Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycanın qədim İpək yolu irsindən müasir dağ-xizək məkanlarınadək uzanan ilboyu səyahət imkanları Brüsseldə keçirilən “Avropa Səyahət və Turizm 2026” sammitində beynəlxalq auditoriyaya təqdim olunub.
Azərbaycan Turizm Bürosu idarə heyətinin sədri Florian Zenqstşmid sammit çərçivəsində “Azərbaycan: İpək yolundan xizək yamaclarınadək” sessiyasında və “Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ” panel müzakirəsində Azərbaycanın turizm imkanlarından bəhs edib.
Azərbaycanın Avropa ilə Asiya arasında təbii qovşaq kimi mövqeyi, zəngin tarixi-mədəni irsi və turizm məhsulları ölkənin beynəlxalq səyahətçilər üçün cəlbediciliyini artıran əsas üstünlüklər kimi önə çıxarılıb: “Azərbaycan ziyarətçilərə bir səfər çərçivəsində qədim tarix, zəngin mədəniyyət, müasir şəhər həyatı, dağ mənzərələri və qış turizmini bir arada kəşf etmək imkanı verir. Avropa ilə genişlənən birbaşa hava əlaqələri isə ölkəmizi beynəlxalq səyahətçilər üçün daha əlçatan edir”.
Azərbaycanın beynəlxalq səyahətçilər üçün əlçatanlığının genişlənməsi də sammitdə diqqətə çatdırılan mövzulardan olub. 2027-ci il mayın 8-dən Bakı-Brüssel marşrutu üzrə birbaşa uçuşların başlanmasının Avropa bazarından Azərbaycana səyahət imkanlarını genişləndirəcəyi bildirilib. Elektron viza sistemi və sadələşdirilmiş səyahət prosedurları da ölkəyə səfərlərin daha rahat planlaşdırılmasına imkan yaradır.
“Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ” panelində Florian Zenqstşmid Azərbaycanın genişlənən hava əlaqələri və Şərqlə Qərb arasında strateji mövqeyinin ölkənin beynəlxalq turizm əlaqələrinin inkişafı üçün yaratdığı imkanlardan söz açıb. Qeyd edilib ki, “Şahdağ” Turizm Mərkəzində 2027-ci il martın 5-dən 7-dək Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Dünya Kuboku yarışlarını keçirmək Azərbaycanın beynəlxalq qış turizmi məkanı kimi tanıdılması və ölkənin dağlıq regionlarına səyahətlərin təşviqi baxımından əlavə imkanlar yaradır.
Təqdimatda Azərbaycanın turizm təklifinin yalnız Bakı ilə məhdudlaşmadığı, ölkənin regionlarının da ziyarətçilərə müxtəlif təcrübələr təqdim etdiyi vurğulanıb. İpək yolu irsi, qədim yaşayış məntəqələri, dağlıq ərazilər, zəngin təbiət və yerli icmaların mədəni ənənələri Azərbaycanın regionlarını fərqli səyahət təcrübələri axtaran turistlər üçün cəlbedici istiqamətlərə çevirir. Cənubi Qafqazda əməkdaşlığın genişlənməsi isə gələcəkdə bir neçə ölkəni əhatə edən yeni turizm marşrutlarının formalaşması üçün imkanlar yarada bilər.
Sammit iştirakçıları Azərbaycanın turizm imkanları ilə yanaşı, ölkənin zəngin mətbəxi ilə də tanış olublar. “Euronews”un televiziya, yayım və “YouTube” platformaları daxil olmaqla qlobal şəbəkəsi vasitəsilə canlı yayımlanan sammit Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platforma rolunu oynayıb.
T.RÜSTƏMLİ
XQ