Azərbaycan və Çad peyk xidmətləri sahəsində əməkdaşlıq etməyi planlaşdırır

29.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 yanvar, AZƏRTAC

“AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) və Çad Respublikasının Elektron Kommunikasiya və Poçt üzrə Tənzimləyici Qurumu (ARCEP) arasında rəqəmsal transformasiya, innovasiya mərkəzləri və rəqəmsal məhsulların ixracı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi peyk xidmətləri və kosmik fəaliyyət sahəsində iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığın inkişaf etdirilməsidir.

Anlaşmaya əsasən, tərəflər kosmik ekosistemin inkişafı, strateji konsaltinq, radiotezliklərin idarəedilməsi, coğrafi informasiya sistemləri (GIS), məsafədən zondlama, peyk rabitəsi, peyklərin idarə olunması və yerüstü sistemlər, eləcə də kosmik fəaliyyət və peyk xidmətləri sahəsində tənzimləmə və normativ məsələlər üzrə əməkdaşlıq etməyi planlaşdırırlar. Həmçinin əməkdaşlıq çərçivəsində telekommunikasiya, videoyayım və məlumat xidmətləri, teleportlar və yerüstü stansiya xidmətləri sahəsində biznes imkanlarının araşdırılması, geoinformasiya texnologiyaları, süni intellekt və Yerin müşahidəsi xidmətləri üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Memorandumda təhsil və insan kapitalının inkişafı istiqaməti də xüsusi yer tutur. Bu çərçivədə “Azərkosmos”un KOSMİK Akademiyası ilə müəllimlər və şagirdlər üçün təhsil proqramlarının icrası, yay məktəblərinin təşkili, məktəblər üçün peyk proqramlarının həyata keçirilməsi və birgə fəaliyyətlərin icrası planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью