Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir.
İki qardaş ölkə hər zaman bir-birinin yanındadır
Bu səmimi, qırılmaz əlaqələr iki ölkənin siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə sıx əməkdaşlığı ilə yanaşı, ortaq mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində də özünü göstərir. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.
Hazırda dünyada, o cümlədən regionumuzda mürəkkəb proseslər davam edir. Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan xarici siyasət kursunda dost və müttəfiq ölkələrlə əlaqələri daha da gücləndirməkdədir. Təbii ki, bu sırada qardaş və strateji müttəfiq olan Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, o cümlədən regional proseslərlə bağlı koordinasiyalı şəkildə əməkdaşlıq edirlər, daim müzakirələr aparırlar. Bu baxımdan Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkəmizə son səfəri xüsusi vurğulanmalıdır.
Hakan Fidanın ölkəmizə səfəri...
Sentyabrın 15-də Prezident İlham Əliyevin Hakan Fidanla görüşü zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edilib. Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Eləcə də, ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsinin önəmi qeyd olunub.
İki ölkənin XİN başçıları Ceyhun Bayramovla Hakan Fidanın görüşündə isə dövlətlərimizin BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, AQEM, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8 və digər regional və beynəlxalq platformalarda da sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Bu çərçivədə, Türk Dövlətləri Təşkilatının ortaq tarix, dil və mədəni dəyərlər əsasında bir araya gələn qardaş dövlətlərin ailəsi kimi Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Bölgədə kommunikasiyaların bərpası diqqət mərkəzindədir
Məlumdur ki, ölkələrimiz arasında enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, daha sonra Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib.
Hazırda ölkələrimiz yeni layihələr üzərində işləyir. Nazirlərin görüşündə də bölgədə nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, yeni enerji bağlantılarının yaradılması və regional iqtisadi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Orta Dəhlizin inkişafı, tranzit imkanlarının artırılması və qarşılıqlı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Eləcə də Azərbaycanın əsas hissəsindən onun Naxçıvan Muxtar Respublikasına, daha sonra Türkiyəyə və regionun digər istiqamətlərinə bağlantıların inkişaf etdirilməsi üzrə işlərin regionda uzunmüddətli sülh, sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.
Nazirlərin mətbuat konfransında isə C.Bayramov qeyd edib ki, Azərbaycanın əsas hissəsindən yeni nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlər sürətlə davam edir: “Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb. Dəmir yolunun icra səviyyəsi isə təxminən 75 faiz təşkil edir. Hər iki layihənin Azərbaycanın əsas hissəsində 2027-ci ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur”.
H.Fidan qeyd edib ki, Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan və Türkiyə əhəmiyyətli rol oynayır. Bu layihə Türkiyəni Xəzər dənizi vasitəsilə Türk dünyası ilə birləşdirir. Onun sözlərinə görə, hazırda Qars-Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır: “2028-ci ilin sonuna qədər bu işlərin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra Azərbaycandan yola çıxan qatarların Türkiyəyə birbaşa keçidi mümkün olacaq”.
110 bənddən ibarət yol xəritəsi...
Görüşdə verilən vacib bəyanatlardan biri də Şuşa Bəyannaməsi və gələcək planlarla bağlıdır. C.Bayramovun sözlərinə görə, elə bir sahə yoxdur ki, Şuşa Bəyannaməsində öz əksini tapmasın. Bütün sahələr üzrə əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın təməlləri kifayət qədər genişdir. Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq, yalnız regional məsələlərlə məhdudlaşmır. Belə ki, Azərbaycan, Türkiyə və hər hansı Afrika ölkəsi arasında üçtərəfli formatda əməkdaşlığın həyata keçirilməsi üçün də geniş imkanlar mövcuddur. Bundan əlavə, 2025-ci ilin dekabr ayında Azərbaycan və Türkiyə arasında Hökumətlərarası Komissiyanın iclasının nəticəsi olaraq iki ölkə arasında yalnız iqtisadi sahəni əhatə edən 110 bənddən ibarət yol xəritəsi qəbul olunub. Bu yol xəritəsi qarşıdakı illərə hesablanmış mühüm sənəddir. Göründüyü kimi, hazırda aparılan müzakirələr və imzalanan sənədlər təkcə bugünə deyil, gələcək perspektivə hesablanıb.
Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik sahəsində qurulan əməkdaşlıq yalnız iki ölkənin milli maraqları çərçivəsində deyil, bütövlükdə, regionun sabitliyinin, təhlükəsizliyinin təmin olunması baxımından da xüsusi önəm daşıyır. Bu tərəfdaşlıq əsrlər boyu qardaş xalqlarmızın ortaq iradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasir dövrdə yeni məzmun və mahiyyət qazanıb. İki dövlət müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, NATO və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq edərək, regional və qlobal təhlükəsizlik təşəbbüslərində birgə mövqe sərgiləyir. Xüsusilə Azərbaycanın 30 il davam edən işğala son qoyduğu İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin göstərdiyi birmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını və qardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, hərbi əməkdaşlığın praktiki istiqaməti də daim genişlənməkdədir. Ölkəmizin müxtəlif bölgələrində keçirilən hərbi təlimlərdə Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələrinin birgə iştirakı hər iki ordunun döyüş hazırlığının artırılmasına, koordinasiyanın güclənməsinə və regional təhlükəsizliyin təmininə mühüm töhfə verir. Bu təlimlər yalnız ikitərəfli səviyyədə deyil, həm də NATO ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Bundan əlavə, müdafiə sənayesi sahəsində birgə layihələr, müasir silah sistemlərinin tədarükü və texniki təchizatın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qardaş ölkələrimizin müdafiə qabiliyyətinin daha da artırılmasına xidmət edir. Bu əməkdaşlıq Azərbaycanın və Türkiyənin regional təhlükəsizlik məsələlərindəki həmrəyliyini gücləndirməklə yanaşı, eyni zamanda, Cənubi Qafqaz və Orta Asiya regionlarında sülhün, sabitliyin təmin olunmasında mühüm rol oynayır.
Bütövlükdə, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik, xüsusilə İran ətrafında yaranmış vəziyyət iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təmin olunması üçün birgə diplomatik fəaliyyət həyata keçirir. Bu baxımdan, Hakan Fidanın ölkəmizə səfəri Azərbaycan-Türkiyə əlaqələrinin təkcə simvolik deyil, institusional səviyyədə də davamlı və çoxqatlı xarakter daşıdığını göstərir. Energetika, logistika və təhlükəsizlik məsələlərinin paralel müzakirə olunması iki ölkənin regional layihələrdə əlaqələndirilmiş mövqe nümayiş etdirməyə davam etdiyinə işarədir. Bu cür davamlı yüksək səviyyəli təmaslar Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təkcə bəyanat xarakterli deyil, praktiki əməkdaşlıq mexanizmləri ilə də dəstəkləndiyinin göstəricisidir. Səfər bir daha təsdiqlədi ki, iki qardaş dövlət arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələr ardıcıl və planlı şəkildə dərinləşməkdə davam edir.
Nardar BAYRAMLI