Azərbaycan siqaretin qutusunu xaricə 25 qəpiyə satır

24.01.2026

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Azərbaycan xaricə siqaret ixracını sürətlə artırıb. 

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 41 milyon 911 min dollar dəyərində 2 milyard 657,5 milyon ədəd siqaret ixrac edib.

FED.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən məbləğ ifadəsində 40%, həcm baxımından 39% çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 29 milyon 856 min dollar dəyərində 1 milyard 910 milyon ədəd siqaret ixrac etmişdi.

2024-cü illə müqayisədə xaricə satılan siqaretin qiyməti demək olar dəyişməyib – qutusu 53,6 qəpik, 2024-cü ildə bu rəqəm 53,1 qəpik idi.

Azərbaycanın ən çox siqaret satdığı ölkə Gürcüstandır – xaricə satılan bütün siqaretlərin 82%-i qonşu ölkəyə göndərilir.

Belə ki, bu dövrdə Azərbaycan Gürcüstana 37 512,5 min dollarlıq 2 milyard 192 milyon ədəd siqaret ixrac edib. Bu ölkəyə satılan siqaretin orta qiyməti 58,2 qəpik olub.

İkinci yeri tutan Rusiyaya 2 milyon 550 min dollarlıq 252,4 milyon ədəd siqaret satılıb – qutusu 34,3 qəpik təşkil edib.

Ümumiyyətlə hesablama göstərir ki, Gürcüstanı çıxmaq şərtilə, digər ölkələrə, Azərbaycan siqareti qutusu 25-34 qəpik qiymətə satılır.

Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Qırğızıstana 138 min dollarlıq 13,6 milyon ədəd siqaret (qutusu 34,5 qəpik);

Özbəkistana 214 min dollarlıq 27,6 milyon ədəd siqaret (qutusu 26,4 qəpik);

Tacikistana 337 min dollarlıq 33,2 milyon ədəd (qutusu 34,5 qəpikdən);

Birləşmiş Ərəb Əmirliklərinə 352 min dollarlıq 31,8 milyon ədəd (qutusu 37,6 qəpikdən);

Honkonqa 178,5 min dollarlıq 18,3 milyon ədəd (qutusu 33,2 qəpikdən);

Omana 412 min dollarlıq 54,9 milyon ədəd (qutusu 25,5 qəpikdən)

Suriyaya 216,5 min dollarlıq 28,7 milyon ədəd (qutusu 25,6 qəpikdən) siqerat satılıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью