Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müşfiq Səfərov, YAP Beyləqan rayon təşkilatının sədri Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə baş tutan bu tədbir, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
İmzalanan sənədlər, hər iki ölkənin strateji maraqlarını birləşdirərək, iqtisadi, sosial və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişafına şərait yaradacaq.
Azərbaycan ilə Somali arasında imzalanan sənədlər, xüsusilə dövlət xidmətləri, enerji, təhsil və müdafiə sahələrində əməkdaşlığın genişlənməsini təmin edəcək.
İlk olaraq, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Bu əməkdaşlıq, dövlət xidmətlərinin daha şəffaf və səmərəli həyata keçirilməsinə, hər iki ölkənin vətəndaşlarının daha yaxşı xidmətlər əldə etməsinə imkan yaradacaq.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf arasında keçirilən mübadilə, iki ölkə arasında güclü bir əlaqənin qurulmasına töhfə verəcək.