Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri, xanım Denisa Sakova ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı, yüksəksəviyyəli təmasların və iqtisadi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə verdiyi töhfə, həmçinin bu istiqamətdə qarşılıqlı təşəbbüslərin önəmi vurğulanıb.
Tərəflər biznes və ticarət əlaqələrinin fəal dəstəklənməsi, enerji tədarükünün şaxələndirilməsi, sənaye, turizm, rəqəmsallaşma sahələrində birgə fəaliyyətin və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər.
Daha sonra Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilib.
Biznes-forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində artan rolu, əlverişli işgüzar mühiti, nəqliyyat-logistika imkanları, eləcə də investorlar üçün təqdim edilən güzəştlər işbirliyi üçün yeni imkanlar açır.
Slovakiya Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və SARIO-nun xarici ticarət departamentinin rəhbəri Daniel Ondruş iki qurum arasında ixrac və investisiyaların təşviqi, biznes dialoqunun dəstəklənməsi və şirkətlər arasında əlaqələrin qurulması istiqamətində əməkdaşlığın davam etdiyini vurğulayıblar.
Slovakiyalı həmkarlar bu ilin sentyabrında ölkəmizdə keçirilməsi planlaşdırılan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunublar. Həmçinin Azərbaycan Turizm Bürosu və “Slovakia Travel” milli turizm təşkilatı arasında işbirliyinin inkişafını nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.
Forumda Azərbaycan və Slovakiyanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib. Biznes-forum B2B formatda görüşlərlə davam edib.
XQ