Azərbaycan Türkiyə hərbi təhsil sahəsində inteqrasiyanı dərinləşdirir Ekspert

25.11.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Peşəkar zabit hazırlığı və təcrübə mübadiləsi döyüş potensialının artırılmasına xidmət edir

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf etdirilir. Bu əlaqələrin mühüm istiqamətlərindən biri də hərbi təhsil və peşəkar kadr hazırlığıdır. İki ölkənin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsi, qarşılıqlı səfərlər və birgə fəaliyyətlər orduların hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri Bakıda keçirilən görüşdə də diqqət mərkəzində olub.

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Nümayəndə heyəti Milli Müdafiə Universitetinin rəhbərliyi ilə görüşərək hərbi təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi imkanlarını müzakirə edib. Səfər çərçivəsində hərbi təhsil müəssisələri ilə yanaşı, bir sıra tarixi və mədəni məkanlara da baş çəkilib.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında bildirib ki, hərbi təhsil sahəsində əməkdaşlıq modernləşmə və inteqrasiyaya yönəlib:

“Türkiyə və Azərbaycan arasında hərbi təhsil sahəsində əməkdaşlıq Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Bu əməkdaşlığın əsas istiqamətləri dost və qardaş ölkələr arasında hərbi təhsilin modernləşdirilməsi, qarşılıqlı və birgə kadr hazırlığı, eyni zamanda müdafiə sahəsində inteqrasiyanın daha da dərinləşdirilməsidir.

Milli Müdafiə Universitetinin yaradılmasında və fəaliyyətində Türkiyənin hərbi təhsil sistemi əsas təcrübə mənbələrindən biridir. Buna görə də iki qardaş ölkə arasında əlaqələr rəsmi görüşlər, birgə layihələr və proqramlar əsasında hər il daha da inkişaf etdirilir. Bu görüşlərdə Azərbaycan və Türkiyənin hərbi təhsil müəssisələrinin tədris proqramları və standartları uyğunlaşdırılır”.

Müsahibimiz vurğulayıb ki, peşəkar zabit hazırlığı və təcrübə mübadiləsi döyüş potensialının artırılmasına xidmət edir:

“Qarşılıqlı təhsil proqramları çərçivəsində hər iki ölkənin müxtəlif qoşun növləri və hərbi tibb sahələri üzrə peşəkar zabit hazırlığı həyata keçirilir. Hərbi təlim metodikaları və ixtisas proqramları müasir hərb elminin tələblərinə uyğunlaşdırılır. Eyni zamanda, hərbi təhsillə məşğul olan qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi daha da genişləndirilir. Universitetlərin rəhbər və professor-müəllim heyətləri arasında işgüzar səfərlər, seminarlar və konfranslar təşkil edilir. Elmi tədqiqatlar sahəsində də əməkdaşlıq kifayət qədər inkişaf edib.

Digər tərəfdən, mövcud müsbət təcrübə mübadiləsi digər türk dövlətləri ilə də üçtərəfli və regional formatlarda inkişaf etdirilir.

İstənilən halda, Azərbaycan və Türkiyənin hərbi təhsil sahəsində əməkdaşlığı hər iki qardaş ölkənin silahlı qüvvələri üçün mühüm əhəmiyyət kəsb edir. Ordumuzun peşəkar zabitlərlə komplektləşdirilməsi onun döyüş potensialının artırılmasına birbaşa xidmət edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью