Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan lideri İlham Əliyevin Qazaxıstanın nüfuzlu "Kazinform" agentliyinə müsahibəsi bir tərəfdən iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirir, digər tərəfdən isə müasir dövrdə Türk dünyasının birliyinə, regional əməkdaşlığa və sülhə yönəlmiş aydın siyasi baxışın ifadəsidir.
Ölkə başçımızın səsləndirdiyi fikirlər təkcə iki qardaş ölkə arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərmir, eyni zamanda Türk dövlətləri arasında yaranan etimad, həmrəylik və ortaq gələcək vizionunun canlı təzahürünə çevrilir.
Prezidentin qardaş Qazaxıstana ünvanladığı səmimi mesajlar, regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı açıqlamaları bir daha təsdiqləyir ki, Azərbaycan bu gün sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin etibarlı dayağı kimi çıxış edir.
İki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi illər ərzində formalaşmış qarşılıqlı anlayışın, liderlər arasında səmimi dostluğun və ortaq strateji məqsədlərin nəticəsidir.
Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər.
Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər.
Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür.