Azərbaycan Respublikasının Qanunu

28.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364, (Cild I); 2024, № 1, maddə 18, № 7, maddə 769; 2025, № 7, maddə 626; 2026, № 1, maddə 17, № 5 (I kitab), maddə 391, № 7 (I kitab), maddə 613, № 8, maddələr 769, 774) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci maddənin birinci hissəsinin otuz dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“elektron xidmət – dövlət xidmətlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) xidmət istifadəçilərinə göstərilmə forması;”;

1.2. 14-1-ci maddə üzrə:

1.2.1. 14-1.1-ci maddədə “Azərbaycan Respublikasının Qanununa və dövlət xidmətlərinin həyata keçirilməsi sahəsində” sözləri “, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu sahədə” sözləri ilə əvəz edilsin;

1.2.2. 14-1.2-ci maddənin ikinci cümləsində “olunduqdan sonra həmin sistem vasitəsilə” sözləri “edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi üzərindən və ya rəsmi internet informasiya ehtiyatında (yaxud sahəvi portallarda) həmin sistemə keçid verilməklə” sözləri ilə əvəz edilsin.

Maddə 2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 12.5.1-ci maddəyə “elektron poçt” sözlərindən sonra “, yaxud Elektron Hökumət İnformasiya Sistemindəki (bundan sonra – EHİS) elektron kabinet üzərindən” sözləri əlavə edilsin;

2.2. 13.1.2-ci maddədə “yaxud elektron poçtla” sözləri “elektron poçtla, yaxud EHİS-dəki elektron kabinet üzərindən” sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 14.1.3-1-ci, 15.1.1-1-ci və 16.1.2-1-ci maddələr əlavə edilsin:

“14.1.3-1. sənədin EHİS-dəki elektron kabinet üzərindən təqdim edilməsi;”;

“15.1.1-1. sorğu EHİS-dəki elektron kabinet üzərindən təqdim edildiyi və ya sorğunun EHİS-dəki elektron kabinet üzərindən cavablandırılması istənildiyi halda sorğuçu fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN);”;

“16.1.2-1. EHİS-dəki elektron kabinet üzərindən;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2026-cı il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью