Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycan Dünya İqtisadi Forumunun “Səyahət və Turizmin İnkişafı İndeksi 2024” hesabatında 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.
Ölkə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanı qabaqlayıb. Bununla yanaşı, Azərbaycan Gürcüstandan 11, Qazaxıstandan isə 4 pillə geridə qalıb.
Dövlət Proqramında Azərbaycanın turizm bazarındakı mövqeyinin yaxşılaşdırılması üçün nəqliyyat və viza əlçatanlığının artırılması, turizm bazarlarının şaxələndirilməsi, mövsümiliyin azaldılması, investisiya mühitinin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi əsas çağırışlar kimi göstərilib.
Rəqəmsallaşma və dayanıqlı turizmə keçid də ölkənin beynəlxalq rəqabət qabiliyyətinə təsir edən əsas istiqamətlər sırasında yer alıb.
2030-cu ilədək həyata keçiriləcək tədbirlərin Azərbaycanın turizm indeksindəki mövqeyinin yaxşılaşmasına, turist məmnuniyyətinin və sektorun iqtisadi töhfəsinin artmasına xidmət etməsi nəzərdə tutulur.