Azərbaycan və İsrail arasında möhkəmlənən dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir

11.02.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir?”adlı məqalə jns.org -də (Why Azerbaijan is important for Israel’s security - JNS.org) yayımlanıb. Qeyd edilir ki, İsrailin nöqteyi-nəzərindən Azərbaycan başqa bir dost ölkə və ya “sadə” müttəfiq deyil. Azərbaycan Qüdsün Yaxın Şərqdəki ən mühüm müttəfiqi və ümumilikdə ikinci ən mühüm müttəfiqidir. Məqalədə qeyd olunur: “Azərbaycan və İsrail arasındakı münasibətlər ümumi sərhədi, etnik mənşəyi və ya dini olmayan, lakin qarşılıqlı hörmət və dostluq əsasında birgə fəaliyyət göstərən iki xalqın əməkdaşlığının simvoluna çevrilib. Bu ittifaq həm Azərbaycan, həm də İsrail üçün çox faydalı olub. Bu dostluq unikaldır və onu qiymətləndirməmək olmaz”. Daha sonra məqalədə İsrail Azərbaycan münasibətlərinin tarixindən söz açılıb. Bildirilib ki, Azərbaycan İsrailin təhlükəsizliyi və onun digər dövlətlərlə xarici əlaqələri üçün çox vacibdir.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir: “Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə və mədəniyyətinə dərin hörmətlə yanaşıblar. Hələ 1992-ci ildə Qarabağ münaqişəsi zamanı İsrail Azərbaycana dəstək verən ölkələr siyahısında yer alıb”.

Müşfiq Cəfərov

“Azərbaycan-İsrail dostluğu bir çox inkişaf və sınaq mərhələlərindən keçib və iki dost ölkə arasında əlaqələr davamlı olaraq inkişaf edir. Son dövrlərdə İsrail və Azərbaycan arasında münasibətlər daha da möhkəmlənib. Hazırda ticarət, sənaye, texnologiya və turizm sahələrində müxtəlif əməkdaşlıq layihələri həyata keçirilir. Azərbaycanın Avropa və Qərb ölkəkələri ilə ortaq enerji layihələrinin reallaşması və Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi Prezident İlham Əliyevin zəngin diplomatiyasının, daxili və xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyev güclü diplomat və praqmatik siyasətçi olmaqla, bərabər güclü iqtisadçıdır. Bölgənin bütün nəhəng iqtisadi və enerji layihələrinin müəllifi və təşəbbüskarı məhz cənab İlham Əliyevdir”-deyən deputat vurğulayıb ki, Qafqazda və Türk dünyasında heçbir layihə Azərbaycansız və İlham Əliyevsiz reallaşa bilməz.

Deputat qeyd edib ki, artıq Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir: “Hər iki dövlət beynəlxalq siyasətdə də bir-birlərinin mövqelərini və haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq daha da dərinləşir. İsraillə Azərbaycanın daha da yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью