525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Arzu Bernat Elman qızı 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakalavr və magistr təhsilini Azərbaycanda alan Arzu xanım 8 ildən artıq bank sektorunda çalışıb. Hazırda Polşada yaşayan həmyerlimiz paralel olaraq həm ikinci magistr təhsilini davam etdirir, həm də bu ölkədə fəaliyyət göstərən Amerika investisiya banklarından birində çalışır.Arzu Bernat ilə söhbəti təqdim edirik.
- Sizi Polşaya, konkret olaraq Vroslav şəhərinə gətirən həyat yolunuz necə başladı?
- Müəyyən bir yaşdan sonra həyatımda hər şeydən daxili sıxıntı hiss etməyə başladım. Azərbaycanda ölkənin aparıcı banklarından birində yaxşı vəzifədə işləyirdim, gəlirim də kifayət qədər yaxşı idi. Lakin bütün bunlara baxmayaraq, məni qane etməyən nəsə var idi. Dəyişmək istəyirdim, amma haradan və necə başlayacağımı dəqiq bilmirdim.Yeni biliklər əldə etmək, fərqli mühitlərdə yaşamaq istəyim çox güclü idi. Xaricdə yaşamaq isə uşaqlıqdan ən böyük arzularımdan biri olub. Valideynlərimin maddi imkanları buna imkan vermədiyi üçün bu arzunu yalnız maddi müstəqilliyimi tam qazandıqdan - 30 yaşdan sonra reallaşdıra bildim. Doğrusu, Polşaya gələndə burada yaşamaq planım dəqiq deyildi. Sadəcə uzunmüddətli istirahətə və xaricdə yaşamaq təcrübəsinə ehtiyacım var idi. Bu səbəbdən rəfiqəmin təklifi ilə yaşadığı Vroslav şəhərinə gəlməyə qərar verdim. Turist vizası ilə Polşaya gəldim.
- Azərbaycandan uzaqda yaşamaq qərarı sizin üçün nə dərəcədə çətin oldu və bu qərarı verərkən ən çox nəyi düşünürdünüz?
- Bu qərarı verərkən artıq “həyatı yaşamalıyam və istədiklərimi etməliyəm” deyən bir Arzu var idi. Uzun müddətdir içimdə “artıq et” deyən bir səs vardı. Bu səs, əslində uşaqlıq arzumun təzahürü idi. Deyərdim ki, həyatın mənə ən çox risk etdiyim və özümə inandığım anlarda gözəlliklər bəxş etdiyini bir neçə dəfə təcrübə etmişdim. Bununla belə, etiraf etməliyəm ki, bu addım ağlasığmaz dərəcədə riskli idi. Çünki nə edəcəyimi, necə başlayacağımı özüm də tam bilmirdim. Dəqiq planım yox idi, sadəcə müəyyən müddət yaşamaq üçün topladığım bir qədər pulum vardı. Polşada daimi yaşamaq qərarımın olduğunu qəbul etdikdən sonra çətinlikləri daha dərindən hiss etməyə başladım. Ən ağır hiss isə ailəmdən və dostlarımdan uzaq qalmaq, onların dəstəyini və varlığını gündəlik həyatda hiss etməmək oldu.
- Hazırda Polşada yaşam tərzinizi necə xarakterizə edərdiniz? Artıq özünüzü bu cəmiyyətin bir hissəsi kimi hiss edirsinizmi?
- Bu gün özümü nə tam kənarda qalan, nə də tam assimilyasiya olmuş biri kimi görürəm. Daha çox öyrənən, uyğunlaşan və dəyər yaradan bir fərd kimi hiss edirəm. Bununla yanaşı, inteqrasiya prosesinin müəyyən gərginlik və çətinliklərlə müşayiət olunduğunu da açıq şəkildə hiss edirəm. Yoldaşımın polyak olması isə mənə həm də emosional bir bağ yaradır və bu bağ sayəsində özümü bu cəmiyyətə getdikcə daha yaxın hiss edirəm.
- Həyat yoldaşınızla tanışlıq hekayəniz necə oldu, bu tanışlıq hansı mərhələlərdən keçərək ailə həyatına çevrildi?
