Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
İclasda dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin yaradılması, regional turizm və mədəni irsin idarəçiliyi üzrə əməkdaşlıq, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsi üçün 2025-ci il üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə baş tutan iclasda turizm sənayesi üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri də iştirak edib.
Görüş zamanı 2024-cü il üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş tədbirlər qiymətləndirilib və 2025-ci il üçün yeni Birgə Fəaliyyət Planı müzakirə olunub.
2025-ci il üzrə Birgə Fəaliyyət Planına BMT Turizm, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq mövzuları daxil edilib.
Həmçinin Azərbaycanın BMT Turizmin “Ən yaxşı turizm kəndi” nominasiyasına müraciəti üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, iclas çərçivəsində regional turizmin inkişafı, Türkiyənin Rize və Trabzon bölgələrində aqroturizmin inkişafı təcrübəsi, “Turistik kənd” layihəsi üzrə İzmirin Birgi və Şirince kəndlərinin təcrübəsinin öyrənilməsi, Lənkəran Regional Turizm İdarəsi ilə Rize və Trabzon əyalətlərinin müvafiq qurumları arasında tərəfdaşlıq əlaqələrinin yaradılması müzakirə edilib.