Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu münasibətlərin əsasında qarşılıqlı siyasi etimad, ortaq iqtisadi maraqlar və beynəlxalq məsələlərdə yaxın mövqelər dayanır. Hər iki ölkə regional və qlobal proseslərdə konstruktiv rol oynayan, çoxvektorlu xarici siyasət yürüdən və enerji təhlükəsizliyinə töhfə verən dövlətlər kimi çıxış edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.
O qeyd edib ki, 2026-cı il fevralın 2-dən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri bu münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Əbu-Dabidə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında müzakirələr aparılıb. Görüş zamanı enerji, iqtisadi investisiyalar, müdafiə və təhlükəsizlik, mədəni-humanitar əlaqələr, eləcə də yaşıl enerji və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi əsas diqqət mərkəzində olub.
Mütəxəssis enerji sahəsinin Azərbaycan-BƏƏ münasibətlərində aparıcı istiqamətlərindən biri olaraq qaldığına diqqət çəkərək vurğulayıb ki, tərəflər “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkəti tərəfindən alınması barədə razılığa gəliblər. Bu addım həm Azərbaycanın enerji ixracının şaxələndirilməsinə, həm də BƏƏ-nin qlobal enerji bazarındakı mövqelərinin gücləndirilməsinə xidmət edir. Bununla yanaşı, BƏƏ Azərbaycanın yaşıl enerji sektorunda ən böyük investor ölkələrdən biridir. “Masdar” şirkətinin iştirakı ilə 2022-ci ildə Azərbaycanda MDB məkanında ən böyük Günəş elektrik stansiyasının istifadəyə verilməsi iki ölkənin bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığının bariz nümunəsidir. İkitərəfli investisiya əməkdaşlığı yalnız enerji sektoru ilə məhdudlaşmır. Kənd təsərrüfatı, yüksək texnologiyalar, süni intellekt, rəqəmsal texnologiyalar və innovasiya sahələrində birgə layihələr həyata keçirilir. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatının şaxələndirilməsinə, dayanıqlı inkişafın təmin olunmasına və gələcək texnoloji çağırışlara uyğunlaşmasına şərait yaradır.
“Strateji tərəfdaşlığın hüquqi və siyasi bazası “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” kimi vacib sənədlərlə daha da möhkəmləndirilib. Bu sənədlər uzunmüddətli əməkdaşlığın institusional əsaslarını formalaşdırır və qarşılıqlı öhdəlikləri təsbit edir. Həmçinin Azərbaycan və BƏƏ beynəlxalq platformalarda, xüsusilə iqlim gündəliyi çərçivəsində də sıx əməkdaşlıq edir. Hər iki ölkə “COP Troykası”nın üzvlərindən ikisidir, COP28 BƏƏ-də, COP29 isə Azərbaycanda keçirilib. Bu fakt tərəflərin qlobal iqlim problemlərinin həllində birgə və məsuliyyətli mövqe nümayiş etdirdiyini göstərir. Bundan əlavə hər iki dövlət strateji coğrafi mövqeyə malik olması, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasəti ilə oxşar inkişaf modelinə sahibdir. Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərin tənzimlənməsində etibarlı və neytral platforma kimi də çıxış edir. Ümumilikdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər qarşılıqlı maraqlara, siyasi etimada və gələcəyə yönəlmiş strateji baxışa əsaslanır. Bu tərəfdaşlıq həm regional sabitliyə, həm də qlobal əməkdaşlıq proseslərinə mühüm töhfə vermək potensialına malikdir”, - deyə S.Zahidov əlavə edib.