Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə tanıdılır

10.09.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankarada “İlmənin macəraları” kitabı nəşr edilib

Ankara, 10 sentyabr, AZƏRTAC

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan uşaq yazarı, professor Solmaz Amanovanın “İlmənin macəraları” kitabı Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr edilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan uşaq ədəbiyyatının qardaş ölkədə tanıdılması və uşaqlar arasında mədəni körpülərin qurulması məqsədilə həyata keçirilib.

Qeyd edək ki, “İlmənin macəraları” kitabı uşaqlara yazıb-oxumağı, hesablamanı öyrətməklə yanaşı, Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təsviri incəsənəti, habelə gələcək nəsillərin intelektual inkişafı üçün maraqlı mənbədir.

Əsərin baş qəhrəmanı İlmə – inadkar, ağıllı və daim öyrənməyə can atan bir uşaqdır. Onun gündəlik macəraları vasitəsilə oxucular müxtəlif dəyərlərlə tanış olur və həyatı kəşf edir.

Kitabda dostluq, dürüstlük, mərhəmət, ailə sevgisi kimi insani dəyərlər sadə, uşaqların anlayacağı dildə təqdim olunur. Rəngarəng illüstrasiyalar isə balaca oxucuların təxəyyülünü canlandırır, hekayələri daha da yaddaqalan edir.

“İlmənin macəraları” kitabı Türkiyə türkcəsinə tərcüməçi, pedaqoq, Konya Selcuq Universitetinin dosenti Təranə Həşimova tərəfindən çevrilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, nəşrin Türkiyənin xalq, uşaq kitabxanalarına, aparıcı məktəblərin kitabxanalarına hədiyyə edilməsi nəzərdə tutulur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью