Azərbaycan ŞƏT əməkdaşlığının strateji miqyası

02.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“BMT ədalətli dünya nizamının əsas elementi kimi” – ŞƏT+ gö­rüşünün əsas mövzusuna çevrilən bu ifadənin arxasında XXI əsrin ən fundamental geosiyasi mübahisəsi dayanır: beynəlxalq münasibətlərin qaydalarını kim müəyyən edəcək? ŞƏT+ ölkələrinin bu suala cavabı birmənalıdır — dünya nizamının legitimliyi BMT Nizamnaməsindən və suveren dövlətlərin bərabərliyi prinsipindən keçməlidir, heç bir güc mərkəzi “qaydaları” təkbaşına yazmaq hüququna malik deyil.

ŞƏT-in siyasi məntiqini anlamaq üçün onun təkamülünə nəzər salmaq kifayətdir. Təşkilat 1996-cı ildə yaradıl­mış “Şanxay beşliyi” formatının – Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Taci­kistanın – 2001-ci ildə Özbəkistanın da qoşulması ilə genişlənmiş formasıdır. O vaxtdan bəri təşkilat sözün əsl mənasın­da “qitələrarası” xarakter alıb: 2017-ci ildə Hindistan və Pakistan, 2022-ci ildə Səmərqənd sammitində İran, 2023–2024-cü illərdə isə Belarus tamhüquqlu üzv kimi qəbul edilib. Bu gün ŞƏT-in üzv dövlətləri sırasında dünyanın ən böyük iqtisadiyyatları, ən böyük enerji ixracatçıları və ən sürətli inkişaf edən istehlak bazarları – Çin, Rusiya, Hin­distan, İran, Qazaxıstan və digər ölkələr bir araya gəlir. Təşkilatın unikallığı onun üçpilləli arxitekturasındadır: tam­hüquqlu üzvlər, müşahidəçi dövlətlər və dialoq tərəfdaşları. Azərbaycan 2016-cı ildən bu məkanın dialoq tərəfdaşıdır və məhz bu status onun ŞƏT+ formatında fəal iştirakının institusional əsasını təş­kil edir. ŞƏT+ görüşü isə təşkilatın xa­rici dünyaya açıq üzüdür: üzvlər, müşa­hidəçilər, dialoq tərəfdaşları bir masada qlobal gündəliyi müzakirə edirlər.Bütün bu sistemin ideoloji əsası isə “Şanxay ruhu” adlanan prinsiplər toplusudur – qarşılıqlı etimad, qarşılıqlı fayda, bəra­bərlik, məsləhətləşmə, mədəni müxtə­lifliyə hörmət və ortaq inkişaf arzusu. 

* * *

Təşkilatın bütün əsas sənədləri BMT Nizamnaməsinə və onun təməl prinsip­lərinə istinad edir: suveren bərabərlik, ərazi bütövlüyü, daxili işlərə qarışma­maq, mübahisələrin sülh yolu ilə həlli. Əslində burada iki dünya nizamı kon­sepsiyasının toqquşması müşahidə olu­nur. Qərb “qaydalara əsaslanan dünya nizamı” formulunu irəli sürür, lakin hə­min qaydaların kim tərəfindən və hansı prosedurlarla müəyyən edildiyi sualı açıq qalır. ŞƏT+ ölkələri isə alternativ tezis irəli sürürlər: qaydaların yeganə legitim mənbəyi BMT və onun Nizam­naməsi – beynəlxalq hüququn ümumi qəbul edilmiş əsaslarıdır. Sanksiyaların bir ölkə tərəfindən təkbaşına tətbiqi, bloklara məcburi üzvlük və ya “dəyərlər diplomatiyası” adı altında transformasi­ya gündəlikləri ŞƏT+ ölkələrinin nəzə­rində BMT mərkəzli nizamın əleyhinə işləyən mexanizmlərdir. Mübahisənin ən bariz nümunəsi BMT Baş Assamb­leyasında son illərdəki səsvermə böl­güsüdür. Böyük geosiyasi mövzularda keçirilən səsvermələrdə hər dəfə onlarla ölkənin bitərəf qalması dünyanın mono­lit olmadığını və Qərb mərkəzli gündə­liyin avtomatik səs çoxluğu qazanmadı­ğını göstərir. Dünya artıq iki düşərgəyə bölünmüş sistem deyil, çoxmərkəzli, müxtəlif maraq və müttəfiqlik şəbəkələ­rinin mürəkkəb məkanıdır.

* * *

Azərbaycanın ŞƏT ilə əməkdaşlı­ğı son onillikdə keyfiyyətcə yeni mər­hələyə keçib. 2016-cı ildə qazanılmış dialoq tərəfdaşı statusu Bakıya təşkilatın işində institusional iştirak hüququ verdi. 2025-ci ildə isə Azərbaycan daha irəli getdi — tamhüquqlu üzvlük məsələsi gündəmə gəldi. Təşkilatın 1–2 sentyabr 2025-ci ildə Tyançin şəhərində keçirilən sammiti ərəfəsində mətbuatda Azərbay­canın üzvlük iddiasının ayrı-ayrı üzv ölkələr tərəfindən qarşılanması ilə bağlı geniş analitik müzakirələr aparıldı. 

