Azərbaycan Türkiyə müttəfiqliyinin sınağı

14.10.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər qarşılıqlı qavrayış baxımından emosional böhran yaşayır. Demək olar ki, iki ölkə arasında müttəfiqlik inteqrasiya imkanlarının son həddinə çatıb. Ənənəvi “Bir millət, iki dövlət” formulunda məhz ikinci hissə — “iki dövlət” ifadəsi — təbii məhdudlaşdırıcı amil rolunu oynayır.

Böhranın mahiyyəti

İlk baxışdan diqqət çəkən və haqqında çox danışılan, çox yazılan mövzular var. Onları sadəcə sadalayaq:

-Türkiyədə Azərbaycan-İsrail münasibətləri məsələsi gündəmə gətirilir;

-Türkiyədə Azərbaycanda məktəbli geyim forması ilə bağlı qaydalar müzakirə olunur;

-Azərbaycanda isə Türkiyə-Ermənistan münasibətləri müzakirə mövzusuna çevrilir.

İctimai-siyasi diskursda konkret ölkələrin adlarının açıq şəkildə çəkildiyi mövzular, sanki, bunlarla məhdudlaşır.

İqtisadi əlaqələr, ticarət dövriyyəsi, infrastruktur və enerji layihələri, hərbi-texniki əməkdaşlıq, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, Yaxın Şərqdə və Avropa istiqamətində xarici siyasət prioritetləri, Rusiya, Çin və ABŞ ilə münasibətlər, Balkanlar və Afrika ilə əlaqələr, eləcə də digər məsələlər bu fikir ayrılıqlarının mövzusu deyil.

Sadəcə, son bir neçə ayda mənfi informasiya axınına səbəb olan məsələləri qeydə alaq.

Qeyd edək ki, xarici siyasət hər bir dövlətin suveren hüququdur. Hər ölkə xarici siyasətini milli maraqlarına uyğun şəkildə müəyyənləşdirir və həyata keçirir. “Bir millət – iki dövlət” formulunun mahiyyəti də budur.

Türkiyədə bir çoxları belə bir sual verirdi: Türkiyə Ermənistanla münasibətlərini niyə Azərbaycanla sinxronlaşdırır, Azərbaycan isə İsraillə münasibətlərində Türkiyənin siyasətini nəzərə almır?

Hər şey çox sadədir: Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi, İsrail isə Türkiyənin heç bir ərazisini işğal etməyib. Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesində rol oynayır. Üstəlik, Türkiyə ilə İsrail arasında ticarət də adi qaydada davam edir.

Beləliklə, İsraillə münasibətlər və məktəbli geyim forması ilə bağlı qaydalar Azərbaycanın suverenliyinə aid məsələlərdir. Türkiyədə səsləndirilən mövqelər isə Ankaranın Azərbaycandan gözləntilərini əks etdirir. Azərbaycan bu gözləntiləri qəbul etmir.

Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyədə ideoloji əsaslara söykənən xarici siyasət formalaşıb. Bu, Bakı üçün yenilik deyil. Azərbaycan isə bütün bu müddət ərzində emosional amili inkar etmədən münasibətləri praqmatizm çərçivəsində saxlamağa çalışır.

Azərbaycanla müttəfiqlik Türkiyənin regiondakı uğur hekayəsidir. Çünki Azərbaycan təşkilati, maliyyə, enerji və malik olduğu digər resurslarla bu müttəfiqliyi həm regionda, həm də onun hüdudlarından kənarda dəstəkləyir.

Bəli, 2009-cu ildə də münasibətlərimizdə böhran yaşanmışdı. Təcrübə göstərdi ki, Azərbaycan tarixin doğru tərəfində dayanmışdı. Azərbaycan-Türkiyə münasibətlərinin mürəkkəbləşməsində maraqlı olan xarici qüvvələr çoxdur. Bu məsələdə İran və İsraildəki hakimiyyət dairələri eyni mövqedən çıxış edən tərəflər kimi görünür.

Beləliklə, Türkiyə hakimiyyətinə yaxın məmurların, siyasətçilərin və ictimai xadimlərin Azərbaycanla bağlı israrlı gözləntiləri Azərbaycanın suverenliyinə birbaşa təzyiqdir. Azərbaycandan hakim partiyanın və parlamentlərarası dostluq qrupunun cavabları gəldi.

Biz isə Türkiyənin dövlət qurumlarında müxtəlif təriqətlərin nümayəndələrinin yerləşməsindən narazı olduğumuzu bəyan etmirik…

Nə baş verəcək?

İlin sonunadək Türkiyədə Türk Dövlətləri Təşkilatının sammitinin keçirilməsi gözlənilir. Həmin sammitdə təşkilata sədrlik Azərbaycana keçməlidir. Həmin vaxta qədər Türkiyə siyasətçilərinin bəyanatları Azərbaycan tərəfinin də cavab reaksiyasına səbəb ola bilər. Bu isə gərginliyi daha da artıracaq. Əsas məsələ ritorik qarşıdurma çərçivəsində qalmaq və qərarların qəbul edilməsi səviyyəsinə keçməməkdir.

Nə dövlətlərarası münasibətlər, nə də xalqlar arasındakı əlaqələr səviyyəsində Azərbaycan və Türkiyə müttəfiqliyinin təbii mahiyyətini heç kim dəyişə bilməz. Vacib olan böhranın ən aşağı həddini müəyyənləşdirmək və oradan geriyə dönüşü təmin etməkdir. Bu böhran münasibətlər üçün yeni çərçivələr formalaşdıracaq. Həmin çərçivələrin aşılması isə suverenliyə qəsd kimi qiymətləndiriləcək.

Fərhad Məmmədov 

 Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq 

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью