Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Yanvarın 22-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın İraqdakı səfiri Eldar Səlimovu qəbul edib.
Azərbaycanın İraqdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfir etimadnaməsini təqdim edərək, Prezident İlham Əliyevin salamlarını İraq Prezidentinə çatdırıb.
Əbdüllətif Camal Rəşid də salamlarının və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatdırılmasını xahiş edib.
O, Azərbaycan ilə tarixən formalaşmış güclü münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayıb.
İraq Prezidenti indiyədək Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafından danışıb, 2025-ci ildən etibarən Bağdad-Bakı istiqamətində AZAL və İraq hava yolları şirkətlərinin həyata keçirdiyi reyslərin əhəmiyyətini diqqətə çatdırıb və ölkələrimizin digər şəhərləri arasında da birbaşa hava əlaqəsinin yaradılmasının vacib olduğunu bildirib.
Səfir E.Səlimov iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, son illər ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, 2023-cü il noyabrın 20-21-də İraq Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə həyata keçirilən rəsmi səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edib.
Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.