- Həyat yoldaşımla tanışlığımız Polşaya ilk dəfə turist kimi gəldiyim dövrə, Vroslavda keçirilən Halloween tədbirinə təsadüf edir. Sosial şəbəkədə fəaliyyət göstərən və fərqli millətlərdən olan insanların həftə sonları bir araya gəlib ünsiyyət qurduğu “Wroclaw Expats Group” adlı qrupu görmüşdüm. Qrupun rəhbəri türk idi, o məni həmin tədbirə dəvət etmişdi. Mən də bu dəvətə qoşuldum və həyat yoldaşımla orada tanış olduq. Bu tanışlıq olduqca çətin və çoxmərhələli bir prosesdən keçdi. Fərqli mədəniyyətlərdən gəlirdik, düşüncə tərzlərimiz müxtəlif idi, hətta ilk dövrlərdə ortaq ünsiyyət dilimiz belə yox idi. Üstəlik, həyat yoldaşım mənim yaşadığım şəhərdən təxminən 40 kilometr uzaqlıqda yaşayırdı. Buna baxmayaraq, bir-birimizi açıq və səmimi şəkildə tanımağa zaman verdik. Qarşılıqlı anlayış, səbr və bir-birimizin həyatına qatdığımız dəyərlər bu münasibəti daha da möhkəmləndirdi və nəticədə bu tanışlıq ailə həyatına çevrildi.
- Fərqli millətlərdən olan iki insanın ailə qurmasının hansı üstünlükləri və çətinlikləri var?
- Fərqli millətlərdən olan iki insanın ailə qurmasının əsas üstünlüyü insanın öz düşüncə çərçivəsindən kənara çıxmasıdır. Bu cür birlik insanı fərqli mədəniyyətlər, baxış bucaqları və həyat tərzləri ilə tanış edir, dünyaya daha geniş perspektivdən baxmağa sövq edir. Həyata daha çox sual verməyə, öyrənməyə və düşüncəni dərinləşdirməyə təşviq edir. Məncə, bu proses eyni zamanda daha rəngarəng və mənalı təcrübələr yaşamağa imkan yaradır.Digər tərəfdən, qadın dəyərinin, qadın hüquqlarının və qadının səsinin cəmiyyətdə daha güclü olduğu bir mühitdə yaşamaq da bu cür ailə modelinin müsbət tərəflərindən biridir. Çətinliklərə gəldikdə isə, xüsusilə ilkin mərhələdə dil baryeri və ünsiyyət çətinlikləri ön plana çıxır. Mədəni fərqlər gündəlik həyatda, o cümlədən mətbəx vərdişlərində belə özünü göstərir və uyğunlaşma zaman tələb edir. Lakin düşünürəm ki, qarşılıqlı anlayış və səbr bu çətinlikləri zamanla inkişaf imkanına çevirir.
- Ailəniz və yaxın çevrəniz polyakla ailə qurmağınıza necə reaksiya verdi?
- Mən ailə qurduğum dövrdə artıq qərarlarını müstəqil şəkildə verə bilən bir yaşda idim. Buna baxmayaraq, ailəmin reaksiyası mənim üçün hər zaman ən vacib məsələ olub. Açıq desəm, bəzən elə düşünürəm ki, valideynlərim və qardaşım həyat yoldaşımı məndən də çox sevirlər. Dost çevrəm də Dorianı çox tez qəbul etdi və onu səmimi şəkildə sevdilər.İlk mərhələdə bu qərar hər kəs üçün bir qədər qeyri-adi və maraqlı görünürdü. Atamın tez-tez dediyi bir fikir var: “Dorian azərbaycanlıdır, sadəcə Polşada doğulub”. Bu sözlərdə müəyyən həqiqət payı olduğunu düşünürəm, çünki həyat yoldaşımın düşüncə tərzi və dəyərləri bir çox hallarda bizim mentalitetimizə çox yaxındır.
- Mədəni fərqlər gündəlik ailə həyatınızda hansı hallarda daha çox hiss olunur?
- Mədəni fərqlər əsasən mətbəx vərdişləri, yemək zövqləri və gündəlik rutinlərin planlaşdırılması kimi sahələrdə özünü göstərir. Vaxtın planlaşdırılması və gündəlik işlərin təşkili də fərqlilik göstərə bilər.
- Ailənizdə mətbəx məsələsində daha çox hansı mədəniyyət üstünlük təşkil edir: Azərbaycan, yoxsa polyak mətbəxi?
- Ailə mətbəximizdə hansısa bir mədəniyyətin tam üstünlük təşkil etdiyini demək çətindir. Təəssüf ki, yemək hazırlamağa demək olar ki, vaxtım olmur və tez hazırlanan yeməklərlə kifayətlənirik. Bununla belə, xüsusi günlərdə və bayramlarda mütləq Azərbaycan mətbəxinə məxsus dolma bişirirəm və bu da süfrəmizin ayrılmaz hissəsinə çevrilib. Həyat yoldaşımın da ən sevdiyi yeməyin Azərbaycan üsulu ilə bişirilən düyü olması bizim evdə Azərbaycan mətbəxinin müəyyən qədər üstünlük qazanmasına səbəb olur. Ümumilikdə isə deyə bilərəm ki, mətbəximiz daha çox praktiklik üzərində qurulub — nə varsa, onu hazırlayırıq.
- Həyat yoldaşınız Azərbaycan mətbəxindən hansı yeməkləri daha çox sevir və bunun xüsusi bir səbəbi varmı?
- Həyat yoldaşım Azərbaycan mətbəxinin bir çox yeməyini çox sevir. Xüsusilə dolma, aş, ləvəngi, qutab, kabablarımız, Şəki pitisi və sac onun favoritləri arasındadır. Azərbaycana səfərimiz zamanı qardaşım onu Sumqayıtda çox məşhur olan bir dönərçiyə aparmışdı və o dad onun yaddaşında xüsusi yer tutub. Hətta bu gün də həmin dönərin dadını xatırlayır və qohumlarımıza tez-tez bundan danışır.
- Azərbaycan mətbəxini polyak dostlarınıza və ya qohumlarınıza təqdim etmisinizmi, onların reaksiyası necə olub?
- Azərbaycan mətbəxini polyak qohumlarıma bir neçə dəfə təqdim etmişəm və onlar ən çox dolmanı dadıblar. Kiçik baldızım üç bacı dolmasını çox sevir, qayınımın qızları isə yarpaq dolmasını bəyənirlər.
- Siz polyak mətbəxi haqqında nə düşünürsünüz, hansı yeməklər sizə daha yaxın gəldi?
- Polyak mətbəxində bəzi yeməklərin mənə daha yaxın gəldiyini hiss etmişəm. Xüsusilə rosoł şorbasını, müxtəlif içliklərlə hazırlanan pierogiləri və çörək içində təqdim olunan şorbaları bəyənirəm. Həmçinin Zakopane və digər dağ bölgələrinə xas olan hisə verilmiş pendirlərin dadı mənə çox xoş gəlir.
- Azərbaycan və polyak mətbəxlərini müqayisə etsəniz, sizcə əsas oxşar və fərqli cəhətlər nələrdir?
- Düşünürəm ki, Azərbaycan mətbəxi müqayisəolunmaz dərəcədə zəngindir. Məncə, bizim yeməklərimiz inanılmaz dərəcədə ləzzətlidir. Fərqli cəhət isə odur ki, Polşa mətbəxində donuz ətindən çox istifadə olunur, mən isə onu yeməməyə üstünlük verirəm. Azərbaycan yeməklərində isə mal və qoyun ətlərindən daha çox istifadə olunur.
- Polşada bank sektorunda çalışmaq üçün hansı mərhələlərdən keçdiniz və bu sahəyə uyğunlaşma prosesiniz necə oldu?
- Polşada bank sektorunda çalışmağa gedən yolum bir neçə mərhələdən ibarət olub. Yoldaşımla tanışlıqdan sonra bu ölkənin mənim üçün həm yaşamaq, həm də inkişaf etmək baxımından uyğun olduğuna qərar verdim və viza statusumu D-tələbə vizasına dəyişərək Polşaya qayıtdım. Dərslərim həftəsonu olduğundan iş axtarmağı planlaşdırırdım, lakin haradan başlamaq lazım olduğunu tam bilmirdim. Məhz həmin dövrdə diasporun “Polşada yaşayan azərbaycanlılar” qrupunda maliyyə, Excel və CV hazırlığı üzrə təlimləri əhatə edən bir scholarship proqramına rast gəldim və müraciət edərək qəbul aldım.Təlimdən sonra öz şəhərimizdə işlərə müraciət etməyə başladım. İlk müsahibəm vasitəçi şirkət vasitəsilə elə hazırda çalışdığım şirkət üçün oldu, lakin uğurlu alınmadı. Təxminən yarım ay sonra şirkət özü mənimlə əlaqə saxlayaraq, digər vəzifələrə müraciət etməyimə baxmayaraq, məni Senior vəzifəsi üçün müsahibəyə dəvət etdi. Azərbaycanda kommersiya banklarında iş təcrübəm olsa da, investisiya bankçılığı sahəsinə dair biliklərim demək olar ki, yox idi. Buna baxmayaraq, müsahibə uğurlu keçdi və mən işə qəbul olundum.Uyğunlaşma mərhələsi isə asan olmadı. İlk vaxtlar həm iş prosesləri, həm də mədəniyyət fərqləri mənim üçün çətinlik yaradırdı. Bəzi hallarda öyrənmə prosesində dəstək görmədiyim anlar olurdu. Lakin zaman keçdikcə həm iş mühitini, həm də sistemin özünü daha yaxşı anlamağa başladım və hər şey tədricən öz axarına düşdü.
- Polşa bank sistemi ilə Azərbaycan bank sistemi arasında hansı əsas fərqləri görürsünüz?
- Mənim hazırda çalışdığım sahə investisiya bankçılığıdır və bu sahə Azərbaycanda yoxdur.
- Xarici ölkədə bank sektorunda işləmək qadın kimi sizə hansı əlavə məsuliyyətlər və ya üstünlüklər qazandırdı?
- Xarici ölkədə bank sektorunda işləmək qadın kimi mənə həm çətinliklər, həm də böyük üstünlüklər gətirdi. Mənim üçün ən çətin tərəf demək olar ki, hər gün üç dildə ünsiyyət qurmaq oldu - işdə ingiliscə, evdə polyakca, valideynlərimlə isə öz dilimizdə. İşdə isə yalnız danışmaq kifayət deyil, peşəkar terminləri də bilmək tələb olunur. Bu hər gün etdiyim proses məni həm peşəkar, həm də şəxsi baxımdan gücləndirdi. Düşünürəm ki, iş təcrübəm və bacarıqlarım sayəsində artıq daha yaxşı mütəxəssisəm və Avropa bazarında karyera imkanlarım artır. İngilis və polyak dillərində inkişaf etməyim gələcəkdə mənə əlavə üstünlüklər qazandıracaq. Xaricdə işləmək mənə göstərdi ki, bu sahədə uğur qazanmaq üçün hər gün öyrənmək, məsuliyyət daşımaq və daim özünü inkişaf etdirmək çox vacibdir.
- Polşada sizə səhvən onkoloji diaqnoz qoyulması hadisəsi necə baş verdi və bu xəbər sizə psixoloji olaraq necə təsir etdi?
- Bəli, təəssüf ki, Polşada mənə səhvən onkoloji diaqnoz qoyulması kimi çox ağır bir təcrübə yaşadım. Səhiyyə sistemi burada mənim üçün hələ də mürəkkəbdir və proseslər çox uzun çəkir. Kiçik bir narahatlıq səbəbilə həkimə müraciət etmişdim, analizlər verdim və təxminən bir ay sonra xəstəxanadan mənə zəng edərək nəticələrin mənfi olduğunu, təcili addımlar atmalı olduğumu bildirdilər. Həmin vaxt valideynlərim də Polşada idi və biz qısa bir istirahətdə idik. Bu xəbər bizi tamamilə sarsıtdı və dərhal geri qayıtmalı olduq. Həkimə qeydiyyat və əlavə müayinələr çox uzun çəkdiyi üçün proses ümumilikdə təxminən üç ay davam etdi. Bu müddət ərzində həm mən, həm də həyat yoldaşım ciddi stress yaşadıq. Yuxusuzluq, narahatlıq və qeyri-müəyyənlik bizi psixoloji olaraq çox yordu.Üç ayın sonunda məlum oldu ki, diaqnoz səhvdir və mən tam sağlamam. Daha sonra həyat yoldaşımın yaxın çevrəsindən oxşar halların çox yaşandığını eşitdim. Hətta tanışlarından birinin bacısını əməliyyat günü əməliyyat otağından geri qaytarmışdılar. Bu cür səhvlərin yayğın olması məni çox təəccübləndirdi və təəssüfləndirdi. Bu hadisədən sonra səhiyyə sisteminə güvənim xeyli azaldı.
- Polşa qanunvericiliyində səhv tibbi diaqnoz halları ilə bağlı hansı hüquqi mexanizmlər mövcuddurmu? Belə hallarda xəstəyə kompensasiya ödənilməsi məsələsi necə tənzimlənir və siz bu prosesdə hüquqlarınızı necə müdafiə etdiniz?
- Təəssüf ki, bu hadisə ilə bağlı heç bir hüquqi addım atmadıq. Üç ay davam edən gərgin gözləmədən sonra aldığımız xoş xəbər bizim üçün hər şeydən daha önəmli idi. Həyat yoldaşım ilkin nəticənin başqa bir pasiyentə aid ola biləcəyi ehtimalından çox narahat idi. Lakin ümumilikdə belə hallarda hüquqi proseslərin uzunmüddətli və maddi baxımdan da əlavə vəkil xərcləri tələb etdiyini bildiyimiz üçün məhkəmə və ya rəsmi şikayət yoluna müraciət etməməyi daha doğru hesab etdik.
Günel Balakişi