Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

21.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında VI turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Argentina ilə qarşılaşıb. Komandamız rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Aydın Süleymanlı qələbə qazanıb, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı isə heç-heçə ediblər.

Qadınlardan ibarət yığma isə Qazaxıstana 1,5:2,5 hesabı ilə uduzub. Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva heç-heçə edib, Günay Məmmədzadə məğlub olub.

Bundan əvvəl kişi millisi Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) üstələyib, Çexiya (2:2) və Rumıniya (2:2) ilə heç-heçə edib. Qadın komandası isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiyaya (3:1) qalib gəlib.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью