Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"Dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan–Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələrin intensivləşməsi Bakının xarici siyasətində Balkanlar və Avropa istiqamətinin getdikcə daha sistemli və strateji xarakter aldığını göstərir. Bu proses təsadüfi deyil və bir neçə mühüm geosiyasi, iqtisadi və diplomatik amilin məntiqi nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan son illər xarici siyasətini yalnız ikitərəfli münasibətlər üzərində deyil, eyni zamanda çoxtərəfli platformalar və regional sinerji üzərində qurmağa çalışır: "Serbiya bu baxımdan Balkanlar regionunda həm tarixi-siyasi çəkisi, həm də Avropa ilə Şərq arasında körpü rolu ilə Azərbaycan üçün mühüm tərəfdaşdır. Rəsmi Bakı Belqradla münasibətləri dərinləşdirməklə Balkanlar vasitəsilə Avropa siyasi məkanında öz diplomatik manevr imkanlarını genişləndirir. İkinci mühüm məqam beynəlxalq təşkilatlar kontekstində qarşılıqlı dəstək məsələsidir. Azərbaycan üçün ərazi bütövlüyü, suverenlik və daxili işlərə qarışmama prinsipləri xarici siyasətin əsas sütunlarıdır. Serbiyanın da oxşar həssaslıqlara malik olması tərəflər arasında siyasi mövqelərin uzlaşdırılmasını asanlaşdırır. Bu isə BMT, ATƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstəyin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə real zəmin yaradır. Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları da bu əməkdaşlığın əsas strateji ölçülərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilib və Cənub Qaz Dəhlizi kimi layihələr bu rolu institusional səviyyəyə daşıyıb. Serbiya ilə çoxtərəfli formatlarda aparılan dialoq Azərbaycanın enerji ixrac marşrutlarının diversifikasiyası, logistika imkanlarının genişləndirilməsi və regional enerji əməkdaşlığının dərinləşdirilməsi baxımından əlavə üstünlüklər yaradır. Bundan əlavə, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf gündəliyi də Azərbaycan–Serbiya münasibətlərində yeni əməkdaşlıq sahələri açır. Azərbaycan özünü qlobal iqlim diplomatiyasında məsuliyyətli tərəfdaş kimi təqdim etməyə çalışır və bu kontekstdə Avropa ölkələri ilə ortaq təşəbbüslər Bakının beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan–Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələrin intensivləşməsi təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda Azərbaycanın Avropa və Balkanlar istiqamətində balanslaşdırılmış, praqmatik və çoxvektorlu xarici siyasət xəttinin gücləndirilməsi anlamına gəlir. Bu əməkdaşlıq Bakıya beynəlxalq təşkilatlar çərçivəsində daha geniş diplomatik dəstək bazası formalaşdırmaq, regional proseslərdə təsir imkanlarını artırmaq və qlobal çağırışlara daha çevik reaksiya vermək imkanı yaradır".