525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarşıdakı illərdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əlaqələrinin daha da genişləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə 525.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, bu çərçivədə ilk növbədə, işgüzar dairələr arasında davamlı dialoqun təmin edilməsi və konkret layihələr üzrə tərəfdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Danışıqların daha praktik müstəviyə keçməsi və konkret nəticələr verməsi üçün qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin icrasına xüsusi önəm veriləcək.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Ciddə və ya Ər-Riyad şəhərində Azərbaycan Ticarət Evi açılması planlaşdırılır.
Bu təşəbbüs Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, Səudiyyə Ərəbistanı investorlarının Azərbaycana dəvət olunması, Bakıda keçirilən işgüzar görüşlər və investisiya təqdimatları vasitəsilə onların maraqlarının stimullaşdırılması istiqamətində işlər aparılır.