Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tacikistanın paytaxtı Düşənbədə bu gündən şahmat üzrə II Beynəlxalq Prezident kuboku start götürüb.
İdman.Biz xəbər verir ki, noyabrın 9-dan 17-dək davam edəcək yarışda 15 ölkədən şahmatçıların iştirakı gözlənilir. Turnirin ümumi mükafat fondu 60 min ABŞ dollarıdır (təxminən 102 min manat).
Azərbaycanı yarışda qrossmeyster Vüqar Rəsulov təmsil edəcək. İştirakçılar arasında Hindistan qrossmeysterləri Aditya Mittal və ötənilki turnirin qalibi Pranav Anand, eləcə də rusiyalı şahmatçı Savva Vetoxin də var.
Tacikistanı isə ölkənin aparıcı şahmatçıları - Mehriddin Şərifov, Məhəmməd Hüseynxocayev, Mustafahoca Hüseynxocayev, Cəlaləddin İlhomi və 2026-cı ilin ölkə çempionu Amin Kabilov təmsil edəcəklər.
Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq və iştirakçılar reytinqlərinə uyğun olaraq iki qrupa bölünəcəklər. A qrupunda reytinqi 2200 və daha yüksək, B qrupunda isə 2199 və daha aşağı olan şahmatçılar mübarizə aparacaqlar.
Turnirin təşkilatçıları Tacikistan Şahmat Federasiyası və ölkə hökuməti yanında Gənclər və İdman Komitəsidir. Yarış Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil edilib.
Qeyd edək ki, turnirin təntənəli açılış mərasimi noyabrın 10-da saat 14:00-da baş tutacaq.