Bu gün Azərbaycan–ŞƏT əmək­daşlığının praktiki əsası regionun ən mühüm layihələrindədir. Azərbaycan Transxəzər Şərq–Qərb Orta Dəhlizinin mərkəzi qovşağıdır: ölkə Xəzər dənizi limanları, Bakı–Tbilisi–Qars dəmir yolu və qitələrarası logistika infrastrukturu ilə Çini, Mərkəzi Asiyanı və Avropanı birləşdirən zəncirin açar halqasıdır. Orta Dəhliz çoxtərəfli, multimodal bir insti­tutdur: Çinin konteyner dəmir yolu şə­bəkəsini Mərkəzi Asiya, Qafqaz və Tür­kiyə iqtisadiyyatları üzərindən Avropa İttifaqının şəbəkəsinə birləşdirir, Xəzər və Qara dəniz bərə terminallarını vahid zəncirə qovuşdurur. Marşrut Qazaxıstan ərazisindən keçərək Xəzərin sahillərinə çatır, oradan isə bərə ilə Azərbaycana yönəlir. Bu coğrafi zəncirdə Azərbayca­nın rolu funksional qovşaqdır: şərqdən gələn yük axını məhz Xəzər kəsişmə­sində onun liman infrastrukturundan, sonra isə dəmir yolu şəbəkəsindən asılı olur. Eyni zamanda, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji resurslarını ŞƏT məkanının ən böyük istehlakçısı olan Avropa bazarlarına çatdırır. Dəhliz 4 komponentdən ibarətdir: “Şahdəniz” yatağının tam miqyaslı işlənməsi, Cə­nubi Qafqaz boru kəmərinin genişləndi­rilməsi, Trans-Anadolu boru kəməri və onun son mərhələsi olan Trans-Adriatik boru kəməri. TANAP-ın illik ötürmə gücü 16 milyard kubmetrdir. Bunun 6 milyardı Türkiyə bazarına, 10 milyardı isə Avropaya yönəlir. 2022-ci ilin iyu­lunda Avropa Komissiyası ilə Azərbay­can arasında imzalanmış memorandum çərçivəsində hədəf bu rəqəmi 2027-ci ilə qədər ildə 20 milyard kubmetrə çat­dırmaqdır. Azərbaycan ŞƏT+ ölkələri üçün onları Qərbə bağlayan funksional körpüdür. Bu rol çoxqütblü dünyada Azərbaycanı müstəqil strateji aktora çevirir.

* * *

ŞƏT+ görüşünün mövzusu ilə Azər­baycanın xarici siyasət məntiqi arasında dərin struktur uyğunluq var. Birincisi, çoxvektorlu diplomatiya: Azərbaycan heç bir geosiyasi bloka tam bağlanma­dan, Rusiya, Çin, Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində paralel əməkdaşlıq qurur. İkincisi, suverenlik və qeyri-müdaxilə prinsiplərinə sadiq­lik: Azərbaycanın xarici siyasətində əra­zi bütövlüyü, daxili işlərə qarışmamaq və beynəlxalq hüququn üstünlüyü əsas yerlərdən birini tutur və bu prinsiplər də məhz ŞƏT-in “Şanxay ruhu”nun təməl daşlarıdır. Üçüncüsü, praktik əməkdaş­lığa meyl: həm Azərbaycan, həm ŞƏT üçün idealogiyadan çox konkret la­yihələr – nəqliyyat, enerji, ticarət, qey­ri-ənənəvi təhlükəsizlik təhdidlərinə qar­şı birgə mübarizə – əhəmiyyət kəsb edir.

Üzvlük məsələsi ətrafındakı müza­kirələr nə qədər davam etsə də, Azər­baycanın ŞƏT məkanındakı çəkisi sta­tusdan asılı deyil: ölkə Orta Dəhlizin, enerji dəhlizlərinin və regional təh­lükəsizlik dialoqunun ayrılmaz hissə­sidir. Çin üçün Azərbaycan Avropa ba­zarına çıxan quru marşrutun qapısıdır; Mərkəzi Asiya üçün Xəzər dənizindən kənara açılan pəncərə; Qərb üçün isə enerji təchizatının müxtəlifləşdirilmə­sinin real təminatçısı. Belə bir mövqe­də olan dövlətin təşkilatdakı formal statusu, şübhəsiz ki, zamanla öz real çəkisi ilə uyğunlaşacaq. Dünya iqti­sadiyyatının ağırlıq mərkəzinin Şərqə yerdəyişməsi, enerji bazarlarının Avra­siyaya istiqamətlənməsi, maliyyə arxi­tekturasında alternativlərin yaranması və BMT platformasında səs bölgüsünün çoxmərkəzləşməsi çoxqütblülüyün artıq formalaşmış obyektiv əsaslarıdır. Bu prosesdə Azərbaycan həm ŞƏT+ məka­nında (dialoq tərəfdaşı kimi), həm qlo­bal platformalarda, həm də infrastruktur səviyyəsində çoxqütblü dünya niza­mının işlək elementlərini təqdim edir. Azərbaycan–ŞƏT əməkdaşlığının gələ­cəyi, ehtimal ki, təkcə institusional sta­tus dəyişikliyi ilə deyil, iki tərəfin ümu­mi prinsiplərə – BMT Nizamnaməsinə hörmət, suverenlik və qarşılıqlı fayda əsasında əməkdaşlıq – sadiqliyinin real layihələrdə təcəssümü ilə ölçüləcək. Məhz bu səbəbdən ŞƏT+ görüşünün gündəliyi Azərbaycan üçün ölkənin strateji kimliyinin təbii davamıdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью