Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Maral Rəhmanzadə – 110
Azərbaycan təsviri sənətindən söz açarkən istedadlı fırça ustası, məhsuldar yaradıcılığı ilə diqqəti cəlb edən Xalq rəssamı Maral Rəhmanzadə barədə danışmamaq qeyri-mümkündür. Şərq aləmində qadın sənətkarlara çox az rast gəlmək olar. Lakin Azərbaycanda yaradıcılığı yüksək dəyər qazanmış Məhsəti Gəncəvi, Sara Xatun, Heyran xanım, Xurşidbanu Natəvan kimi qadın sənətkarlar az olmayıb. Bu sıraya XX əsrdə yaşamış Qeysər Kaşıyeva, Maral Rəhmanzadə, Vəcihə Səmədova, Xalidə Səfərova, Zivər Məmmədova, Münəvvər Rzayeva, Həyat Abdullayeva, Elmira Hüseynova və başqa qadın rəssam və heykəltəraşları da daxil etmək olar.
Maral Yusif qızı Rəhmanzadə Mərdəkan qəsəbəsində sənətkar ailəsində dünyaya göz açıb. Onun atası zərgər idi. Demək olar ki, M.Rəhmanzadənin sənətə marağı erkən yaşlarından atasının yanında çalışdığı, ona kömək etdiyi vaxtlardan yaranmışdı. Rəssamın özü bunu belə xatırlayırdı: “Altı-yeddi yaşım var idi, atam Mərdəkandakı evimizdə öz iş otağında zinət əşyalarına müxtəlif naxış vurarkən məni də öz yanında əyləşdirərdi. Mənə kağız-qələm verib, qızıl və ya başqa metal üzərində balıq, gül-çiçək, gün, ay-ulduz rəsmlərini çəkdirərdi.”
Maral Rəhmanzadə 1930-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunmuş və burada böyük həvəslə sənətin incəliklərinə yiyələnmişdir. 1933-cü ildə ali təhsilini başa vuraraq elə həmin il V.İ.Surikov adına Mosva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, burada V.Serov, L.A.Bruni, V.A.Favorski və digər tanınmış rəssamlardan sənətinin sirlərini öyrənmişdir. Maral Rəhmanzadə Moskvda əfsanəvi fırça ustası Səttar Bəhlulzadə ilə birgə təhsil almışdır. Gənc rəssam tələbəlik illərindən sərgilərdə iştirak etmiş, əsərləri yerli və dünyanın müxtəlif şəhərlərində təşkil edilən beynəlxalq sərgilərdə nümayiş olunmuşdur.
Maral Rəhmanzadə sənət aləminə qrafika sahəsində yaratdığı əsərlərlə gəlmişdir. Lakin təkcə qrafika ustası deyil, həm də istedadlı rəngkar kimi də şöhrət qazanmışdır.
Rəssamın ilk əhatəli qrafika işi “Köhnə və yeni Azərbaycan” silsiləsidir. Burada rəssam köhnəliklə yenilik arasındakı “qarşıdurma”nı təsviri sənətin dili ilə ifadə etmişdir. Maral xanım gərgin yaradıcılıq axtarışları və davamlı müşahidələri nəticəsində topladığı materiallar əsasında bu gün də öz aktuallığını itirməyən son dərəcə bədii əhəmiyyətli əsərlər ərsəyə gətirmişdir. Onun yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi məzmun-forma dolğunluğu, ahəngdarlığı, kompozisiya bitkinliyi, lakonikliyi, obrazların bədii ifadəliliyi, milli-etnoqrafik xüsusiyyətlərin mahiranə təcəssümü, kolorit zənginliyi və digər cəhətləri qeyd etmək olar.
“Köhnə və yeni Azərbaycan” “Qadınlar müharibə illərində”, “Azərbaycan neftinin tarixi” və s. silsilələrdə rəssam həyat həqiqətlərinin yaddaqalan epizodlarını zərif sənətkar təxəyyülündən keçirməklə bədii lövhələr yaratmışdır.
Rəssam bu işlərində qədim şərq mədəniyyətinin zəngin rəngarəngliyi ilə süslənmiş bənzərsiz memarlıq incilərini, xalqımızın milli adət-ənənələrini, müharibənin dəhşətli reallıqlarını, Azərbaycan qadınının mənəvi-əxlaqi incəliklərini təsviri sənətin imkanları və bənzərsiz çalarları ilə təcəssüm etdirmişdir. Onun “Bizim Xəzərdə”, “Sosialist Bakısı”, “Sumqayıt - Rustavi”, “Çexoslovakiyada”, “Mənim vətənim”, “Azərbaycan qadınları”, “Mənim bacım”, “Bizim sərhəddə”, “Qadın ili” və s. linoqravür seriyaları təsviri sənət tariximizə daxil olmuşdur.
“Bizim Xəzərdə” seriyalı avtolitoqrafiyasından olan rəngli işləri 1958-ci ildə Brüsseldə, sonralar Praqa, Pekin, London və digər nüfuzlu şəhərlərdə nümayiş olunmuşdur. Bu seriya rəssamın gərgin fiziki və zehni zəhməti hesabına ərsəyə gəlmişdir. Sahildən uzaqlarda, Xəzərin coşqun ənginliklərində çalışan neftçilərin gündəlik iş şəraiti ilə tanış olmaq, onları yaxından müşahidə etmək yaradıcı rəssam üçün nə qədər vacib idisə, dənizin coşqun dalğalarını, şahanə mənzərəsini, ləpələrin şairanə ritmini, qağayıların romantik uçuşunu, dəniz sərhədlərinin mavi səma ilə qovuşduğu mənzərəni izləmək və müşahidə etmək də rəssam üçün bir o qədər vacib idi.
Bu seriyaları yaratmaqla Maral Rəhmanzadə özünü Azərbaycan qrafika sənətinin ən öncül cərgələrində dayandığını sübut etmişdir. Təsadüfi deyil ki, ölkəmizdə ilk Xalq rəssamı fəxri adına layiq görülmüş sənətkar Maral Rəhmanzadə olmuşdu. O, respublikamızın müxtəlif dilbər guşələrində, səfalı yerlərində tez-tez ezamiyyətlərdə olur, təbiətin ecazkar gözəlliklərini yorulmadan vəsf edirdi. Onun məşhur dağ kəndi Xınalığa həsr etdiyi işlərini, ümumilikdə, bu seriyanı rəssamın yaradıcılığının incisi hesab etmək olar. Xınalıq kəndinin özünəməxsus fakturasını, təbii xüsusiyyətlərini, adət-ənənələrini, etnoqrafiyasını məharətlə və xüsusi zövqlə təsvir etmişdir.
Rəssamın “Xonça aparırlar” əsərində dağların zirvəsində salınmış Xınalıq kəndinin tikililəri fonunda bir dəstə milli geyimli qız-gəlinləri xonçalarla təsvir olunmuşdur. Əsərin bədii ifadə və emosional təsir yükünü obrazların lirik axıcı siluetləri daha da artırır. Bu xüsusiyyətləri “Dağların başında”, “Dağ kəndi Xınalıq. Atlılar” və s. əsərlərə də şamil etmək olar.
Maral Rəhmanzadənin Naxçıvana, Lənkərana, Qubaya səfərləri zamanı yaratdığı əsərlər də diqqəti cəlb edir. Rəssamın “Naxçıvan gözəlləri” əsərinin kompozisiyanı üç xanım fiquru təşkil edir. Onların biri kəlağayıda, digər ikisi isə zəngin ornamentli çadrada təsvir edilmişdir. Ümumiyyətlə, rəssamın obrazlar qalereyasında qadınlar üstünlük təşkil edir.
Maral Rəhmanzadə “Bizim sərhəddə” seriyası ilə nisgilli Araz çayının sahilindən qərib-qərib baxan dağların, bir milləti ikiyə bölən Xan Arazın “qan” axan sularının bədii ifadə gücü ilə öz yurddaşlarının ağrılarına şərikliyini bölüşmüşdür:
Arazı ayırdılar!
Qan ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar...
El-obamızın dilindən səslənən bayatıdakı həsrət dolu mənalı ifadənin tam təəssüratı rəssamın “Bizim sərhəddə” seriyasına daxil olan əsərlərindən sezilir. Rəssamın “Qadınlar” linoqravüründə bir neçə qadın fiquru əks olunmuşdur. Kompozisiyada obrazların geyimlərindəki ornamentlərin ritmik təkrarından ustalıqla istifadə edilmişdir. Rəssam yenə də qəhrəmanların daxili mənəvi aləmini siluetlərin lirik ifadə həlli ilə yekunlaşdırmışdır.
Maral Rəhmanzadə yaradıcılığında iki istiqaməti paralel aparmışdır. O, bir tərəfdən müasir sənət priyomlarından, digər tərəfdən milli sənət ənənələrinin spesifik xüsusiyyətlərindən məharətlə istifadə etmiş, nəticədə bu iki istiqaməti bədii təxəyyülü ilə ümumiləşdirərək öz üslubunu yaratmağa nail olmuşdur.
Rəssam bir neçə ədəbi nümunələrə də misilsiz bədii tərtibat vermiş, illüstrasiyalar çəkmişdir. Buna misal olaraq C.Cabbarlının əsərlərinə, “Azərbaycan nağılları” kitabına, M.S.Ordubadinin “Qılınc və qələm” romanına, M.Füzulinin qəzəllərinə, Heyran xanımın poeziyasına, N.Gəncəvinin “Leyli və Məcnun” poemasına, Ş.İ.Xətainin “Dəhnamə”sinə və digər ədəbi nümunələrə aid qrafik əsərləri qeyd etmək olar.
Maral Rəhmanzadə “Avtoportret”, “Neft daşları”, “Bayıl”, “Quba rayonu”, “Xınalıq küçələri”, “Lənkəranda payız”, “Göy-göl”, “Naxçıvan sililəsindən”, “Dağlar”, “Əlincə qalası”, “Naxçıvan motivi”, “Naxçıvan mənzərəsi” və s. maraqlı rəngkarlıq əsərləri də yaratmışdır.
Hələ orta əsrlərdən Naxçıvan diyarı səyyahların diqqətini çəkmişdi. Naxçıvanın iqlimi, təbii özünəməxsusluqları, vüqarlı dağları, milli adət-ənənələri və s. cəhətləri bir çox rəssamlarımızın əsərlərinin sevimli mövzusuna çevrilmişdir. B.Kəngərli, S.Bəhlulzadə, T.Salahov, T.Nərimanbəyov, K.Xanlarov, M.Rəhmanzadə və başqa rəssamlarımızın yaratdıqları bədii dəyərli əsərləri buna misal göstərmək olar. Maral Rəhmanzadə tarixi Əlincə qalasının yerləşdiyi dağın əzəmətli təsvirini və günəşin şüalarına bələnmiş koloritini mahiranə rəssam qəlbi ilə bədiiləşdirmişdir.
Rəssamın yaradıcılığı yüksək qiymətləndirilmiş, 1964-cü ildə Xalq rəssamı, 1965-ci ildə Dövlət mükafatı laureatı, 1998-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Xalq rəssamı M.Rəhmanzadə kimi sənətkarların yaradıcılığı xalqımızın tükənməyən mənəvi sərvətidir.
Əsəd QULİYEV,
sənətşünas,
Azərbaycan Rəssamlar İttifaqının üzvü