Azərbaycan və Ermənistanın bu sənədi eyni vaxtda imzalaması təsadüfi deyil Sülh Şurası ilə bağlı AÇIQLAMA

23.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, ötən gün Davosda ABŞ Prezidenti Donald Trampın işitirakı ilə Sülh Şurasının təsis sənədi imzalanıb. Şuraya üzv olan dövlətlər arasında Azərbaycan və Ermənistan da var. Eyni zamanda sənəd imzalandıqdan sonra Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın arasında əyləşməsi diqqətdən qaçmayıb.

Redaktor.az-a danışan politoloq Əli Mustafanın sözlərinə görə, Azərbaycan və Ermənistanın bu sənədi eyni vaxtda imzalaması təsadüfi deyil:

"ABŞ Prezidenti Donald Tramp əslində qeyd etmək istəyir ki, bu Sülh Şurasının təsisçisi, təşəbbüsçüsü kimi Amerika olaraq biz Azərbaycan və Ermənistan arasında sülhü yaxınlaşdırdıq, o sülh sazişinin paraflanmasını təmin etdik. İndi də artıq mühüm bir qurum kimi formalaşdırırıq, institusional mərhələni reallaşdırırıq. Tramp hər zaman özü barədə dediyi məsələləri bərkidir. Azərbaycanın və Ermənistanın da burda iştirakı həm də ona görə əhəmiyyətlidir ki, məhz bu dövlətlərdə bilavasitə Trampın təşəbbüsü ilə sülhə doğru müəyyən irəliləyiş əldə ediblər. Bu, Tramp üçün də əhəmiyyətlidir. Əlbəttə, Azərbaycan üçün də əhəmiyyətlidir, çünki artıq Amerika dünyanın demək olar ki, bir nömrəli dövləti kimi hərəkət edir və Trampın da bir çox təşəbbüsləri bir çox prosesləri tənzimləyir. Düzdür, bəzən müəyyən gərginliklər, kataklizmlər yaradır".

Müsahibimizin fikrincə, artıq dünyadakı əsas hadisələrə sanki Tramp bir ton verir, o müəyyənləşdirir. 

"Azərbaycanın da təsisçi üzv statusu ilə bu yeni yaranan qurumda olması müsbət bir hadisədir. Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir və xüsusilə də Rusiyadan və digər bölgələrdən gələn təhdidlər fonunda əslində bu, bizim statusumuzu və təhlükəsizliyimizlə müəyyən qədər qoruyan bir çətirə çevrilir. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycanın Sülh Şurasının təsisçi üzvü olması Azərbaycanın beynəlxalq mövqeyini və təhlükəsizliyini gücləndirən bir faktor kimi dəyərləndirilməlidir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью