahədə bir sıra tanınmış xarici müəssisələrlə tərəfdaşlıq edir. Bunlardan biri də Səudiyyə Ərəbistanı Krallığının sözügedən “ACWA Power” şirkətidir.
Qarabağın təmiz quruculuq modeli
Azərbaycanın bərpaolunan enerji siyasətində işğalçıdan təmizlənən ərazilər xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi isə bu coğrafiyanın yenidən qurulması prosesinə enerji komponentinin daxil edilməsini reallaşdırır. Cəbrayıl rayonunda həyata keçirilən 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası bu baxımdan mühüm önəm daşıyır. Layihə bp, SOCAR Green və Azərbaycan Biznesinin İnkişafı Fondu arasında əməkdaşlıq əsasında reallaşır.
“Şəfəq” layihəsinin maraqlı cəhəti onun “virtual elektrik ötürülməsi” mexanizmi ilə bağlıdır. Başqa sözlə, Cəbrayılda istehsal olunan elektrik enerjisinin şəbəkəyə veriləcəyi, bunun ekvivalentində elektrik enerjisinin Bakıda yerləşən Səngəçal terminalına çatdırılacağı planlaşdırılır. Nəticədə terminalın gələcək əməliyyatlarından yaranan emissiyaların, təxminən, 50 faiz azaldılması nəzərdə tutulur.
“Şəfəq” layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin yerləşdirilməsi üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların, təxminən, 30 faizi artıq quraşdırılıb.
Layihə üzrə aparılan tikinti işlərində yerli ehtiyatlardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir. Bundan başqa işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı qarşıda mühüm vəzifə kimi durur. Hazırda layihəyə, təxminə, 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir.
Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa edilən sözügedən 240 MVt-lıq stansiyanın ildə, təxminən, 500 QVt/saat bərpaolunan enerji istehsal edəcəyi gözlənilir.
Azərbaycanın neft-qaz infrastrukturunun mühüm obyektlərindən biri olan Səngəçal terminalının elektrik təminatında bərpaolunan enerjidən istifadə edilməsi enerji keçidinin təkcə yeni stansiyalar tikməklə deyil, mövcud sənaye infrastrukturunun da tədricən dekarbonlaşdırılması yolu ilə aparıldığını göstərir. Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsi də bunun bariz ifadəsidir.
Xatırladaq ki, 2025-ci ilin aprelində Azərbaycan Hökuməti ilə “Enerso Jabrayil” MMC arasında 50 MVt gücündə “Üfüq” GES layihəsi üzrə investisiya müqaviləsi də imzalanıb. Həmin ilin oktyabrında isə Cəbrayıl rayonunun Şahvəlli kəndində stansiyanın təməli qoyulub. Burada illik 110 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılıb. Stansiyada hər il 22 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 48 min ton azalacağı nəzərdə tutulub. Rayonda “Şəms” GES layihəsinin icrasına isə 2025-ci ilin oktyabrında başlanılıb. Stansiyada illik 102 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılıb.
Naxçıvan Muxtar Respublikasında da son illər bərpaolunan enerji mənbələrinin geniş tətbiqi diqqət mərkəzində saxlanılıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Yaşıl enerji zonası”nın yaradılması üzrə konsepsiya və Tədbirlər Planı hazırlanıb. Bu ilin fevralında isə Azərbaycan Hökuməti və “AzərEnerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında 25 meqavat gücündə “Şəms 1” GES layihəsi üzrə investisiya müqaviləsi imzalanıb.
Bu layihənin reallaşması nəticəsində illik 57 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. Cari ilin fevralında muxtar respublikada 25 meqavatlıq “Qərbi Üfüq” GES-in də təməli qoyulub. Bu stansiyada illik 61 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulub və perspektivdə infrastrukturun fəaliyyəti ilə 12 milyon kubmetr qaza qənaət edilməsinə, 26 min ton karbon emissiyasının azaldılmasına imkan yaradılacağı proqnozlaşdırılıb.
Göründüyü kimi, respublikada elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetləri kimi diqqətdə saxlanılır. Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla Günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni istehsal gücünün əlavə olunacağı, bunun nəticəsində isə təbii qaza daxili tələbatın azalaraq daha çox “mavi yanacaq” ixracına imkan yaradılacağı gözlənilir.
Vaqif BAYRAMOV
XQ