Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Onun bənzərsiz səsi və aparıcılıq məharəti ana dilimizin gözəlliyini əks etdirirdi
Avqustun 4-ü Azərbaycan televiziyasının məşhur aparıcı-diktoru Rafiq Hüseynovun dünyaya gəldiyi gündür. Yaşlı və orta nəsil televiziya tamaşaçıları onu “məxməri” səsi olan, ana dilimizin incəliklərini dərindən bilən, ifadə səlisliyinə xidmət edən ulduz sənətkar kimi xatırlayırlar.
Rafiq Hüseynov Şuşada dünyaya gəlib, Bakıda məşhurlaşıb, Moskvaya Ümumittifaq televiziyasına işə dəvət olunsa da, imtina edib. 18 yaşında AzTV-də işıqçı olub. Sonra diktorluq müsabiqəsindən uğurla keçərək ecazkar səsi, inamlı sözü ilə ekranı uzun illər işıqlandırıb. Xalqın sevimlisi kimi Xalq artisti fəxri adına layiq görülüb.
O, zahiri yaraşığı və fotogenikliyi ilə seçilirdi. Üstəlik, oxuduğu hər bir mətnin əsas məğzini seyrçilərə çatdırmağın əvəzsiz ustası idi. İlk diktorlar Nəcibə Məlikova, Tamara Gözəlova, Nizami Məmmədov, Aydın Qaradağlının əsasını qoyduqları telediktorluq ənənələrini davam və inkişaf etdirib. Sabir Ələsgərov, Davud Əhmədov, Hicran Hüseynov, Roza Tağıyeva, Natəvan Hacıyeva, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə, Tamilla Ələkbərova, Gülşən Əkbərova ilə birgə çalışıb. Uzun müddət baş diktor kimi fəaliyyət göstərib və televiziya üçün kadrların hazırlanmasına böyük əmək sərf edib. Rafiq Həşimov, Nailə İslamzadə, Akif Nərimanoğlu, Aygül Qaradağlı, Nərgiz Cəlilova, Sevda Ağazadə, Dilarə Səlim və başqalarının televiziyaya gəlməsində böyük rolu olub.
Bu da var ki, onun sənətdə atdığı ilk addımlarının uğursuzluğa düçar olduğunu çoxları bilmir. Sən demə, Rafiq yeniyetmə çağlarında tar məktəbinə gedibmiş. Televiziyaya da ilk dəfə şagirdlərin konsertində tar ifaçısı kimi çıxıb. “Çahargah”ı ifa edəndə tarın sarı simi qırılıb. Birtəhər vəziyyətdən çıxıb və məktəbi qurtarandan sonra bu alətdən üz döndərib, teleaparıcılığa meyil salib. Amma onun ekran taleyində yenə də qırılan sarı simlər olub.
Düz 2 il işıqçı işləyən Rafiq Hüseynov 1966-cı ildə proqram direktoru Tofiq Axundovun təklifi ilə diktorlar müsabiqəsinə qatılır və fərqlənərək sınaq müddətinə işə götürülür. Təəssüflə xatırlayırdı ki, rus məktəbini bitirdiyinə və həyəcanlı olduğuna görə, efirdə ilk çıxışı alınmır. Mətni elə pis oxuyur ki, televiziyaya çox ciddi nəzarət edən Mərkəzi Komitədən zəng vuraraq “Bunu hardan tapmısınız?” deyirlər və qovulmasını tələb edirlər. Gənc diktoru o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir, deyir, bu oğlanın gələcəyi var. Rafiq bir müddət “gözəgörünməz” radioda təcrübə toplayıb, 7 ay sonra yenidən televiziyaya qayıdır.
Tədricən etimad və sevgi qazanan istedad sahibinə Moskva ali dərəcəli diktor statusu verib. O, hətta bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışıb. Verilişlərində alimlə alim, politoloqla politoloq, sənətçi ilə sənətçi kimi ünsiyyətə girə bilib. Azərbaycan televiziya mədəniyyətinin bünövrəsində onun danılmaz zəhmət payı var.
Diktorluğu dövründə Rafiq Hüseynovun ən mühüm xəbərləri mavi ekrandan çoxmilyonlu auditoriyaya çatdırması da unudulmayan məqamlardandır. Xoşbəxt gələcəyə ümid və inamı artıran müjdəli xəbərlərin çoxunu xalq onun dilindən eşidib. Eyni zamanda, o, Qarabağ münaqişəsi, Sumqayıt hadisələri, 20 Yanvar faciəsi barədə ilk xəbərləri təmkinlə təqdim edib.
Onu da qeyd edək ki, 1990-cı il 20 Yanvar hadisələrində Rafiq Hüseynov daha ağır sınağa məruz qalıb, hətta ölümlə hədələnib. Moskvadan göndərilən hərbi komendant veriliş zamanı ona mətn verib deyibmiş ki, məndə olan məlumata görə, sən ölkədə müəyyən nüfuza sahibsən və insanlara təsir gücün var, odur ki, bu mətni oxumalısan. Rafiq Hüseynov isə milli mənafeyə zidd olan mətni oxumaqdan imtina edib, “Mənim bunu oxumağım xalqa xəyanət olar” – deyib.
Siyasi proseslərə qoşulmaq, yalan xəbərləri oxumaq istəməməsi və digər səbəblərdən Rafiq Hüseynov həmin il öz ərizəsi ilə AzTV-ni tərk edib. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda müəllim kimi çalışıb. Yeni əsrin əvvəllərində isə teleradio rəhbərliyinin təklifi ilə doğma ünvana qayıdıb. Burada yenidən teleaparıcılar qrupunun bədii rəhbəri olub.
Təəssüf ki, 2017-ci ildə onun həyatında sonuncu sarı sim qırılıb – ağır xəstəliyə düçar olan aparıcı-diktor həmin ilin oktyabr ayında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.
Ondan xoş xatirələr, filmoteka lentləri, bir də oxuduğu bir neçə mahnı yadigar qalıb. Bir vaxt tar ifaçılığından əl çəkən Rafiq Hüseynov ömrünün son illərində həzin mahnılar ifa edərək lentə aldırıb. “Gecdi daha”, “Görüş” (diktor Nərgiz Cəlilova ilə duet), “Sevərəm təzədən səni” kimi mahnılarını dinləyənlərin gözləri önündə onun sevimli obrazı yenidən canlanır:
Gəl, o gözəl zamanlar kimi gəl,
Sevdalı cavanlar kimi gəl.
Gəl, görmədim o gedən səni,
Unutdum mən nədən səni?..
Milyonlarla soydaşımız da bax beləcə, Azərbaycan milli diktorluq sənətinin kamilləşməsində çoxillik xidməti olan Xalq artisti Rafiq Hüseynovu həmişə sevgi-sayğı ilə yad edir.
Ə.DOSTƏLİ
XQ