Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə genişlənərək yeni məzmun kəsb edir. İki ölkə arasında əlaqələrin yüksək səviyyəsi və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıda keçirilən birgə mətbuat konfransında da xüsusi vurğulanıb. Tərəflər münasibətlərin hazırkı vəziyyətini, əldə olunan nəticələri və qarşıdakı dövr üçün əsas əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıblar.
Ceyhun Bayramov bildirdi ki, Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir. Bu, iki ölkə rəhbərinin ortaya qoyduğu siyasi iradədə və Şuşa Bəyannaməsində əksini tapan yanaşmada aydın şəkildə ifadə olunur. Elə bir sahə yoxdur ki, Şuşa Bəyannaməsində öz əksini tapmasın. Nazir dedi ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələr də dinamik şəkildə inkişaf edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5,7 milyard ABŞ dolları təşkil edib. 2026-cı ilin ilk 8 ayında isə bu göstərici 3,2 milyard ABŞ dollarına çatıb. “Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard ABŞ dollarına, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 18 milyard ABŞ dollarına çatıb. Hazırda Azərbaycanda Türkiyənin 400-dən çox şirkəti fəaliyyət göstərir”, – Ceyhun Bayramov qeyd etdi.
İki ölkə arasında enerji, nəqliyyat və logistika sahələrində də mühüm layihələr həyata keçirilir. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan və Türkiyənin deyil, geniş coğrafiyanın enerji təhlükəsizliyinə verilən böyük töhfədir. Ceyhun Bayramov Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlərin böyük hissəsinin tamamlandığını bildirdi. O qeyd etdi ki, hazırda iki ölkə arasında böyük perspektivə və potensiala malik, növbəti onilliklərə hesablanmış məsələlər üzrə koordinasiyalı iş aparılır.
Azərbaycan ərazisində yeni nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlərin də sürətlə davam etdiyini bildirən nazirin sözlərinə görə, Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi, dəmir yolunun isə 75 faizi artıq tamamlanıb. Hər iki layihənin Azərbaycanın əsas hissəsində 2027-ci ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur.
Nazir Türk Dövlətləri Təşkilatının həm Azərbaycan, həm də Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Onun sözlərinə görə, burada əlaqələrin daha da gücləndirilməsi və əməkdaşlığın təkmilləşdirilməsi iki ölkə üçün prioritet istiqamətlərdəndir. “Azərbaycan və Türkiyənin iştirakı ilə bir sıra önəmli əməkdaşlıq formatları mövcuddur. Bunların sırasında üçtərəfli və dördtərəfli formatları qeyd edə bilərik. Misal üçün, Azərbaycan–Türkiyə–Gürcüstan, Azərbaycan–Türkiyə–Özbəkistan, Azərbaycan–Türkiyə–Pakistan və bir sıra digər formatları göstərmək mümkündür. COP29 sədri olaraq ölkəmiz yaxın zamanda COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir”, - Ceyhun Bayramov əlavə etdi.
Ceyhun Bayramov Azərbaycan–Türkiyə əməkdaşlığının yalnız ikitərəfli və regional məsələlərlə məhdudlaşmadığını da vurğuladı. Onun sözlərinə görə, iki ölkə arasında Afrika ölkələri ilə üçtərəfli formatda əməkdaşlığın həyata keçirilməsi üçün də geniş imkanlar mövcuddur. Nazir bildirdi ki, 2025-ci ilin dekabrında Azərbaycan və Türkiyə arasında Hökumətlərarası Komissiyanın iclasının nəticəsi olaraq iki ölkənin iqtisadi əməkdaşlığını əhatə edən 110 bənddən ibarət yol xəritəsi qəbul edilib. Onun sözlərinə görə, bu sənəd qarşıdakı illərə hesablanmış mühüm əməkdaşlıq proqramıdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan səfərin tarixi əhəmiyyətinə də diqqət çəkərək bildirdi ki, onun Bakıya səfəri şəhərin azad edilməsinin 108-ci ildönümünə təsadüf edir. “Bugünkü səfərin mühüm bir tarixi əhəmiyyəti də var. Bu gün Bakı şəhərinin azad edilməsinin 108-ci ildönümüdür”, – Hakan Fidan əlavə etdi.
O, Azərbaycan–Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı: “Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə formalaşmış bir münasibət mövcuddur”. Türkiyəli nazir qeyd etdi ki, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin prezidentlər tərəfindən müəyyənləşdirilən 15 milyard ABŞ dolları hədəfinə çatdırılması istiqamətində bütün aidiyyəti qurumlar, peşə təşkilatları və ticarət palataları səylərini davam etdirir.
Hakan Fidan Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan və Türkiyənin mühüm rol oynadığını bildirdi. Onun sözlərinə görə, bu layihə Türkiyəni Xəzər dənizi vasitəsilə Türk dünyası ilə birləşdirir. “Enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımız da münasibətlərimizin digər strateji istiqamətini təşkil edir. Bu sahədə hazırda çoxsaylı layihələr həyata keçirilir. Bakı–Tbilisi–Qars dəmir yolunu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biri hesab edirik”, – Hakan Fidan əlavə etdi.
O, Qars–Dilucu dəmir yolu layihəsinin də Orta Dəhlizin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirdi. Qeyd olundu ki, layihənin 2029-cu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Bundan sonra Azərbaycandan yola çıxan qatarların Türkiyəyə birbaşa keçidi mümkün olacaq.
Səbuhi MƏMMƏDOV,
Cavid QAÇAYEV (foto)
XQ