Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan radiosu bir əsrdir ki, ölkəmizin ictimai, mədəni və mənəvi həyatının mühüm bir parçası kimi öz səsini efirdə yaşadır. Bu yüzillik yol yalnız radio yayımının və texnologiyanın inkişaf tarixindən ibarət deyil, həm də xalqımızın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, musiqisinin və həyatının səsli salnaməsidir.

Radio yarandığı gündən etibarən insanları bir-birinə yaxınlaşdıran, cəmiyyəti məlumatlandıran və milli-mənəvi dəyərləri geniş auditoriyaya çatdıran mühüm vasitələrdən birinə çevrilib. Azərbaycan radiosu da uzun illər ərzində bu missiyanı layiqincə yerinə yetirib. Onun efirində ölkənin ictimai-siyasi həyatı, mədəniyyət və incəsənət hadisələri, ədəbiyyat nümunələri, musiqi və xalq yaradıcılığı öz əksini tapıb.

İllər ərzində radionun efirində milli ədəbiyyatımızın görkəmli nümayəndələrinin əsərləri səsləndirilib, şeir və nəsr nümunələri dinləyicilərə çatdırılıb, milli musiqimiz, muğam sənətimiz və xalq yaradıcılığımız geniş təbliğ olunub. Beləliklə, radio mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb.

Radio həm də böyük bir peşəkarlıq məktəbidir. Efirdə səslənən hər sözün arxasında redaktorun, jurnalistin, diktorun, rejissorun, operatorun və bir çox digər radio əməkdaşının zəhməti dayanır. Hazırlanan hər veriliş, seçilən hər mövzu, yazılan hər mətn böyük yaradıcılıq və məsuliyyət tələb edir.

Mənim də həyatımın 28 ili Azərbaycan radiosu ilə bağlıdır. Uzun illər bu yaradıcılıq ocağında məsul redaktor kimi çalışmaq mənim üçün təkcə peşə fəaliyyəti deyil, həm də böyük bir həyat məktəbi olub. Radio mənə jurnalistikanın, redaktorluğun və sözə məsuliyyətin incəliklərini öyrətdiyi kimi, müxtəlif insanların həyatına, düşüncəsinə və yaradıcılığına yaxından bələd olmaq imkanı da verib.

Azərbaycan radiosunda keçirdiyim 28 il ərzində radio mənim üçün, sadəcə, iş yeri olmayıb, həyatımın bir hissəsinə, xatirələrimin ayrılmaz parçasına çevrilib. Burada tanıdığım insanlar, birlikdə hazırladığımız verilişlər, efirə gedən materiallar, redaksiya mühiti və yaradıcılıq axtarışları bu gün də yaddaşımda xüsusi yer tutur.

Radio həm də zamanın şahididir. Ölkədə baş verən mühüm ictimai-siyasi hadisələr, mədəni tədbirlər və insanların həyatında iz buraxan hadisələr müxtəlif illərdə radio efirində öz əksini tapıb. Buna görə radio arxivləri yalnız jurnalist materiallarından ibarət deyil. Orada bütöv bir dövrün səsi, nəfəsi və yaddaşı qorunur.

28 illik radio fəaliyyətim də bu böyük salnamənin kiçik bir səhifəsidir. Bu gün geriyə baxanda həmin illəri xoş xatirələrlə xatırlayıram.

İllər keçdikcə radio da dəyişib. Yayım texnologiyaları yenilənib, proqramların mövzuları və təqdimat formaları zənginləşib, dinləyici auditoriyasının imkanları genişlənib. Bu gün radio ənənəvi efirlə yanaşı, rəqəmsal platformalar vasitəsilə də insanlara çatır. Lakin texnologiya nə qədər dəyişsə də, radionun əsas mahiyyəti – insanla səs vasitəsilə ünsiyyət qurmaq öz əhəmiyyətini qoruyur.

Elmira MEHDİYEVA,
Əməkdar mədəniyyət işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью