Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Müasir dünyada dövlətlərin iqtisadi gücü təkcə malik olduqları təbii sərvətlər, istehsal imkanları və maliyyə resursları ilə ölçülmür.
Ölkələrin beynəlxalq ticarət yollarında tutduğu mövqe, regional iqtisadi əlaqələrin inkişafına verdiyi töhfə, qlobal təchizat zəncirlərinə inteqrasiya səviyyəsi və tərəfdaş dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətləri də strateji üstünlüklərin mühüm göstəriciləri kimi nəzərdən keçirilir. Qlobal iqtisadiyyatın yeni reallıqları ilə nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti artmaqla yanaşı, onların ətrafında formalaşan siyasi, iqtisadi və diplomatik əməkdaşlıq mexanizmləri də getdikcə güclənir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində keçirilən tədbirlər, eləcə də Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm önəm daşıyır. Çünki Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının səmərəliliyi təkcə dəmir yollarının, limanların və avtomobil magistrallarının texniki imkanlarından asılı deyil. Bu marşrutların davamlı fəaliyyəti siyasi sabitlik, qarşılıqlı etimad, dövlətlərarası koordinasiya və ortaq iqtisadi maraqların uzlaşdırılmasını tələb edir.
Azərbaycanın AQEM çərçivəsində həyata keçirdiyi fəaliyyət məhz bu yanaşmanın əhəmiyyətini ön plana çıxarır. Təşkilatın imkanlarının gücləndirilməsi, üzv dövlətlər arasında dialoqun genişləndirilməsi və praktiki əməkdaşlığın təşviqi təkcə siyasi münasibətlər baxımından deyil, həm də Asiya məkanında iqtisadi əlaqələrin inkişafı üçün mühüm önəm daşıyır.
Prezident İlham Əliyevin 2026-cı il sentyabrın 30-da AQEM Media Forumunun iştirakçılarına ünvanladığı müraciətdə təşkilatın əhəmiyyəti diqqətə çatdırılaraq qeyd olunub ki, bu qurum Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən, sülhə, təhlükəsizliyə, sabitliyə və dayanıqlı inkişafa töhfə verən mühüm dialoq platformasıdır. Bu yanaşma təşkilatın potensialının yalnız siyasi münasibətlərlə məhdudlaşmadığını, müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu göstərir.
Beləliklə, AQEM-in yaratdığı dialoq mühiti ilə Orta Dəhlizin iqtisadi və nəqliyyat imkanları arasında mühüm məntiqi əlaqə mövcuddur. Bu əlaqə əməkdaşlıq üçün əlverişli zəmin yaradır, daha sonra isə ortaq infrastruktur layihələrinin, ticarət əlaqələrinin və regional iqtisadi inteqrasiyanın inkişafını sürətləndirir.
Orta Dəhliz – dünya daşımalarının baş yolu
Orta Dəhliz Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən çoxnövlü nəqliyyat sistemidir. Marşrut dəmir və avtomobil yollarının, eləcə də dəniz nəqliyyatının əlaqələndirilməsi əsasında fəaliyyət göstərir. Onun əsas üstünlüyü Avrasiya məkanında alternativ daşımalar üçün imkan yaratması, müxtəlif bazarları vahid logistika zəncirində birləşdirməsi və beynəlxalq ticarətin coğrafiyasını genişləndirməsidir.
Orta Dəhlizə marağın artması dünya iqtisadiyyatında baş verən əsaslı dəyişikliklərlə sıx bağlıdır. Son illər geosiyasi gərginliklər, ənənəvi ticarət yollarında yaranan risklər, təchizat zəncirlərinin yenidən qurulması və şirkətlərin logistika təhlükəsizliyinə daha çox diqqət ayırması beynəlxalq yükdaşımaların təşkilinə yeni yanaşmalar formalaşdırıb.
Əvvəllər yükün ən aşağı xərclə daşınması əsas meyarlardan biri hesab olunurdusa, hazırda alternativ marşrutların mövcudluğu, sərhəd prosedurlarının sadəliyi və nəqliyyat zəncirinin fasiləsizliyi də xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, beynəlxalq ticarətdə rəqabətin artıq təkcə məsafə və tariflər üzərində deyil, həm də etibarlılıq və risklərin idarə olunması əsasında qurulması xüsusi diqqət çəkir. Bu şəraitdə Orta Dəhliz Avropa ilə Asiya arasında əlaqələrin şaxələndirilməsinə xidmət edən mühüm istiqamətlərdən biri kimi ön plana çıxır.
