Azərbaycan sürətlə gəmiçilik dövlətinə çevrilir

05.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər hövzəsinin ən böyük donanması ölkəmizə məxsusdur

Müasir dünyada dövlətlərin geoiqtisadi imkanlarını müəyyənləşdirən əsas amillərdən biri onların beynəlxalq nəqliyyat-kommunikasiya sistemində tutduğu yerdir. Qlobal ticarət marşrutlarının dəyişməsi, yeni geosiyasi reallıqların formalaşması, ənənəvi nəqliyyat yollarında təhlükəli vəziyyətin yaranması və alternativ dəhlizlərə marağın artması bu məsələnin əhəmiyyətini getdikcə artırır.

Azərbaycan son onillikdə məhz bu prosesləri düzgün qiymətləndirərək öz əlverişli coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirmək istiqamətində ardıcıl siyasət həyata keçirib. Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən ölkəmiz bu dövrdə təkcə tranzit ərazisi olmaqla yanaşı, həm də beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı, mühüm maliyyə iştirakçısı və regional logistika proseslərinin fəal təşkilatçısı kimi çıxış edib.

Bu siyasətin mühüm istiqamətləri sırasında dəniz nəqliyyatı, gəmiçilik və gəmiqayırma xüsusi yer tutur. Prezident İlham Əliyevin cari il iyulun 13-də Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi fikirlər isə Azərbaycanın bu sahədə keçdiyi yolu və qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri aydın şəkildə ortaya qoyur.

Dövlətimizin başçısı həmin toplantıda qeyd edib ki, ölkəmiz uzun illər coğrafi mövqeyinin üstünlüklərdən səmərəli istifadə edərək onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirib. Bu məqsədlə, ilk növbədə, zəruri infrastruktur yaradıb. Eyni zamanda, qonşu dövlətlərlə qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan münasibətlər qurub.

Bu gün artıq həmin siyasətin nəticələri aydın nəzərə çarpır. Azərbaycanın avtomobil və dəmir yolları, beynəlxalq hava və dəniz limanları, logistika mərkəzləri vahid nəqliyyat sisteminin önəmli elementləri kimi fəaliyyət göstərir. Xəzər dənizi isə bu sistemdə Şərqlə Qərbi birləşdirən mühüm strateji həlqə rolunu oynayır.

Xəzərdə çoxyönlü su körpüsü

Azərbaycanın qərarlaşdığı coğrafi ərazi mühüm ticarət yollarının kəsişmə nöqtəsində yerləşir. Lakin müasir dövrdə belə bir əlverişli mövqenin mövcudluğu hələ tranzit dövlətə çevrilmək anlamına gəlmir. Bunun üçün geniş və müasir infrastruktur, təhlükəsiz, sabit siyasi mühit, beynəlxalq tərəfdaşlarla etibarlı münasibət, səmərəli idarəetmə, eləcə də böyük maliyyə resursları tələb olunur. Prezident İlham Əliyevin də sözügedən çıxışında vurğulandığı kimi, bu sırada infrastrukturun yaradılması mühüm yer alır.

Düzdür, vaxtilə ölkəmizin qarşısında duran əsas məsələlərdən biri mövcud sahədə əlverişli infrastruktur yaratmaq idi. Bu məqsədlə avtomobil və dəmir yollarının yenidən qurulmasına, limanların və logistika mərkəzlərinin yaradılmasına milyardlarla manat vəsait yönəldilirdi. Bir müddət sonra respublikamızın artan beynəlxalq yük axınlarını qəbul etmək, onları müxtəlif istiqamətlərə yönəltmək imkanlarına malik olması və bununla bağlı qarşıya qoyulan vəzifənin uğurla yerinə yetirilməsi söylənilən fikrin məntiqi nəticəsi idi.

Bu imkanların ən mühüm hissələrindən biri isə Xəzər dənizi vasitəsilə həyata keçirilən daşımalar və milli gəmiçilik sistemidir. Qeyd edək ki, Xəzər Azərbaycan üçün enerji resurslarının yerləşdiyi su hövzəsi olmaqla bərabər, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən, daha sonra isə Avropa bazarlarına çıxışı gerçəkləşdirən mühüm nəqliyyat məkanıdır. Məhz buna görə də respublikamızın son illər həyata keçirdiyi nəqliyyat siyasətində Xəzər dənizinin logistika potensialından maksimum istifadə xüsusi yer tutur.

Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu, yaxud Orta Dəhliz son illər Avrasiya məkanında ən çox logistika baxımından xüsusi diqqət çəkir. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrindən başlayaraq Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan, Türkiyə və Avropa ölkələrinə uzanır. Orta Dəhlizin əsas üstünlüklərindən biri isə müxtəlif nəqliyyat növlərini vahid sistemdə birləşdirməkdir. Burada dəmir yolu, avtomobil və dəniz nəqliyyatı bir-birini tamamlayır. Xəzər dənizi isə bu sistemin ən mühüm hissələrindən biridir.

Mərkəzi Asiyadan gələn yüklər Qazaxıstan və Türkmənistan limanlarından Azərbaycan sahillərinə çatdırılır. Respublikamızda həmin yüklər dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istiqamətində daşınır. Bu baxımdan gəmiçiliyin imkanları bütün dəhlizin ümumi səmərəliyinə birbaşa təsir göstərir. Ancaq Xəzər üzərindən daşımalar sürətli və fasiləsiz təşkil edilmədiyi təqdirdə, hətta ən müasir dəmir yolu və avtomobil infrastrukturu ilə istənilən nəticənin qeydə alınması qeyri –mümkün sayılır. Azərbaycanın da məhz buna görə son illər öz dəniz donanmasının genişləndirilməsinə və yenilənməsinə xüsusi diqqət yetirməsi bununla bağlıdır.

Rəsmi statistik məlumatlar da dəniz nəqliyyatının tranzit sistemdə xüsusi rolunu aydın göstərir. Belə ki, 2025-ci ildə Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə dəniz yolu ilə 7 milyon 230 min ton yük daşınıb. Bu daşımaların 93,3 faizini tranzit yüklər təşkil edib. Bu göstərici respublikanın dəniz nəqliyyatının beynəlxalq yük axınlarına səmərəli xidmət etdiyini və ölkənin tranzit imkanlarında mühüm yer tutduğunu təsdiqləyib. Başqa sözlə, Azərbaycan Xəzər üzərində sadəcə öz daxili tələbatını ödəyən dəniz nəqliyyatı sistemi formalaşdırmayıb, eyni zamanda, Avrasiya miqyasında gəmiçilik imkanlarını yükdaşımaların mühüm hissəsinə uyğunlaşdırıb.

Gəmilərimiz dünya sularında

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizin gəmiçilik tarixinin və müasir inkişafının əsas dayaqlarından biridir. Tarixi kökləri XIX əsrin ortalarına təsadüf edən gəmiçilik bu gün müasir texnologiyalar, yeni gəmilər və geniş beynəlxalq fəaliyyət imkanları ilə sürətlə inkişaf edir. Bu gün milli gəmiçiliyin səfər marşrutları Xəzər hövzəsini aşaraq dünya okean sularında müxtəlif istiqamətlərə uzanır.

Ötən ilin göstəricilərinə əsasən, adı çəkilən quruma məxsus gəmilərlə daşınan yükün ümumi həcmi 9 milyon tonu ötüb. Şirkət Xəzərdən kənar sularda 1,4 milyon tondan artıq yükdaşıma həyata keçirib. Nəqliyyat-ticarət donanmasında 55, ixtisaslaşmış ofşor donanmasında isə 200 gəmi fəaliyyət göstərib. Bu rəqəmlərlə Azərbaycanın gəmiçilik sektorunun təkcə Xəzər hövzəsi ilə məhdudlaşmadığı diqqət çəkib.

Yeri gəlmişkən, bu məqamda bir məsələni də xatırlatmaq istərdik. ABŞ-İran qarşıdurmasının kəskinləşməsi fonunda Yaxın Şərqdə yaranan gərginlik qlobal nəqliyyat və logistika dəhlizlərinə, xüsusilə də beynəlxalq gəmiçiliyə ciddi təsir göstərməkdədir. Bu gün dünya dəniz ticarəti artan risklər, təhlükəsizlik çağırışları və marşrut dəyişiklikləri ilə üz-üzə qalıb. QSC-dən aldığımız məlumata görə, belə bir şəraitdə hazırda Xəzərdən kənar akvatoriyalarda gəmiçiliyə məxsus 2 “Handysize” tipli quru yük gəmisi, 1 tanker və 1 “Aframax” tipli tanker fəaliyyət göstərir. Bununla yanaşı, QSC və Dövlət Neft Şirkətinin birgə müəssisəsi olan “SA Maritime AFEZCO” tərəfindən 4 “Aframax” tipli tanker Xəzərdən kənar sularda istismar olunur.

QSC-nin fəaliyyəti hazırda bir neçə mühüm istiqaməti əhatə edir. Bir tərəfdən ticarət donanması vasitəsilə neft, neft məhsulları, quru yüklər, konteynerlər və müxtəlif nəqliyyat vasitələri daşınır. Digər tərəfdən isə Xəzərdə reallaşdırılan neft-qaz layihələrinə xidmət göstərən geniş ixtisaslaşdırılmış donanma fəaliyyət göstərir. Bu baxımdan Azərbaycan gəmiçiliyi ölkənin həm tranzit-logistika siyasətini, həm də enerji təhlükəsizliyini uğurla gerçəkləşdirir.

2025-ci ilin nəticələri gəmiçilikdə yükdaşımaların artdığını göstərir. Şirkətin ümumi yükdaşımalarının həcminin 9 milyon tonu keçməsi də bunun bariz ifadəsidir. Xüsusilə quru yük daşımalarında artım daha çox nəzərə çarpır. Konteyner daşımalarının həcminin əhəmiyyətli dərəcədə yüksəlməsi isə Xəzər üzərindən multimodal logistika imkanlarının genişləndiyini göstərir. Bu tendensiya təsadüfi deyil. Mərkəzi Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsi, Orta Dəhlizə marağın artması və alternativ nəqliyyat marşrutlarına ehtiyac yaranması Xəzər dənizində yükdaşımalara olan güclü tələbatdan xəbər verir. Azərbaycan isə həmin tələbatı qarşılamaq üçün öz donanmasının imkanlarını getdikcə artırır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da respublikamızın dəniz strategiyasının digər mühüm elementi kimi xüsusi əhəmiyyət kəsb edir. Ələt qəsəbəsində yerləşən bu infrastruktur ölkənin bütün əsas nəqliyyat istiqamətlərinin kəsişdiyi strateji məkanda fəaliyyət göstərir. Limanın dəmir və avtomobil yolları, eləcə də dəniz nəqliyyatı ilə birbaşa inteqrasiyası ən böyük üstünlük kimi diqqət çəkir. Bu, onu sadəcə dəniz limanı deyil, həm də böyük multimodal logistika mərkəzinə çevirir.

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun 2026-cı il toplantısındakı çıxışında bu məsələyə xüsusi diqqət çəkərək bildirib ki, hazırda limanın illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edir. Mövcud imkanların genişləndirilməsi nəticəsində isə infrastruktur potensialının 25 milyon tona çatdırılması qarşıda önəmli vəzifə kimi durur. Əlbəttə, bu, gələcəyə hesablanmış strateji addımdır. Çünki yükdaşımaların artması artıq nəzəri ehtimal deyil, real prosesdir.

Bakı Limanında yük aşırmalarının dinamikası bunu açıq şəkildə göstərir. Belə ki, rəsmi məlumata görə, 2024-cü ildə liman vasitəsilə 7,6 milyon ton yük aşırılıb ki, bu da müasir Bakı Limanının tarixində rekord göstəricilərdən biridir. 2025-ci ildə isə Bakı Limanı vasitəsilə 8,2 milyon tondan çox yük və 107 min TEU-dan çox konteyner daşınması Azərbaycanın yaratdığı liman infrastrukturunun artıq böyük beynəlxalq yük axınlarına xidmət etdiyini göstərir. Limanın imkanlarının 25 milyon tona çatdırılması isə ölkəmizin gələcək perspektivlərə hazırlaşdığını nümayiş etdirir.

Milli gəmiqayırmaya keçid

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mühüm fikirlərdən biri də Azərbaycanın öz gəmiqayırma zavodunda yeni gəmilər inşa etməsi ilə bağlı idi. Dövlətimizin başçısı həmin toplantıda Avropaya və geriyə yükdaşıma imkanlarını genişləndirmək məqsədilə hazırda Azərbaycanın gəmiqayırma zavodunda 10 gəmi tikildiyini bildirdi.

Bu proses Xəzər dənizində artan yük axınlarının gələcək perspektivlərinin nəzərə alındığını göstərir. Gəmiçilik sahəsində əsas problemlərdən biri isə təkcə limanların imkanları ilə bağlı deyil. Bu, eyni zamanda, yük həcmi artdıqca onu daşıyacaq müasir və kifayət qədər böyük donanmaya zəruri ehtiyac yaranması ilə bağlıdır. Azərbaycan bu ehtiyacı əvvəlcədən nəzərə alaraq bu gün gəmiqayırma potensialını gücləndirir. Məsələn, Bakı Gəmiqayırma Zavodu getdikcə ölkənin sənaye və logistika sisteminin mühüm müəssisələrindən birinə çevrilir. Burada müxtəlif təyinatlı gəmilər inşa edilir, eləcə də gəmilərə təmir və texniki xidmət göstərilir. 2026-cı ilin iyununda müəssisədə Xəzər dənizi üçün nəzərdə tutulan iki 780 TEU tutumlu konteyner gəmisinin tikintisinin aparılması da bu istiqamətdə başlanan yeni mərhələnin göstəricisi hesab edilir.

Hazırda zavodun sifariş portfelində 17 gəmi yer alır, onlardan 11-i artıq inşa mərhələsindədir. Bu isə respublikanın gəmiqayırma imkanlarının təkcə daxili ehtiyacların ödənilməsinə deyil, həm də beynəlxalq sifarişlərin icrasına yönəldiyini göstərir. Müəssisədə xarici tərəfdaşlar üçün gəmilərin tikilməsi isə ölkəmizin bu sahədə regional sənaye mərkəzi kimi mövqeyinin güclənməsinə şərait yaradır.

Gəmi inşa etmək təkcə nəqliyyat vasitəsi hazırlamaq demək deyil. Gəmiqayırma yüksək texnologiyalara, peşəkar mühəndislik imkanlarına və geniş sənaye kooperasiyasına əsaslanan mürəkkəb istehsal sahəsidir. Bu sahənin inkişafı metal emalı, maşınqayırma, elektrik və elektronika, avtomatlaşdırma, mühəndislik və proqram təminatı istiqamətlərinin inkişafına da müsbət təsir göstərir. Buna görə də adı çəkilən zavodun fəaliyyəti respublikanın qeyri-neft sənayesinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

Müasir gəmiqayırma müəssisəsinin mövcudluğu ölkəyə bir neçə istiqamətdə üstünlük verir. Birincisi, Azərbaycan öz donanmasını xaricdən tam asılı olmadan yeniləmək imkanı əldə edir. İkincisi, gəmilərin təmiri və texniki xidməti üçün xarici ölkələrə müraciət etmək zərurəti getdikcə aradan qalxır. Üçüncüsü, beynəlxalq sifarişlərin qəbul edilməsi yeni gəlir imkanlarını şərtləndirir. Nəhayət, respublikada yüksək ixtisaslı mühəndis və texniki kadrların hazırlanmasına şərait yaranır. Bu baxımdan gəmiqayırma yalnız nəqliyyat sahəsinin deyil, ümumilikdə, Azərbaycanın sənaye siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir.

Azərbaycanın gəmiçilik strategiyasının əsas hədəflərindən biri Mərkəzi Asiya ölkələri ilə Avropa arasında etibarlı nəqliyyat körpüsü yaratmaqdır. Qazaxıstan və Türkmənistan kimi Xəzəryanı ölkələrin Avropa bazarlarına çıxışı üçün Azərbaycan üzərindən keçən marşrutların əhəmiyyəti artır. Bu məsələdə respublikamızın üstünlüyü isə ondadır ki, ölkə Xəzər dənizindən sonra müasir quru nəqliyyatı sisteminə malikdir. Yəni yük Aktau və ya Türkmənbaşı limanlarından Bakı Limanına çatdırıldıqdan sonra dərhal dəmir yolu və ya avtomobil nəqliyyatı vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istiqamətinə göndərilir. Bu, Azərbaycanın multimodal nəqliyyat sisteminin əsas üstünlüyüdür.

Son illər Azərbaycanın gəmiçilik sahəsində əldə etdiyi nailiyyətlər göstərir ki, bu gün Xəzər dənizi ölkəmizin iqtisadi inkişafında və beynəlxalq mövqeyinin möhkəmlənməsində yeni məzmun qazanır. Xəzər artıq təkcə enerji resurslarının yerləşdiyi hövzə deyil, eyni zamanda, Mərkəzi Asiyanı respublikamızla, Azərbaycanı isə Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən böyük nəqliyyat körpüsüdür. Bu körpünün dayaqlarını isə müasir Bakı Limanı, güclənən milli donanma, yeni inşa olunan gəmilər, Bakı Gəmiqayırma Zavodu və geniş beynəlxalq əməkdaşlıq təşkil edir.

Azərbaycanın 2025-ci ildə nəqliyyat dəhlizləri üzrə dəniz yolu ilə 7,2 milyon tondan artıq yük daşıması, bu daşımaların böyük hissəsinin tranzit yüklərdən ibarət olması, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 9 milyon tondan çox yükdaşıma həyata keçirməsi və Bakı Limanında yük həcmlərinin rekord səviyyəyə yüksəlməsi ölkənin bu sahədəki real imkanlarını nümayiş etdirir. Deməli, Xəzər üzərində qurulan müasir gəmiçilik sistemi Azərbaycanın Şərqlə Qərb arasında etibarlı körpü rolunu daha da möhkəmləndirir. Bu körpüdən keçən yüklər isə təkcə malları deyil, həm də yeni iqtisadi imkanları, regional əməkdaşlığı və Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsində getdikcə güclənən mövqeyini daşıyır.

Beləliklə, Azərbaycanın gəmiçilik sahəsində qazandığı uğurlar, vaxtında həyata keçirilən strateji qərarlar bu gün ölkəyə yeni iqtisadi və geosiyasi üstünlüklər qazandırır. Xəzərdən başlayan bu yol sahilləri qovuşdurmaqla bərabər, həm də respublikamızı Avrasiyanın geniş iqtisadi məkanını birləşdirən mühüm bir inkişaf infrastrukturuna çevirir.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью