AZƏRBAYCAN ÜÇÜN YENİ GƏLİR QAPISI AÇILIR... Ekspert vacib məqamları AÇIQLADI

25.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycan yük daşımalarından daha çox qazana bilərmi? 

Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq logistika və tranzit daşımalarında mühüm rol oynamasına imkan yaradır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yük axınının artması Azərbaycanın regional nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Bununla belə, tranzit daşımalarının genişlənməsinin ölkə iqtisadiyyatına daha çox gəlir, yeni iş yerləri və əlavə iqtisadi dəyər qazandırması üçün logistika infrastrukturunun inkişafı ilə yanaşı, digər sahələrlə inteqrasiyası da vacib hesab olunur.

Azərbaycan tranzit ölkə statusundan daha geniş iqtisadi imkanlar yaradan logistika mərkəzinə çevrilmək üçün hansı addımları atmalıdır? Yük axınının artmasını ölkə iqtisadiyyatı üçün daha böyük gəlir və əlavə dəyərə çevirmək baxımından hansı imkanlar mövcuddur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanın müxtəlif nəqliyyat infrastrukturlarına malik olması və son illərdə bu sahədə şaxələndirmə istiqamətində atılan addımlar ölkənin tranzit imkanlarını genişləndirib.

Onun sözlərinə görə, artıq bir sıra nəqliyyat növləri üzrə müsbət dinamika müşahidə olunur. Azərbaycanın aviasiya və yük donanması bu baxımdan mühüm rol oynayır, ölkənin coğrafi mövqeyi isə müxtəlif hava dəhlizlərinin formalaşdırılması üçün əlverişli imkanlar yaradır: “Son 5 ildə hava daşımaları üzrə 360 faiz artım qeydə alınıb. Region ölkələrinin də bu istiqamətdə fəallığını artırdığı nəzərə alınarsa, geosiyasi risklər azaldıqdan sonra yükdaşıma şirkətlərinin böyük hissəsinin Azərbaycan üzərindən keçən hava dəhlizlərindən yenidən istifadə edəcəyi gözlənilir.

Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsində dəniz donanması da mühüm yer tutur. Ölkənin 167 illik dənizçilik təcrübəsi var və son illərdə Xəzərdə yükdaşımalarla yanaşı, Xəzərdən kənarda – dünya okeanlarında və dənizlərində də fəaliyyət genişlənib. Azərbaycan bayrağı altında üzən, o cümlədən “Aframaks” tipli tankerlər və müxtəlif yük gəmiləri beynəlxalq sularda daşımalar həyata keçirir. Bu, ölkənin yalnız Xəzər hövzəsi ilə məhdudlaşmayan dəniz nəqliyyatı imkanlarını genişləndirir və əlavə iqtisadi gəlirlər əldə etməsinə şərait yaradır.

Digər mühüm istiqamət Azərbaycanın əsas ixrac boru kəmərləridir. Neft kəmərləri vasitəsilə ölkə həm öz neftini, həm də bəzi qonşu dövlətlərin neftini ixrac edə bilir. Qaz kəmərləri isə hazırda Azərbaycan qazının beynəlxalq bazarlara çıxarılmasına xidmət edir. Gələcəkdə Xəzər regionunun digər resurslarla zəngin ölkələrinin qazının da bu infrastrukturlar vasitəsilə ixracı üçün əlavə imkanların yaradılması nəzərdə tutula bilər”.

Ekspert qeyd edib ki, quru nəqliyyatında, xüsusilə avtomobil daşımalarında da artım qeydə alınır. Son 5 ildə Azərbaycan avtomobil daşıyıcılarının sayı 14 minə çatıb: “Bu göstərici nəqliyyat xidmətlərinin ixracı baxımından da əhəmiyyətlidir. Daşıyıcılar təkcə Azərbaycan yüklərini və ölkəyə daxil olan malları deyil, üçüncü ölkələr arasında daşınan yükləri də daşıyaraq əlavə iqtisadi dəyər yaradırlar.

