Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin 10 ayında Azərbaycan vasitəsilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcmi ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 25 % artaraq 2,26 milyon tona çatıb.
"Report" Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi – yeni üfüqlər və imkanlar" IV Həştərxan beynəlxalq forumunda bildirib.
Forumun plenar sessiyasında "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi – Azərbaycanın uzunmüddətli strateji prioriteti" təqdimatı ilə çıxış edən diplomat bu dəhlizin qərb marşrutunun inkişafında ölkənin mərkəzi rolunu qeyd edib.
O bildirib ki, 2025-ci ildə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə Azərbaycan vasitəsilə tranzit daşımaların həcmi 12 % artaraq 2,34 milyon ton təşkil edib. 2026-cı ilin 10 ayı ərzində dəmir yolu daşımaları 40 %-dən çox, avtomobil daşımaları isə 18 % artıb.
R. Mustafayev, həmçinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, infrastrukturun gələcək modernləşdirilməsi, fiziki və inzibati maneələrin aradan qaldırılması, eləcə də nəqliyyat proseslərinin rəqəmsallaşdırılması "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa imkan verəcək.
Forum çərçivəsində səfir həmçinin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb. Tərəflər Azərbaycanla region arasında əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.
İ. Babuşkin Bakı ilə Həştərxan arasında birbaşa hava əlaqəsinin bərpası barədə qərara, habelə birgə layihələrin dəstəklənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin