Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“GL group” ABŞ-ın 4 yatağında neft-qaz hasil edəcək
Azərbaycanın ilk özəl neft-qaz şirkətlər qrupu olan “GL group” ABŞ-ın Texas ştatının Hyuston şəhərində Midland yaxınlığında yerləşən 4 neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını tamamlayıb. Əldə edilmiş mədənə hazırda istismarda olan 200-dən çox neft hasilatı quyusu daxildir. Şirkət bununla yanaşı, həmin aktivlərin tam operatorluğunu da rəsmi olaraq öz üzərinə götürüb.
Tarixi sövdələşmə “GL group”u ABŞ-da istismarda olan hasilat aktivlərinə sahib olan və onları operator kimi idarə edən ilk Azərbaycan şirkətlər qrupuna çevirib. Bu, Azərbaycanın özəl neft-qaz sektoru üçün mühüm mərhələ olmaqla yanaşı, “GL group”un ABŞ-ın enerji sənayesinə daxil olmağa imkan yaradıb. Azərbaycan şirkəti Texas ştatının Perm hövzəsində yerləşən aktivləri əldə etməklə, həm də bu ölkənin ən böyük neft-qaz hasilatı regionunda və dünyanın quruda neft-qaz fəaliyyəti üzrə əsas mərkəzlərindən birində mövqe tutmağa nail olub.
“GL group”un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bu hadisəni olduqca qürurverici an kimi dəyərləndirərək deyib: “Bu satınalma dünyanın ən böyük və ən rəqabətli neft-qaz hasilatı bazarında mövcudluğumuzu təmin edən strateji mərhələdir. Bu addım şaxələndirilmiş beynəlxalq kəşfiyyat və hasilat biznesinin qurulmasına dair uzunmüddətli baxışımızı əks etdirir və ABŞ-da davamlı inkişafımız üçün güclü platforma yaradır. Bu, ABŞ bazarına atdığımız ilk, lakin çox mühüm addımdır. Biz böyüməyə və mövcudluğumuzu genişləndirməyə davam edəcəyik”.
Qeyd edək ki, Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərq hissəsini əhatə edən Perm hövzəsi 223 min kvadratkilometr ərazini əhatə edir. 2025-ci ildə hövzədə gündəlik, təqribən, 6,6 milyon barel xam neft hasil olunub ki, bu da ABŞ-ın ümumi neft hasilatının, təxminən, yarısına və qlobal xam neft hasilatının 8 faizindən çoxuna bərabərdir. Eyni zamanda, ötən il hövzədə sutkada 27,6 milyard kub fut əmtəəlik təbii qaz hasil olunub. Bu isə ABŞ-ın əmtəəlik qaz hasilatının 23 faizini və qlobal təbii qaz hasilatının, təxminən, 7 faizini təşkil edir.
Ekspertlər hesab edirlər ki, bu miqyasda, yüksək texnoloji səviyyəyə və intensiv rəqabət mühitinə malik hövzədə hasilatda olan aktivlərin həm sahibi, həm də operatoru olmaq “GL group” üçün mühüm mərhələdir. Bu satınalma qrupun 2024-cü ildə Türkiyənin neft-qaz hasilatı bazarına daxil olmasından sonra beynəlxalq inkişaf strategiyasının uğurlu icrasına töhfə verir. Texasdakı satınalma “GL group”un ABŞ-da və digər beynəlxalq neft-qaz bazarlarında gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Bu satınalma bir ildən artıq davam edən ciddi qiymətləndirmənin, tərəfdaşlıq əlaqələrinin diqqətlə qurulmasının və komandanın liderliyi, peşəkarlığı, intizamı və işə sadiqliyi sayəsində məqsədyönlü şəkildə həyata keçirilmiş yeni bazarlara giriş strategiyasının nəticəsidir. Bu, “GL group”un strateji, əməliyyat və investisiya məqsədlərinin həyata keçirilməsində mühüm mərhələdir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, SOCAR-dan sonra “GL group”un Azərbaycan sərhədlərindən kənarda hasilat aktivlərinə sahib çıxması, həqiqətən, tarixi nailiyyətdir. Onun sözlərinə görə, bu sövdələşmə təkcə şirkətin uğuru deyil, həm də Azərbaycanın özəl neft-qaz sektorunun yeni inkişaf mərhələsinə keçidinin göstəricisidir: “İlk dəfədir ki, ölkəmizin özəl enerji şirkəti dünyanın ən rəqabətli upstream bazarı sayılan ABŞ-ın Perm hövzəsində hasilat aktivlərinin həm sahibi, həm də operatoru olur. Bu, Azərbaycan enerji sənayesinin artıq təkcə xarici investisiya cəlb edən deyil, həm də xaricdə aktivlər əldə edən və beynəlxalq bazarlarda rəqabət aparan kapital ixracatçısına çevrildiyini göstərən mühüm rəmzi və strateji hadisədir”.
Bu arada, “GL group” və ABŞ-ın “Baker hughes” şirkətləri arasında strateji əlaqələrin möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq üçün çərçivənin yaradılmasına yönəlmiş 5 illik Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalanıb. Bu əməkdaşlıq şirkətlərə hər bir tərəfin təcrübə, imkan və texnoloji ekspertizasından faydalanaraq qarşılıqlı faydalı imkanları araşdırmağa şərait yaradacaq. Əməkdaşlığın “GL group”un əməliyyat səmərəliliyinin artırılmasına, texniki potensialının inkişafına, qabaqcıl texnologiyalara çıxışının genişləndirilməsinə və Azərbaycanda uzunmüddətli inkişafına töhfə verəcəyi gözlənilir.
“GL group”un rəhbəri Asif Zeynalov bildirib: “Bu saziş “Baker hughes” ilə tərəfdaşlığımızın möhkəmləndirilməsi və “GL group”un uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addımdır. Bu tərəfdaşlıq bizim qlobal imkanlara, qabaqcıl texnologiyalara və əməliyyat mükəmməlliyinə çıxışımızı təmin edir. Bunlar davamlı inkişafımızı və uzunmüddətli uğurumuzu dəstəkləyəcək əsas amillərdir”.
“Baker hughes”in bütün dünyada əməliyyat göstəricilərini yaxşılaşdıran, səmərəliliyi artıran və riskləri azaldan texnologiyalara davamlı olaraq sərmayə yatırdığını bildirən şirkətin baş vitse-prezidenti Cim Seşns isə deyib: “Bu strateji əməkdaşlıq çərçivəsində məqsədimiz “GL group”un enerji aktivlərinin, eləcə də bütövlükdə regionun enerji sektorunun dəyərini maksimum dərəcədə artıracaq innovativ texnoloji həllər hazırlamaq və tətbiq etməkdir”.
Xatırladaq ki, “GL group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla 5 neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir.
Şirkətlər qrupu 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100 faiz pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb.
Mirbağır YAQUBZADƏ
XQ