Azərbaycanın coğrafi mövqeyi bu marşrutun inkişafında ölkəmizə xüsusi üstünlük verir. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Mərkəzi Asiyadan gələn yüklərin Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmasında mühüm tranzit rolu oynayır. Eyni zamanda, ölkənin inkişaf etmiş enerji infrastrukturu, dəmir və avtomobil yolları Orta Dəhlizin müxtəlif komponentlərinin əlaqələndirilməsinə əlverişli imkan yaradır.
Lakin coğrafi üstünlük öz-özlüyündə iqtisadi nəticə demək deyil. Bu üstünlüyün uzunmüddətli rəqabət qabiliyyətinə çevrilməsi üçün infrastrukturun davamlı yenilənməsi, logistika xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərhəd keçidlərinin sürətləndirilməsi və marşrut boyunca fəaliyyət göstərən dövlətlər arasında vahid yanaşmanın formalaşdırılması vacibdir. Azərbaycanın son illərdə nəqliyyat sahəsinə yönəltdiyi investisiyalar da məhz bu məqsədə xidmət edir.
Ölkəmizin tranzit potensialı yüksəlir
Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsini göstərən əsas göstəricilərdən biri tranzit yükdaşımalarının dinamikasıdır. Respublikamızın rəqəmsal inkişaf və nəqliyyat sahəsindəki rəsmi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkə ərazisindən 9,1 milyon tondan çox tranzit yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artım deməkdir. Şərq – Qərb nəqliyyat dəhlizi üzrə tranzit daşımaları 16,5 faiz, Şimal – Cənub dəhlizi üzrə isə 14,3 faiz yüksəlib. Bu rəqəmlər Azərbaycanın tranzit imkanlarının genişləndiyini və ölkənin beynəlxalq nəqliyyat marşrutları sistemində mövqeyinin gücləndiyindən xəbər verir.
Göstəricilərin iqtisadi təhlili bir neçə mühüm məqamı da üzə çıxarır. Birincisi, Şərq – Qərb dəhlizi üzrə 16,5 faizlik artım Orta Dəhlizin inkişafı üçün əlverişli şəraitin mövcudluğunu diqqətə çatdıran mühüm amillərdən biridir. Bununla belə, həmin göstərici təkcə Orta Dəhliz üzrə daşımaları əks etdirmir, çünki Şərq – Qərb istiqamətində müxtəlif nəqliyyat marşrutları da fəaliyyət göstərir. Buna görə də artım, bütövlükdə, Orta Dəhlizin yük dövriyyəsinin eyni həcmdə çoxalması anlamına gəlmir.
İkincisi, Şimal – Cənub dəhlizi üzrə daşımaların da artması Azərbaycanın tranzit strategiyasının çoxistiqamətli xarakterini göstərir. Ölkəmiz yalnız bir marşrutun inkişafına deyil, müxtəlif regional bazarları birləşdirən nəqliyyat şəbəkəsinin genişləndirilməsinə çalışır. Bu isə nəqliyyat infrastrukturundan daha səmərəli istifadəyə müsbət təsir göstərir və logistika xidmətlərinin coğrafiyasının genişlənməsi üçün əlavə imkanlar yaradır.
Nəhayət, tranzit həcminin artması infrastrukturun ötürücülük qabiliyyətinin genişləndirilməsini, xidmətlərin rəqəmsallaşdırılmasını və sərhəd-keçid proseslərinin təkmilləşdirilməsini zəruri edir. Əgər daşınan yükün həcmi artır, lakin limanlarda, terminallarda və sərhəd məntəqələrində gözləmə müddəti uzanırsa, bu zaman artan tələb avtomatik olaraq daha yüksək iqtisadi səmərəyə çevrilmir. Məhz buna görə də Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri tranzit artımını davamlı rəqabət üstünlüyünə çevirməkdir.
Orta Dəhlizin Azərbaycan ərazisində səmərəli fəaliyyət göstərməsi bir-birilə əlaqəli nəqliyyat infrastrukturunun mövcudluğuna əsaslanır. Bu sistemdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı – Tbilisi – Qars dəmir yolu, dəmir yolu şəbəkəsi, avtomobil magistralları və Xəzər dənizində yükdaşımaları həyata keçirən donanma xüsusi əhəmiyyət daşıyır.
Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Mərkəzi Asiyadan daxil olan yüklərin Azərbaycanın nəqliyyat şəbəkəsinə ötürülməsi, eləcə də ölkəmizdən qərb istiqamətində daşınması baxımından mühüm logistika mərkəzidir. Rəsmi məlumatlara görə, liman 2025-ci ildə 8,2 milyon tondan çox yük və 107 min TEU konteyner emal edib. Yeri gəlmişkən, TEU standart 20 futluq konteynerə uyğun ölçü vahididir və konteyner daşımalarının həcmini müqayisə etmək üçün istifadə olunur.
Xatırladılan göstəricilər limanın artan beynəlxalq ticarət tələbatında əhəmiyyətli rol oynadığını göstərir. Lakin bu infrastrukturun fəaliyyəti təkcə yüklərin qəbul edilməsi və yola salınması ilə məhdudlaşmır. Liman, eyni zamanda, dəmir yolu, avtomobil nəqliyyatı, anbar təsərrüfatı və gömrük xidmətlərinin birləşdirildiyi logistika zəncirinin əsas həlqələrindən biridir. 2026-cı ilin yanvar-iyul aylarında limanda konteyner emalının ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 72 min 370 TEU-ya çatması, quru yük emalının isə 82 faiz çoxalaraq 1,4 milyon tona yüksəlməsi liman infrastrukturunun səmərəli fəaliyyətinin bariz ifadəsidir.
Konteyner daşımalarının artması xüsusi diqqət çəkir. Çünki konteynerləşdirilmiş yükdaşımalar istehsal zəncirlərinin müxtəlif mərhələlərində iştirak edən şirkətlər üçün daha çevik logistika imkanları yaradır. Elektronika, maşınqayırma komponentləri, sənaye avadanlıqları, tekstil və digər emal məhsullarının beynəlxalq bazarlara çıxarılmasında konteyner daşımalarının rolu böyükdür.
Digər mühüm infrastruktur elementi Bakı – Tbilisi – Qars dəmir yoludur. Bu xətt Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirərək Orta Dəhlizin Avropa istiqamətindəki hərəkət imkanlarını genişləndirir.
Dəmir yolu xəttinin modernləşdirilməsi və ötürücülük qabiliyyətinin artırılması tranzit yükdaşımalarının həcminin yüksəldilməsi baxımından zəruridir. Eyni zamanda, Xəzər dənizində bərə və yükdaşıyan gəmilərin imkanlarının daha da genişləndirilməsi marşrutun ümumi məhsuldarlığına birbaşa təsir edir.
Bu elementlərdən hər hansı birinin imkanları ümumi yük axınının tələbatından geri qalarsa, bütün marşrut üzrə gecikmələr yarana bilər. Buna görə də Orta Dəhlizin inkişafı ayrı-ayrı infrastruktur obyektlərinin genişləndirilməsi ilə yanaşı, onların vahid sistem kimi əlaqələndirilməsini tələb edir.
Etimad – iqtisadi əməkdaşlığın təməl şərti
Azərbaycanın Orta Dəhliz strategiyasının uzunmüddətli perspektivləri baxımından əsas məsələlərdən biri də tranzit ölkəsi statusunun daha geniş iqtisadi funksiyalarla tamamlanmasıdır. Çünki tranzit ölkə yükün ərazisindən keçməsini gerçəkləşdirir. Regional logistika mərkəzi yükün hərəkətinin təşkilini reallaşdırmaqla bərabər, onun saxlanılması, çeşidlənməsi, emalı, qablaşdırılması, sənədləşdirilməsi və son bazarlara çatdırılması üzrə xidmətlər təqdim edir. İstehsal mərkəzi statusu isə bu fəaliyyətlərə əlavə olaraq, yerli müəssisələrin beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasını nəzərdə tutur.
Bu 3 mərhələ arasında iqtisadi baxımdan mühüm fərq mövcuddur. Belə ki, sadə tranzit zamanı ölkə əsasən nəqliyyat və əlaqəli xidmətlərdən gəlir əldə edir. Logistika xidmətlərinin genişləndirilməsi əlavə məşğulluq, daha yüksək xidmət gəlirləri və yeni sahibkarlıq imkanları yaradır. İstehsal və emal fəaliyyətlərinin inkişafı isə yerli iqtisadiyyatda daha böyük əlavə dəyərin formalaşmasını şərtləndirir.