Dəmir yolu daşımaları isə bir sıra texniki və təşkilati məsələlərin uzlaşdırılmasını tələb edir. Müxtəlif ölkələrdə dəmir yolu sistemlərinin, o cümlədən rels ölçülərinin fərqli olması, sənədləşmə prosedurları və yükün izlənməsi sistemləri bu sahədə koordinasiyanı zəruri edir. Konteynerlərin, platformaların və vaqonların hərəkətinin izlənməsi, yükün mənşəyindən təyinat nöqtəsinə qədər izlənə bilməsi logistika proseslərinin səmərəliliyini artıran əsas amillərdəndir.

Azərbaycanın son illərdə imzaladığı strateji və müttəfiqlik sazişləri, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyəti də tranzit imkanlarına müsbət təsir göstərir. Çinlə Azərbaycan arasında, eləcə də Çin-Azərbaycan-Avropa xəttində daşımaların inkişafı bu baxımdan diqqət çəkir. Ağamirzəyev hesab edir ki, qarşıdakı 20 ildə iqtisadi aktivliyin əsas mərkəzlərindən biri Şərqi və Cənub-Şərqi Asiya olacaq. Azərbaycanın bu istiqamətdə fəallığını artırması ölkənin tranzit və logistika imkanlarının daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir”.

R.Ağamirzəyev əlavə edib ki, ölkə daxilində logistika infrastrukturunun inkişafı üçün yüklərin saxlanılması imkanlarının artırılması və bu sahədə mövcud maneələrin aradan qaldırılması vacibdir: “Azərbaycanın və xüsusilə Bakının Avrasiyanın mərkəzində yerləşməsi yük saxlama və sonradan yeni yük axınlarının formalaşdırılması üçün əlverişli şərait yaradır. Yüklərin ölkədə saxlanılması imkanlarının genişləndirilməsi, bu xidmətlərin əlçatan olması həm yerli əhalinin logistika proseslərinə cəlb edilməsinə, həm də əlavə gəlir mənbələrinin yaranmasına xidmət edə bilər.

Marşrutlar boyunca logistika mərkəzlərinin və quru limanlarının (dry port) yaradılması da tranzit imkanlarını artıran amillər sırasındadır. Bununla yanaşı, avtomobil magistralları yenidən qiymətləndirilməli, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə yük maşınları üçün parklar yaradılmalıdır. Sürücülərin istirahəti, qidalanması, avtomobillərin texniki baxışı və təmiri üçün dünya standartlarına uyğun xidmət mərkəzlərinin qurulması vacibdir. Qəza və nasazlıq zamanı operativ evakuasiya, mobil təmir briqadalarının fəaliyyəti beynəlxalq yükdaşıma proseslərinin fasiləsizliyinə kömək edə bilər.

Dəmir yolu sahəsində də regional koordinasiyanın gücləndirilməsi zəruridir. Mərkəzi Asiya ölkələrindən Xəzərə qədər olan marşrutlarda uzlaşdırılmış fəaliyyət, Xəzərdən qərbə doğru isə müxtəlif istiqamətlər üzrə daşımaların inkişafı Azərbaycanın tranzit potensialını artıracaq. Azərbaycan-Gürcüstan-Türkiyə, eləcə də perspektivdə Azərbaycan-Ermənistan-Türkiyə istiqamətlərində yükdaşımaların genişləndirilməsi üçün dəmir yolu infrastrukturu, stansiyalar və uzun yük platformaları uyğunlaşdırılmalıdır. Bu, daha böyük həcmli yüklərin daşınmasına və əməliyyat səmərəliliyinin artırılmasına imkan verə bilər”.

Ekspert dəmir yolu infrastrukturunda enerji sisteminin yenilənməsinin də vacibliyini vurğulayıb: “2012-ci ildən dəyişən cərəyan sisteminə keçid istiqamətində işlərə başlanılıb. Yük daşımaları baxımından Hacıqabul-Ələt xəttində bu keçidin sürətləndirilməsi yeni alınmış yük lokomotivlərinin daha səmərəli istifadəsinə imkan verə bilər. Dəyişən cərəyan sisteminin tətbiqi daşınma xərclərini təxminən 20 faiz azaltmaq potensialına malikdir.

Hesab edirəm ki, bu istiqamətlərdə işlərin sürətləndirilməsi Azərbaycanın mövcud nəqliyyat infrastrukturu üzrə əməliyyat səmərəliliyini artırmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına və əlavə iqtisadi dəyərin formalaşmasına da töhfə verə bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью