Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb.
O, Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən nazir hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini, qardaş ölkənin hərbi sənayesinin günü-gündən inkişaf etməsinin qürurverici məqam olduğunu bildirib.
Səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Z.C.Kadıoğlu ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Son zamanlar dünyada baş verən münaqişələrin, müasir döyüş üsullarının birgə təhlil olunması və öyrənilməsinin zəruriliyinin xüsusi vurğulandığı görüşdə, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.