Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyi Rusiyanın turoperatoru ilə birgə Moskvada Azərbaycan Respublikasının turizm imkanlarının təqdimatını keçirib.
İşgüzar səhər yeməyi formatında keçirilən tədbirdə turoperatorun tərəfdaşı olan 50-yə yaxın aparıcı turizm agentliyinin nümayəndələri iştirak ediblər. Görüş Rusiyanın turizm ictimaiyyəti ilə əməkdaşlığı gücləndirmək və Azərbaycanı Rusiya bazarında cəlbedici istiqamət kimi tanıtmaq məqsədi daşıyıb.
İşgüzar proqram çərçivəsində Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları tərəfdaşlarla birlikdə mövcud turizm təklifləri və əməkdaşlıq imkanlarından danışıblar. İştirakçılar Azərbaycanın turizm potensialını, istirahət növlərinin müxtəlifliyini və Rusiya turizm agentlikləri ilə gələcək qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.
2025-ci ilin sonunda Azərbaycana 600 mindən çox Rusiya vətəndaşı səfər edib. Bu ilin iyul ayında Azərbaycan Respublikasına gələn rusiyalı turistlərin sayı 73 min nəfəri ötüb ki, bu da ötən ilin müvafiq ayındakı göstəricidən çoxdur.
Hazırda iki ölkə arasında müntəzəm reysləri AZAL, Aeroflot, S7 Airlines, UTair, Rossiya, Ural Hava Yolları və İrAero həyata keçirir. Hava nəqliyyatı Azərbaycanın dörd hava limanını Rusiyanın ondan çox hava limanı ilə birləşdirir.