Azərbaycan son 6 ildə 140 dan çox ölkəyə ardım göstərib

26.09.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə təxminən 400 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyi, eyni qaydada, inkişaf və humanitar yardım sahəsindəki fəaliyyətlərimizdə əksini tapır: "Azərbaycan son illər ərzində xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə və Afrikada tərəfdaş ölkələrə diqqət yetirərək, beynəlxalq yardımının əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib.

İnkişaf Hüququna dair Bəyannamənin 40-cı ildönümünü qeyd etdiyimiz məqamda Azərbaycan həmrəylik, qarşılıqlı hörmət və ortaq inkişaf prioritetlərinə əsaslanan tərəfdaşlıq yanaşmalarına sadiqliyini bir daha təsdiqləyir.

2030-cu il yaxınlaşdıqca, dünyanın Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqində hədəfdən geri qaldığı daha aydın görünməkdədir.

Azərbaycan bağlantılar, "yaşıl inkişaf", rəqəmsallaşma və dayanıqlı şəhərsalma inkişafına xüsusi diqqət yetirməklə, Dayanıqlı İnkişaf Məqsədlərini özünün milli inkişaf strategiyalarına, institusional çərçivələrinə və eləcə də Könüllü Milli Hesabat proseslərinə inteqrasiya edərək, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə tam sadiqdir.

Son iki onilliyə yaxın müddətdə Azərbaycanın ÜDM-i üç dəfə artıb, yoxsulluq səviyyəsi isə 49 %-dən təxminən 5 %-ə enib. Eyni zamanda, Azərbaycan dünyada ən aşağı xarici dövlət borcu səviyyələrindən birinə malik ölkədir.

Bizim yanaşmamız həmçinin səmərəli və məsuliyyətli təsisatlar vasitəsilə dayanıqlı inkişafın irəli aparılmasını əhatə edir. Azərbaycanın təşəbbüsü ilə 30 mart 2026-cı il tarixində BMT-nin İnsan Hüquqları Şurası tərəfindən "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə üçüncü dəfə konsensus əsasında qəbul edilib. 100-dən çox üzv dövlətin həmmüəllifi olduğu qətnamə, vətəndaşyönümlü, şəffaf və səmərəli dövlət institutlarının insan hüquqlarının inkişafı və Dayanıqlı İnkişaf Məqsədlərinə doğru tərəqqinin sürətləndirilməsində mühüm rolunu vurğulayır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью