Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Turizm Bürosu (ATB) ölkədə hotellərin və digər yerləşmə vasitələrinin rəqəmsallaşması və internet keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni tədbirləri təqdim edir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ATB-nin İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib.
Rəşad Əliyev qeyd edib ki, bu təşəbbüslər turizm sənayesində rəqəmsal transformasiyanı sürətləndirmək və qonaqlar üçün etibarlı və yüksək sürətli internet təmin etmək məqsədi daşıyır.
R.Əliyev diqqətə çatdırıb ki, ölkədə elektron turizm informasiya sistemi artıq fəaliyyət göstərir və bu platforma üzərindən hotellərin ulduz təsnifatı, bələdçilərin sertifikatlaşdırılması və digər xidmətlərin rəqəmsallaşdırılması həyata keçirilir.
R.Əliyev vurğulayıb ki, yaxın gələcəkdə ATB bütün yerləşmə vasitələrini – otellərdən əlavə hostellər və qonaq evlərini də platformaya daxil edərək internet keyfiyyətinin monitorinqini aparacaq. Bu proses çərçivəsində otellərin istifadə etdiyi internet operatorları siyahıya alınacaq və onların xidmətinin keyfiyyəti qiymətləndiriləcək.
Sədr müavini əlavə edib ki, turist rəyləri və sosial şəbəkələrdən toplanan məlumatlar əsasında otellərin xidmət keyfiyyəti analiz ediləcək və ciddi fərqlər aşkar olunduqda növbədənkənar inspeksiya həyata keçiriləcək. Bu tədbirlər nəticəsində ölkədə keçirilən beynəlxalq tədbirlər və turizm fəaliyyətləri üçün rəqəmsal infrastrukturun möhkəmləndirilməsi təmin olunacaq.
R.Əliyev bildirib ki, ATB SpeedTest kimi beynəlxalq tanınmış tərəfdaşlarla əməkdaşlıq edərək, ölkədə hotellərin internet xidmətinin keyfiyyətinin dünya standartlarına uyğun qiymətləndirilməsini təmin edəcək.
Rəşad Əliyev vurğulayıb ki, ATB-nin təşəbbüsləri turizm sektorunda rəqəmsal transformasiyanı sürətləndirərək, Azərbaycanı beynəlxalq tədbirlər və turistlər üçün daha cəlbedici destinasiya kimi təqdim etməyi hədəfləyir.