Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Gələn il iki dost ölkə – Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşlı gənclərdən ibarət milli futbol komandaları arasında Dünya çempionatına ilk 4 vəsiqənin sahibləri müəyyənləşib. Mundial “biletlərinə” Uelsdə U-19 komandalarının Avropa çempionatında daha uğurla çıxış etmiş İspaniya, Almaniya, Ukrayna və Xorvatiya kollektivləri sevinmişlər. Azərbaycan və Özbəkistanın çempionatda təşkilatçı ölkələr kimi çıxış edəcəklərini də nəzərə alsaq, qarşıdakı Dünya çempionatı iştirakçılarından artıq 6-sı məlumdur.
Beynəlxalq Futbol Federasiyasının (FIFA) saytında verilmiş məlumata görə, Azərbaycan və Özbəkistanda Dünya çempionatı sayca 25-ci olacaq və onun mükafatları uğrunda 24 komanda mübarizə aparacaq. Hələlik gələn il yarışın məhz hansı ayda keçiriləcəyi göstərilməsə də, əvvəlki illərin təcrübəsinə əsaslanaraq, çempionatın payızda təşkil ediləcəyini güman etmək olar.
Sayt həm də diqqətə çatdırıb ki, Dünya çempionatı ilk dəfə olaraq iki ölkədə keçiriləcək. Bu yaş qrupundan olan komandalar sonuncu dəfə 2025-ci ildə Çilidə görüşmüşlər. Azərbaycan və Özbəkistandan isə estafeti 2029-cu ildə Gürcüstan və Ermənistan qəbul edəcək.
FIFA 2027-ci ildə Dünya çempionatının Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcəyini elan etdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə oyunlara hazırlıq üzrə təşkilat komitəsi yaradılmışdır. Azərbaycanda bütün beynəlxalq yarışlarda şahidi olduğumuz kimi, bu dəfə də iştirakçılar, rəsmi şəxslər, azarkeşlər üçün hər cür şərait yaradılacağına əmin ola bilərik. Çox istərdik ki, komandamız da doğma meydanda oynayacağı çempionatı tam hazırlıqla qarşılayıb, qonaqlarına layiqli rəqib olsun, mümkün qədər uzağa getsin. Dünya çempionatında, xüsusən də öz ölkəndə keçirilən yarışda bu, böyük xoşbəxtlik olar.
Bəs 20 yaşlıların bu mötəbər yarışlarının yarım əsrlik tarixində Azərbaycanla bağlı hansı məqamlar var, onlar haqqında nə bilirik? Əvvəla, onu xatırlayaq ki, 1977-ci ildə Tunisdə keçirilmiş birinci turnirin hakimləri sırasında Tofiq Bəhramovdan sonra respublikamızda FIFA-nın ikinci səlahiyyətli nümayəndəsi Eldar Əzimzadə də olmuşdur. O, çempionatda təkcə Azərbaycanı deyil, bütün Sovet İttifaqını təmsil etmişdir. Mərhum hakimimiz 1998-ci ildə nəşr etdirdiyi “Məbəbbətim mənim–futbol” kitabında Tunisə səfərinə də xeyli yer ayırmışdır:
“Tunis hava limanında sovet səfirliyinin əməkdaşı və yerli hakimlər məni qarşılayıb, Aralıq dənizi sahillərindəki ən gözəl mehmanxanalardan birində yerləşdirdilər. Ertəsi gün FIFA prezidenti Joao Avelanj çempionata dəvət olunmuş bütün hakimləri təbrik edib, onları yaxşı tanıdığını bildirdi və hamımıza yaşıl meydanlarda yüksək səviyyəli, dəqiq hakimlik arzuladı. Çempionatda ilk görüşüm Mərakeş–Suriya matçı oldu. Oyunu yaxşı keçirdim. Argentina–Avstriya qarşılaşmasını da idarə etdikdən sonra məni çempionatın mərkəzi oyunlarından olan Tunis–İspaniya görüşünə təyin etdilər. Ertəsi gün mərkəzi stadionun tribunalarına çoxlu tamaşaçı toplaşmışdı. Burada elə bir canlanma, şənlik var idi ki! Gərgin oyun heç-heçə başa çatdı (1:1). Mən isə bu görüşdə beynəlxalq dərəcəli hakim normasını yerinə yetirdim. SSRİ komandasının qələbəsi ilə başa çatan çempionatdan sonra böyük bir zalda ziyafət verildi. Cənab Avelanj başda olmaqla beynəlxalq federasiyanın bir çox üzvü də burada idi. Avelanj çempionlara, gümüş və bürünc mükafatçılara, habelə bütün hakimlərə alqışlar altında çempionatın medallarını təqdim etdi. Beləliklə, Tunis torpağında keçirdiyim iki həftədən sonra təyyarəyə əyləşib, Parisə, oradan da Moskvaya uçdum. Ertəsi gün isə evə, doğma Bakıya gəldim”.
U-20-nin 1985-ci il Dünya birinciliyinin SSRİ-də keçirildiyini də qeyd etmək olar. 41 il əvvələ təsadüf etmiş həmin yarışda qruplardan birinin oyunları Bakı və Sumqayıta həvalə olunmuşdu. Onda biz öz stadionlarımızda Meksika, Çin, İngiltərə və Paraqvay komandalarının oyunlarını izləmişdik. Bu qrupda birinci yeri 6 xalla Meksika tutdu. Çempionatın qalibi isə Moskvanın “Lujniki” stadionunda Braziliya və İspaniya komandalarının final görüşündə müəyyənləşdi. Qızıl medallar 1:0 hesabı ilə qələbə qazanan dahi Pelenin həmvətənlərinə təqdim olundu...
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist