Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün regionun lokomotiv dövləti olaraq Azərbaycanın Cənubi Qafqazda müxtəlif sahələri əhatə edən əlaqələr qurduğu ölkə Gürcüstandır.
Xüsusilə, Ermənistanla 30 ilə yaxın davam edən müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.
Əsrlər boyu Cənubi Qafqazda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi əlaqələr, təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə inkişaf etmiş münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu dostluğa köklənmişdir.
Müdrik Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var.
Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır.
Bu tarixi təcrübə bizə tərəfdaş olmağı, müstəqilliyimizi, regionda sülhü və təhlükəsizliyi qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi diktə edir.
1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri də qonşu dövlətlərlə yüksək səviyyəli əlaqələr qurmaq və Cənubi Qafqazda təhlükəsizliyi qorumaq idi.