Azərbaycan səbrlə davranır, Tehran “şübhə” ilə baxmaqda davam edir

01.07.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqı müharibənin nə olduğunu yaxşı bilir. Bu səbəbdən dünyanın heç bir yerində, xüsusilə də yaxın bölgələrdə və qonşu dövlətlərdə müharibənin baş verməsini arzulamır. Lakin bəzi qaçılmaz həqiqətlər var ki, onların qarşısını almaq mümkün olmur. Azərbaycan isə müharibə və münaqişələrə hər zaman mənfi münasibətini açıq şəkildə nümayiş etdirir.

Qonşu İran ərazisində baş verən və 12 gün davam edən hava zərbələri ilə müşayiət olunan İsrail–İran müharibəsi Azərbaycanı ciddi şəkildə narahat edib. Xüsusilə də həmin bölgələrdə yaşayan soydaşlarımızın yaşadığı ərazilərə raket zərbələrinin endirilməsi bu narahatlığı daha da artırıb. Azərbaycan bu narahatlığını həm dövlət, həm də xalq səviyyəsində müxtəlif formalarda ifadə edib. Lakin yaxın qonşumuzun siyasi dairələri bu səmimi narahatlığı dəyərləndirməkdə çətinlik çəkməyə davam edir və verdikləri bəyanatlarda Azərbaycanla bağlı qeyri-müəyyən, ikibaşlı mövqe sərgiləyirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin iyunun 30-da keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər də bu yanaşmanın bariz nümunəsidir.

Elxan Şahinoğlu

Məsələyə siyasi şərhçi Elxan Şahinoğlu da münasibət bildirib. O qeyd edir: "İsmayıl Bəqai iyunun brifinqdə jurnalistin ona ünvanladığı "İsrail dron atmaq üçün Azərbaycan torpağından istifadə edibmi?" təxribatçı sualına cavab olaraq deyib ki, istisnasız olaraq bütün qonşu ölkələr Tehranı əmin ediblər ki, "sionist rejimin" İrana qarşı hücumları üçün öz məkan və ərazilərindən sui-istifadə etməsinə imkan verməyəcəklər. İranlı diplomatın “mən burada qətiyyətlə bildirirəm ki, qaldırdığımız bütün məsələlər müvafiq dövlətlər tərəfindən açıq və qəti şəkildə rədd edilib” cümləsində “qaldırdığımız bütün məsələlər” ifadəsi diqqəti cəlb edir. “Qaldırdıqları bütün məsələlər” sanki o deməkdir ki, Tehranın Azərbaycanla bağlı “şübhələri” gündəmdədir. Görünür, Azərbaycan rəsmilərinin, diplomatlarının və ekspertlərinin üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməcəyinə dair qətiyyətli açıqlamaları Tehran üçün kifayət deyil. İsmayıl Bəqainin “İran Silahlı Qüvvələri, təhlükəsizlik və hərbi qurumlar hər bir hadisəni mütləq diqqətlə izləyəcək və məlumatlar paylaşacaq” cümləsi də buna işarədir. Maraqlıdır ki, Tehran və Kreml Azərbaycana qarşı təxribatçı siyasətlərinə sinxron şəkildə başlayıblar. Bəlkə bununla bağlı ikili arasında razılaşma var?", - deyə Şahinoğlu qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью