Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyevin Türk dünyasına baxış fundamentallığı
Türk Dövlətləri Təşkilatı (TDT) dünyada xoasun və nizamsızlığın hökm sürdüyü bir şəraitdə beynəlxalq aləmə səmimi ədalət çağırışı səsləndirən, öz amalları yolunda inamla addımlayan mütəhərrik qurumdur. Azərbaycan bu mütəhərrik mexanizmin katalizatorudur. Çünki Prezident İlham Əliyevin şəxsində ölkəmizin yanaşması fundamentaldır və özündə bəşəri ədalət naminə əməli fəaliyyət missiyasını daşıyır. Əməli fəaliyyətin rəhni təhlükəsizlikdir. Təhlükəsizlik isə strateji xəttin qoruyucu çətiri, inkişaf üçün müstəsna qarantdır.
Diqqətə çatdırdığımız məqamlar Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlərdən gəldiyimiz ümumi qənaətdir.
Türk dünyası ailəmizdirsə...
Əvvəlcə Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilmiş Andiçmə mərasimində səsləndirdiyi fikirlərə diqqət yetirək: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Nəzərə alaq ki, ailə üçün təhlükəsizlik mühüm amildir. Deməli, Prezident İlham Əliyevin Andiçmə mərasimindəki çıxışında TDT ilə bağlı digər fikirlərində məhz təhlükəsizlik üzərində dayanması, arqumentlər gətirməsi heç də təsadüfi deyil, ölkəmizin liderinin quruma münasibətdəki fundamentallıqdan qaynaqlanır. Fundamental yanaşma isə strateji baxışa əsaslanır. O baxışa ki, orada mövcud dünya düzəninə müfəssəl qiymət var. Qiymət dövlətimizin başçısının bu fikirlərindədir: “Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox.
Bəli, Azərbaycan TDT-nin qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi naminə böyük səylər göstərir və ölkəmiz adına vüsət almış bu dönməz prosesin memarı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının quruma üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər də mövcud sahədəki ardıcıllığın və davamlılıq əzminin növbəti bariz göstəricisidir.
Azərbaycanın TDT öncüllüyü
Ölkəmizin lideri Azərbaycanın öncüllüyünü vurğulayır. Öncüllük ampluasında qlobal miqyasda ədalət çağırışı olduğu kimi, ədalətsizliklərdən sığorta immuniteti də var. Prezident İlham Əliyevin irəli sürdüyü tezislər məhz belə bir immuniteti formalaşdırır. Nəzərə alaq ki, immunitet strateji hədəfə dayanıqlı təbiət qazandırır, böyük amal naminə ideoloji kasuz müəyyənləşdirir. Söhbət TDT-nin aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsi məqsədindən gedir – müqəddəs amala çevrilmiş məqsəddən.
Dövlətimizin başçısının da vurğuladığı kimi, 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra, təxminən, iyirmi illik fəaliyyəti ərzində TDT ölkələri arasında əlaqələrin inkişafı, mühüm məsələlərin həlli və beynəlxalq arenada öz mövqeyinin möhkəmləndirilməsi üçün potensialından maksimum istifadə edir: “Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil”.
Ümumən, Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirləri bu platformanın konseptuallıq fazasını müəyyənləşdirən məqamların təhlili, həmçinin, təşkilatın yüksək potensialının əsaslandırılmış ifadəsidir. Məsələn, dövlətimizin başçısı TDT-dəki ölkələrin qurumdan xaric də yüksək əməkdaşlıq əlaqələri qurduqlarını, həmin ölkələrin, kifayət qədər, böyük arealda yerləşmələrinin verdiyi təbii üstünlükləri, iqtisadi və demoqrafik artımı, həmçinin inkişaf göstəricilərini sadalayır, eyni zamanda, etnik köklərə bağlılığın həllediciliyini vurğulayır, ən başlıcası isə Andiçmə mərasimdə səsləndirdiyi və əvvəldə diqqətə çatdırdığımız məqamın üzərinə gəlir.
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikrini təkrarlayan Prezident İlham Əliyev TDT üçün müştərək xarici siyasət prioritetini qabardır. Müştərək xarici siyasət ona görə prioritetdir ki, barəsində söz açdığımız xaotik dünya düzənindən effektiv sığorta mühiti formalaşsın, sabitlik, sülh və təhlükəsizlik qorunsun: “Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək”.
Möhkəm təməl və konseptuallıq
Prezident İlham Əliyev TDT-nin dövlət təhlükəsizliyinə cavabdeh qurumlarının fəaliyyətlərinin əlaqələndirilməsinin, operativ məlumat mübadiləsinin, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizənin, onların qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsinin həyati əhəmiyyət daşıdığını bildirir. Dövlətimizin başçısı bu fikirləri ilə Bakıdakı tədbir (sentyabrın 17-də keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı nəzərdə tutulur – red.) çərçivəsində müzakirə olunan geniş spektrli məsələlər üçün, bir növ, yol xəritəsi müəyyənləşdirir. O məsələlər ki, TDT-yə üzv ölkələrin dövlət başçılarının da ciddi nəzarətindədir və ölkəmiz lideri çıxışında bunu da diqqətə çatdırıb.
Əlbəttə, TDT-nin hazırkı inkişaf dinamikası, eyni zamanda, quruma üzv ölkələrin dövlət başçılarının iradəsinin nəticəsidir və bu iradə gələcək üçün bazaya çevrilməkdədir. Elə bir bazaya ki, ayrı-ayrı hakimiyyətlərin tutduqları mövqelərin fövqündə dayansın. Konseptuallıq da elə budur və tam əminliklə deyə bilərik ki, 2009-cu ildə Naxçıvanda qoyulmuş təməl möhkəmdir. Amma dəyişən dünyanın reallıqlarına adekvat fəaliyyət göstərmək üçün oturuşmuş xassəyə malik bazanı daha da gücləndirməyə ehtiyac var. Prezident İlham Əliyev də məhz bu məqamın üzərində dayanır və TDT-nin Zirvə görüşlərinin müntəzəm xarakter daşıması ilə kifayətlənilməməsinin çağırışını səsləndirir: “Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi”.
Dəyişən dünya: primitivlik və sistemli təhdidlər
Bəs dəyişən dünyanın reallıqları nədən və ya nələrdən ibarətdir? Belə bir şəraitdə təhlükəsizliyə təhdidlərin məzmunu genişlənməkdə, miqyası dərinləşməkdə, üstəlik, təhdid alətlərinin sayı da artmaqdadır. Yəni TDT-yə üzv ölkələrin təhlükəsizlik qurumları bütün bunları nəzərə almalıdırlar və onların birgə fəaliyyət konsepsiyalarının məğzində məhz bu məqam dayanmalıdır. Baxmayaraq ki, Prezident İlham Əliyevin təbirincə desək, müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Necə qalır, - suala cavab dövlətimizin başçısındadır: “Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir”.
Ancaq müstəqil dövlətlərin təhlükəsizliyinə təzyiq məqsədini reallaşdırmağa yönələn primitiv texnoloji metodlarla bərabər, sistemli təhdid alətləri də dövriyyədədir. Ona görə dövlətimizin başçısının həmin alətləri sadalayaraq, müxtəlif dairələrin media strukturları vasitəsilə həyata keçirdikləri təxribatları, bu təxribatların reallaşdırılması üçün aparılan maliyyələşdirmələri vurğulaması, habelə, belə halların ölkələrin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəldiyini diqqətə çatdırması çox önəmlidir.
Gələcək ədalətin ixracı naminə həmrəylikdədir
Sonda TDT-nin dünyaya ədalət formulu üzərinə qayıdaq. Yazımızda Prezident İlham Əliyevin fikirləri kontekstində bu formulun müxtəlif tərəflərindən söz açdıq. Amma nəzərə alaq ki, ədalətli düzən təktərəfli istək ola bilməz. Axı lokal məkanda qərarlaşmış ədalət, o cümlədən sülh və əmin-amanlıq mühiti heç nəyi həll etmir. Yəni, əgər dünyada xaotik durum varsa, onun zərərlərindən sadəcə kənar dayanmaqla sığortalanmaq yetərsiz, hətta bəzən mümkünsüzdür. Dövlətimizin başçısı özünün usta idarəçi fəhmi və liderliyi ilə mövcud məqamın fərqindədir və ona görə də Türk dünyası ailəsinin xarici təhdidlərdən müdafiəsi ilə yanaşı, hücum taktikasını rəhbər tutur. Mövcud anlamda ölkəmizin liderinin TDT ölkələrinin keçmişin çətinliklərini geridə qoymalarını bildirməsi mühüm xatırlatma və mesajdır. Dayanmamaq, yetinməmək və kifayətlənməmək mesajı.
TDT-nin dünyada rolunun gücləndirilməsi müstəsna vəzifədir. Dövlətimizin başçısı qurumu aparıcı beynəlxalq təşkilatlardan birinə çevirmək hədəfini də məhz buna görə müəyyənləşdirir, ən əsası qarşıya qoyulan məqsədləri yerinə yetirmək naminə bütün imkanların mövcud olduğuna dərin inam və əminlik aşılayır.
Ə.CAHANGİROĞLU
XQ