Azərbaycanın sənaye parkları, azad iqtisadi zona imkanları və nəqliyyat infrastrukturu bu məqsədin gerçəkləşməsində əlverişli baza rolu oynayır. Ələt Azad İqtisadi Zonası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Limana yaxınlıq və beynəlxalq nəqliyyat şəbəkələrinə çıxış burada logistika ilə sənaye istehsalının birləşdirilməsi üçün imkanlar yaradır. Belə zonalarda fəaliyyət göstərən hər hansı bir müəssisə idxal olunan komponentlərin emalını həyata keçirə, hazır məhsul istehsal edə və onları regional bazarlara çıxara bilər.
Bununla belə, iqtisadi zonaların səmərəliliyi yalnız əlverişli coğrafi mövqe və vergi-gömrük üstünlükləri ilə müəyyən olunmur. İnvestorlar üçün sabit hüquqi mühit, ixtisaslı kadrlar, enerji təminatı, maliyyə xidmətləri, rəqəmsal infrastruktur və bazarlara etibarlı çıxış da vacibdir. Orta Dəhlizin yaratdığı imkanların ölkə iqtisadiyyatına daha geniş təsir göstərməsi üçün nəqliyyat, sənaye, ticarət və investisiya siyasətinin bir-biri ilə uzlaşdırılması isə əsas şərtdir.
Bu yanaşma Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafı baxımından da əhəmiyyətlidir. Nəqliyyat-logistika sektorunun genişlənməsi sənaye istehsalının, topdansatış ticarətin, anbar təsərrüfatının, sığorta xidmətlərinin, rəqəmsal texnologiyaların və peşəkar xidmətlərin inkişafına əlavə stimul verə bilər. Nəticədə, Orta Dəhliz yük axınlarını reallaşdıran nəqliyyat xətti olmaqla bərabər, həm də müxtəlif iqtisadi sahələrin inkişafını sürətləndirən kompleks platforma rolunu oynaması gerçəkləşər.
Bakıda keçirilən AQEM-in Orta Dəhliz mövzusu ilə əlaqəsi, ilk növbədə, regional əməkdaşlığın siyasi və institusional əsaslarında özünü göstərir. Bu təşkilat Asiyanın müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlərini bir araya gətirən dialoq platformasıdır. Qurumun fəaliyyətinin mühüm istiqamətlərindən biri qarşılıqlı etimadın möhkəmləndirilməsi və dövlətlər arasında əməkdaşlıq üçün əlverişli mühitin formalaşdırılmasıdır.
Orta Dəhliz isə məhz müxtəlif ölkələrin fəaliyyətinin uzlaşdırılmasını tələb edən beynəlxalq nəqliyyat sistemidir. Marşrutun səmərəliliyi bir ölkənin infrastrukturundan asılı olmadığı kimi, onun davamlı fəaliyyətinin də təkcə ikitərəfli münasibətlərlə gerçəkləşdirilməsi qeyri-mümkündür.
Yuxarıda qeyd edilənlərlə bərabər, dəhlizin nəqliyyat zəncirində çoxsaylı iştirakçılar da mövcuddur. Hər bir ölkənin gömrük qaydaları, tarif siyasəti, texniki standartları, rəqəmsal sistemləri və sərhəd prosedurları ümumi daşınma prosesinə təsir göstərir. Bu səbəbdən dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi təkcə diplomatik münasibətlərin inkişafı ilə məhdudlaşmır, bu, həm də nəqliyyat xərclərinin azaldılması və ticarətin asanlaşdırılması baxımından əhəmiyyətlidir.
Məsələn, yükün bir ölkənin ərazisindən digərinə keçməsi zamanı sənədlərin təkrar yoxlanılması, məlumatların müxtəlif sistemlərə yenidən daxil edilməsi və prosedurların uzanması əlavə xərclər yaradır. Əgər tərəfdaş dövlətlər rəqəmsal məlumat mübadiləsi, sənədlərin qarşılıqlı tanınması və vahid tranzit prosedurları üzrə razılığa gələ bilirlərsə, bu zaman daşımaların sürəti artır, biznes üçün qeyri-müəyyənlik azalır. Bununla da siyasi dialoqla iqtisadi səmərəlilik arasında birbaşa əlaqə yaranır.
Vaqif BAYRAMOV
XQ