Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və İsrail arasında içməli su ehtiyatlarının idarə edilməsi və alternativ su mənbələrindən istifadə sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparılır.
Newscenter.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
Onun sözlərinə görə, eyni zamanda, kənd təsərrüfatında sudan səmərəli istifadənin artırılması və müvafiq istehsal təşəbbüsləri üzrə danışıqlar davam edir.
"İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Azərbaycan və İsrail arasında işgüzar əlaqələrin və investisiyaların artırılmasına yönəlmiş effektiv biznes platforması kimi fəaliyyət göstərir", - deyə nazir qeyd edib.
M.Cabbarov vurğulayıb ki, beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm qovşaq olan Azərbaycan Orta Dəhliz daxil olmaqla, öz bağlantı imkanlarını gücləndirməkdə və bununla da qlobal tədarük zəncirlərindəki rolunu möhkəmləndirməkdə mühüm rol oynayıb: "Bu gündəmin əsas elementi Zəngəzur Dəhlizi və yaxud yoludur. Bu, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək, Orta Dəhlizi daha da təkmilləşdirmək və Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiya-Sakit okean bazarlarını birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu gücləndirmək məqsədi daşıyan multimodal bağlantı layihəsidir.
Bağlantı imkanlarına əlavə olaraq, bu regional inteqrasiyanın əsaslandığı digər iki möhkəm təməl var ki, onlardan biri maliyyə çərçivə əməkdaşlığıdır. Biz Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə bir sıra birgə investisiya fondları yaratmışıq ki, bu fondlar nəinki həmin ölkələrin rezidentləri və layihələri üçün, həm də üçüncü tərəflər - Azərbaycanda bizneslə məşğul olduqları təqdirdə İsrail mənşəli müəssisələr üçün də açıqdır".(report)