“Azərbaycan tarının sehrli gecəsi” Romada

18.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Roma, 18 may, AZƏRTAC

İtaliyanın paytaxtı Romada keçirilən Beynəlxalq Muzeylər Gecəsi (Notte dei Musei 2025) çərçivəsində Azərbaycan musiqisi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin dəstəyi ilə Romanın mərkəzindəki “Sala Santa Rita” salonunda keçirilən proqramda mərkəzin direktor müavini Gülnar Tağızadə musiqiçiləri təqdim edib. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək tədbirin Roma bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən “Muzeylər gecəsi 2025” çərçivəsində təşkil edildiyini, milli musiqi irsimizin özünəməxsus olduğunu, konsert proqramının qonaqların zövqünü oxşayacağına əminliyini bildirib.

“Azərbaycan tarının sehrli gecəsi” adlı ikihissəli proqramda tanınmış musiqiçilər – Şəhriyar İmanov (tar), Şükür Əliyev (zərb) və İlqar Əliyev (klaviş) çıxış edərək milli musiqimizin ənənəvi və müasir çalarlarını bir araya gətirib, dünya musiqisindən də parçalar ifa ediblər. Konsert proqramı paytaxt sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, ölkəmiz artıq üçüncü ildir ənənəvi keçirilən “Muzeylər gecəsi”nə qatılır. Romada isə 15-ci dəfə təşkil olunan bu tədbirlər silsiləsinin məqsədi sənət və mədəniyyəti birləşdirərək şəhər sakinləri üçün mədəni irsin fərqli tanıtımını təmin etməkdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью